Ehtiramla xatırlananlar
Sosial həyat

Ehtiramla xatırlananlar

Bu gün Azərbaycanımızın bütün şəhər və rayonları kimi, Beyləqan rayonunda da şəhidlərimizin, 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçənlər, onların ailələri daim yad olunur.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərdən biri, Rəhimli Xəyal Rahil oğlunun doğum günündə xatirəsi məzarı başında ehtiramla anıldı. Mərasimdə şəhidin yaxınları ilə yanaşı, rayon icra hakimiyyəti aparatının məsul əməkdaşları, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, ictimaiyyət nümayəndələri, Qarabağ qaziləri də iştirak etdilər.

Rəhimli Xəyal 9 iyun 1992-ci ildə Beyləqan rayonunun Əlinəzərli kəndində anadan olub. Vətən müharibəsində əsgər kimi şərəfli döyüş yolu keçmişdir. Yoldaşları onu həmişə şən, yüksək əhval-ruhiyyədə olan bir döyüşçü kimi xatırlayırlar. R.Xəyal Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlayan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Oktyabrın 7-də Cəbrayıl rayonunun işğaldan azad olunması uğrunda gedən şiddətli döyüşlər zamanı şəhid olub. Şəhidimiz vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.

Allahdan şəhidimizə rəhmət, yaxınlarına səbir diləyirik!

Ərəstun ABDULOV, 

“Respublika”.