Gəncə: Universitet ilə  Dövlət Agentliyi arasında Memorandum imzalanıb
Elm və təhsil

Gəncə: Universitet ilə  Dövlət Agentliyi arasında Memorandum imzalanıb

Gəncə Dövlət Universitetində keçirilən görüşdə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov, Asiya İnkişaf Bankının missiya rəhbəri Kəndis Makdeyqan və Universitetin rektoru, professor Yusif Yusibov iştirak etmişdir. Görüşdə Ceyhun Salmanov Agentliyin fəaliyyəti, regionlarda innovasiya və startap ekosisteminin yaradılması və inkişafı istiqamətində görülən işlər barədə məlumat vermiş və adıçəkilən fəaliyyətlərdə müxtəlif dövlət qurumlarının, şirkətlərin və universitetlərin səylərini birləşdirilməsinin vacibliyini vurğulamışdır.Bildirmişdir ki, layihənin məqsədi regionlarda startapların inkişafını təmin edəcək ekosistemin formalaşmasını dəstəkləmək, regional potensialı artırmaq istiqamətində əlverişli şəraiti gücləndirməkdir. Tədbir çərçivəsində Gəncə Dövlət Universitetinin innovasiya ekosistemi ilə tanışlıq da həyata keçirilmişdir. Daha sonra Gəncə Şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə həyata keçirdiyi “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsinin açılışı olmuşdur. Tədbirdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Gəncə Dövlət Universiteti arasında “Yerli Texnoloji Startapların İnkişafının Təşviqi” layihəsi çərçivəsində əməkdaşlıq haqqında Memorandum imzalanmışdır.İmzalamış Memorandumda Gəncə Dövlət Universitetinin bu istiqamətdə “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi ilə də əməkdaşlığa başlaması nəzərdə tutulmuşdur.

Zabit XƏLİLOV,

“Respublika”.