Torpağa düşən tər xeyir-bərəkət gətirər
Region

Torpağa düşən tər xeyir-bərəkət gətirər

Ölkəmizin Mərkəzi Aran hissəsində ən münbit, bərəkətli torpaqlardan Saatlı rayonunun qismətinə də pay düşüb. Əslində torpağın münbitliyi əsas şərt deyil. Əsas şərt bu torpağın qədrini bilən, necə deyərlər, onun nazı ilə oynamağı, əkib-becərməyi bacaran, bu işə könül verən insanlardır. Uzun illər boyu Saatlı rayonunun iqtisadiyyatına, əhalisinə bələd olan adam kimi deyə bilərəm ki, bu bölgənin sakinləri sözün əsl mənasında torpağa bağlı insanlardır. Son dərəcə zəngin diyar olan ölkəmizdə hər bölgənin özünəməxsus məşğuliyyət sahələri var. Saatlıda əhalinin əsas işi-gücü əkinçilik, maldarlıq, torpaq işidir. Bu rayonda ən böyük qayğı pambıqda çıxışın alınması, taxılda vegetasiya dövrünün vaxtında əmələ gəlməsi, suvarma üçün Arazdan götürülən suyun bolluğu, yaxud qıtlığı və bu sayaq işlərdir.

Çox uzaq keçmiş deyil. Bir neçə il bundan əvvəl kəndin əsas strateji məhsulu olan pambıqçılıq demək olar ki, gözdən düşdü. İllər boyu əhaliyə çörək-ruzi qismət edən “ağ qızıl”a maraq azaldı. Və illər boyu bu sahədə zəngin təcrübə qazanan insanların ad-sanı unuduldu, son dərəcə xeyirli əkinçilik növü arxa plana keçdi. Belə bir vaxtın özündə də Saatlı fermerləri dədə-baba peşəsindən əl çəkmədilər. Düzdür, çətinliklər saysız-hesabsız idi; təchizat, texnika yararsız hala düşmüşdü, dərman preparatları tapılmırdı, ən əsası istehsal olunan mahlıcı realizə etmək müşkülə çevrilmişdi.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının təşəbbüskarı və yaradıcısı olan dövlət başçımız cənab İlham Əliyev aqrar sahədə iqtisadiyyatın aparıcı sahələrindən biri kimi pambıqçılığın inkişafını prioritet adlandırdı. “Ağ qızıl”ın taleyinə gün doğdu. Ölkə Prezidentinin müxtəlif rayonlarda pambıqçılarla keçirdiyi görüşlər, onun məsləhətləri, sərəncam və göstərişləri ilə sahənin inkişafına dövlət dəstəyi pambıqçılığın yenə də strateji məhsul olduğunu günün reallığına çevirdi. Əksər rayonlar bu işə sıfır nöqtədən başlamalı olduqları halda, saatlılılar dayanıb-durmayan “ağ qızıl” əkinini daha şövqlə davam etdirdilər. Son 4-5 ildə pambıqçılıqda əldə olunan göstəriciləri əks etdirən cədvəllərdə Saatlı rayonu birinci yeri götürür.

Bu xatırlama təsadüfi deyil. Saatlı rayonunun fermerləri hər il olduğu kimi, cari ildə də torpağa alın təri axıdıb bol məhsul istehsal etmiş və etməkdədirlər. Özü də təkcə pambıqçılıqda deyil, müxtəlif sahələrdə... Tarlalarda bol taxıl yetişdirilmişdir. 29. 400 hektarda payızlıq əkin üçün şum vurulmuş, 6635 hektarda arpa, 14. 190 hektarda buğda olmaqla 20. 825 hektarda payızlıq taxıl əkini aparılmışdır. Artıq bir neçə gündür ki, sahələrdə taxıl biçininə start verilmişdir. Qısa müddət ərzində 3883 hektar arpa sahəsi biçilmiş, məhsuldarlıq hər hektardan 36, 1 sentner olmuşdur. Saatlı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Ağa Əsədovdan aldığımız məlumata əsasən, taxıl biçinini tez və itkisiz başa çatdırmaq üçün bütün imkanlar var. Belə ki, biçinə 55 taxılbiçən kombayn cəlb olunmuş, buğda biçininə əlavə 4-5 kombaynın gətirilməsi nəzərdə tutulmuşdur.

Pambıq əkini əvvəlki illərdə olduğu kimi yenə əsas məhsul istehsalı sahəsi hesab olunur. Rayonda pambıqçılıqla 4 şirkət məşğul olur. Şirkətlər 3091 istehsalçı fermerlə müqavilə bağlamışlar. Nəzərdə tutulan 13. 950 hektar sahəyə qarşı 14. 295 hektar sahədə pambıq əkilmişdir. Sahələrdən tam çıxış alınmış və fermerlər 2-ci becərmə işlərinə start vermişlər. 3 nəfər fermer 19, 19 hektar sahədə şəkər çuğunduru əkmək üçün müqavilə bağlamış, taxıl biçinindən sonra 1300 hektar sahədə qarğıdalı plantasiyası salmaq nəzərdə tutulmuşdur.

Saatlı fermerləri ölkəni keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək barədə irəli sürülən çağırışlara əməli işlə cavab verirlər. Rayonda istər mal-qaranın, istər davarların baş sayı ildən-ilə artır. Rayon üzrə ümumilikdə 67. 765 baş iribuynuzlu, 115. 608 baş xırdabuynuzlu heyvan, 1732 arı ailəsi, 378. 253 baş quş saxlanılır. Heyvandarlıqda baytarlıq təbabətinin imkanlarından geniş istifadə olunur. Cari ilin birinci rübündə süni mayalanma yolu ilə 1225 baş cins buzov alınmışdır. 1720 baş heyvan süni yolla mayalanmışdır. Barama istehsalında da uğurlu göstəricilər var. Bu il 130 kümçüyə 130 qutu barama təhvil verilmiş, 3 tondan artıq məhsul tədarük edilmiş və bu iş davam etdirilir.

Sadalanan rəqəmlər Saatlı fermerlərinin gərgin zəhməti sayəsində əldə olunmuş, torpağa axıdılan alın təri xeyir- bərəkət gətirmiş, var-dövlətə çevrilmişdir. Hər rəqəmin arxasında narahat günlər, qarşıya çıxan problemlərin həlli istiqamətində atılan addımlar, görülən işlər dayanır. Belə problemlərdən biri Saatlı rayonu ərazisinə daxil olan suvarma suyunun normadan az olmasıdır. Lakin saatlılılar bu problemin də yaxın vaxtlarda aradan qaldırılacağına əmindirlər. 44 günlük müharibə zamanı işğaldan azad etdiyimiz torpaqlarımızda Suqovuşan kimi iri su dəryaçalarımız mövcuddur. Bundan əlavə, Xudafərin Su Anbarından istifadə imkanları işə düşdükdən sonra Arazda su bolluğu yaranacaq ki, bu da bir çox problemin müsbət həlli deməkdir.

T.HÜSEYN,

“Respublika”.