Azərbaycan ilə Monqolustan arasında çoxtərəfli formatlarda əməkdaşlıq uğurla həyata keçirilir
SİYASƏT

Azərbaycan ilə Monqolustan arasında çoxtərəfli formatlarda əməkdaşlıq uğurla həyata keçirilir

İyunun 14-də xarici işlər naziri Ceyhun Bayramov Molqolustanın Azərbaycan Respublikasında akkreditə olunmuş qeyri-rezident səfiri Bold Ravdanı qəbul edib.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, Ceyhun Bayramov səfir Bold Ravdanı salamlayaraq, ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlığın uğurla həyata keçirildiyini qeyd edib.

Nazir qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, onun nəticələri, post münaqişə mərhələsi, o cümlədən azad edilmiş ərazilərdə mövcud olan vəziyyət, mina təhlükəsi, minaların təmizlənməsi, bərpa və quruculuq işlər barədə ətraflı məlumat verib.  Ağdam şəhərinə etdiyi səfəri çərçivəsində səfirin buradakı vəziyyət və aparılan quruculuq işləri ilə yaxından tanış olmaq imkanının olduğu bildirilib.

Səfir Bold Ravdan Monqolustan xarici işlər naziri Battsetseg Batmunhinin həmkarı Ceyhun Bayramova səmimi salamlarını çatdırıb. Səfir Azərbaycanı öz ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbrik edib. O, Azərbaycanın azad olunmuş Ağdam şəhərinə təşkil olunmuş səfərin bu ərazilərdəki vəziyyətlə tanış olmaq baxımından olduqca faydalı olduğunu vurğulayıb.

Görüş zamanı səfir, Azərbaycanın xarici işlər nazirini Monqolustana səfərə dəvət edib.

Tərəflər, həmçinin Xarici İşlər nazirlikləri arasında məsləhətləşmələrin davam etdirilməsi, müqavilə-hüquq bazasının möhkəmləndirilməsi, habelə iqtisadi-ticarət əlaqələri, turizm sahəsində əməkdaşlıq və digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

AZƏRTAC