“Azerçay” ölkədə çayçılıq sahəsinin inkişafına dəstək verir
Digər xəbərlər

 “Azerçay” ölkədə çayçılıq sahəsinin inkişafına dəstək verir

“Azerçay”da bu il yetişdirilən məhsulun birinci yığımına başlanılıb.  Çay yığımı Masallıda, dəniz səviyyəsindən 800 metr yüksəklikdə 100 hektarlıq ərazini əhatə edən və müasir suvarma avadanlıqları ilə təchiz edilmiş çay plantasiyasında aparılır. Mütəxəssislər tərəfindən mövsüm ərzində keyfiyyətli məhsul toplanması üçün bütün lazımi aqrotexniki qulluq göstərilib.

Çayçılığın inkişaf etdirilməsi həm də regionlarda kənd təsərrüfatının inkişafına, torpaq sahələrinin yenidən istifadəsinə, insanları yenidən bu sahəyə cəlb edərək maddi imkanlarının yaxşılaşdırılmasına və minlərlə iş yerlərinin açılmasına şərait yaradıb. Ölkə başçısı tərəfindən imzalanmış “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramına uyğun olaraq “Azərsun Holding” bölgələrdə yeni çay sahələri salıb, müasir suvarmalarla təmin edib.

Bundan əlavə,  Lənkəran və Astarada fabriklərin fəaliyyət göstərməsini təmin edən Şirkətlər Qrupu, “Azerçay” markası üçün çay əkinçiliyi ilə məşğul olan fermerlərdən çayı yüksək qiymətə satın alaraq onların fəaliyyətinə öz dəstəyini verir. Ümumilikdə, 4 min insanın məşğulluğunun təmin edilməsi ilə yetişdirilən çay bitkisi fabriklər tərəfindən təhvil alınır ki, nəticədə insanların sosial-rifah halının yüksəldilməsinə mühüm dəstək verilir.

Ən seçilmiş keyfiyyətli çay yarpaqlarını emal edərək yerli bazarla yanaşı,  ölkəmizi  dünya bazarına da təqdim edən “Azerçay” Azərbaycan çayının şöhrətini bütün dünyaya yayır. Çay markası "Made in Azerbaijan" yazısını üzərində daşıyan çay məhsullarını beynəlxalq sərgilərdə nümayiş etdirir və Azərbaycanın çayını  dünyada tanıdır.

Mehparə ƏLİYEVA,

“Respublika”.