Təhsil naziri “Son zəng” tədbirində iştirak edib
Elm və təhsil

Təhsil naziri “Son zəng” tədbirində iştirak edib

Bu gün Goranboy rayonu Tapqaraqoyunlu kənd tam orta məktəbində “Son zəng” tədbiri keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə təhsil naziri Emin Əmrullayev, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, müəllim və şagirdlər iştirak ediblər.

Məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edən E.Əmrullayev jurnalistlərə açıqlamasında bildirib ki, bu il imtahanlarda pandemiyanın yaratdığı çətinliklər nəzərə alınaraq müvafiq tədbirlər görülüb: “Şagirdlərin akademik nailiyyətləri ilə yanaşı, onların sosial-psixoloji durumu önəmlidir. Çünki bu müddət ərzində uşaqlar evdə qaldılar, bir-biriləri ilə ünsiyyətdə olmadılar. Məhz bu səbəbdən yay məktəbi təşkil edilir. Layihənin əsas məqsədi şagirdlərə hansısa fənni daha yaxşı öyrətmək yox, onları bir-biri ilə ünsiyyətdə saxlamaqdır. İndiki halda qarşımızda duran hədəf pandemiya dövründəki çətinliklərin nəticələrini birlikdə aradan qaldırmağa çalışmaqdır. Bu, yəqin ki, hamımızdan böyük səy tələb edəcək”.

Sonra təhsil naziri Tapqaraqoyunlu kənd tam orta məktəbində yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, məktəb 1993-cü ildən Azərbaycanın Milli Qəhrəmanı, məktəbin məzunu, şəhid Niyazi Aslanovun adını daşıyır. Bu məktəb I Qarabağ müharibəsi zamanı düşmənin atəşi nəticəsində tamamilə yanıb, II Qarabağ müharibəsi zamanı isə çoxsaylı mərmi atəşinə tuş gəlib. 1998-ci ildə 16 otaqdan ibarət məktəb binası tikilib. 2011-ci ildə 450 şagird yerlik müasir standartlara cavab verən yeni məktəb binası istifadəyə verilib. Məktəbdə hazırda 299 şagird təhsil alır.

AZƏRTAC