Tərtər: Adları əbədiləşdirilənlər
Region

Tərtər: Adları əbədiləşdirilənlər

Tərtər rayonunun Seydimli kəndində şəhid Abbasov Aysənan Əsgər oğlunun adına tikilmiş xatirə abidəsinin açılışı olub.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri,  ictimaiyyət və KİV nümayəndələri iştirak edirdilər.

Əvvəlcə tədbir iştirakçıları kənddə Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə gül-çiçək dəstələri qoydular, Vətən uğrunda şəhid olan oğulların xatirəsini ehtiramla yad etdilər.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Vətən müharibəsindən, Azərbaycan Ordusunun qəhrəmanlığından, qazandığı şanlı Qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan söhbət açdı.

Milli Məclisin deputatı Sahib Alıyev çıxış edərək Ali Baş Komandan, möhtərəm Prezidentimiz İlham Əliyevin “Dəmir Yumruğ”u ətrafında xalqımızın  sıx birləşdiyini, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunduğunu, şəhidlərin qanının yerdə qoyulmadığını vurğuladı, 44 günlük Vətən müharibəsində qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətindən danışdı.

Tədbirdən sonra rayon rəhbəri Milli Məclisin deputatı Sahib Alıyevlə birgə şəhidin boya-başa çatdığı ata evini ziyarət etdilər, ailə üzvləri ilə görüşərək qayğıları ilə maraqlandılar.

Şəhid atası Əsgər Abbasov bildirdi ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri olan Abbasov Aysənan 29 iyun 1992-ci ildə Tərtər rayonunun Seydimli kəndində dünyaya göz açıb. 2010-cu ildə Şəhid Fəxrəddin Orucov adına Seydimli kənd tam orta məktəbini bitirmişdir. Aysənan uşaqlıqdan hərbçi olmaq, Vətənin müdafiəsində birbaşa iştirak etmək arzusunda olubdur. 2011-ci ildə hərbi xidmətə getmiş, 2012-ci ildə təxris olmuşdur. Aysənan torpaqlarımızın işğal altında qalması ilə heç cür barışa bilmirdi. Bu səbəblə 2012-ci ildə MAHHXQ olaraq hərbi xidmətini davam etdirib. O, istər həqiqi, istərsə də müddətdən artıq hərbi xidməti dövründə dəfələrlə komandanlıq tərəfindən tərifnamələrə və digər təltiflərə layiq görülmüşdür. Aysənan kəşfiyyatçı kimi 2016-cı ilin aprel döyüşlərində də ona verilmiş bütün tapşırıqları ləyaqətlə yerinə yetiribdir. Vətən Müharibəsi başlayanda igid əsgər kəşfiyyatçı-istehkamçı kimi xidmət edirdi. O, dəfələrlə düşmən ordusunun arxasına keçərək olduqca vacib məlumatlar əldə etmişdir. Şəhid atası qeyd edir ki, döyüş yoldaşları onun heç nədən qorxmadığını söyləyirlər. Aysənan 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində iştirak edib və sentyabrın 29-da Murovdağ istiqamətində gedən şiddətli döyüşlərin birində erməni terrorçusu ilə səngərdə əlbəyaxa döyüş zamanı mənfur düşmənin arxadan snayperdən atdığı gülləyə tuş gəlmiş, ən yüksək zirvəyə -- Şəhidlik zirvəsinə ucalmışdır.  Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən Uğrunda”, “Suqovuşanın azad olunması uğrunda” və “Cəsur döyüşçü” medallarına layiq görülmüşdür.  

Aysənan Abbasov 2015-ci ildə ailə qurmuşdu. Onun 2 övladı -- 5 yaşlı qızı Banu və 3 yaşlı oğlu Timur bizlərə əmanət qalmışdır. Şəhid atası Əsgər Abbasov torpaqlarımızın işğaldan azad olunmasında oğlu Aysənanın da payının olmasını qürur hissilə dilə gətirdi.

Şəhidin ailəsi şəhid, qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.

Vəli VƏLİYEV,

“Respublika”.