İcbari tibbi sığortanın tətbiqi səhiyyənin inkişafını sürətləndirəcəkdir
Səhiyyə

İcbari tibbi sığortanın tətbiqi səhiyyənin inkişafını sürətləndirəcəkdir

Ölkəmizdə digər sahələrdə olduğu kimi, səhiyyə sahəsində də ciddi islahatlar aparılır və görülən tədbirlər artıq öz nəticəsini verməkdədir. Əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, vətəndaşların yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması bu sahədə dövlət siyasətinin prioritetlərini təşkil edir. İcbari tibbi sığortanın tətbiqi və səhiyyənin maliyyələşmə sisteminin təkmilləşdirilməsi də bu islahatların mühüm tərkib hissəsidir.

Artıq bir neçə ildir ki, ölkəmizdə icbari tibbi sığorta sisteminə keçidlə bağlı Nazirlər Kabinetində baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə işçi qrupu yaradılıb və qrup uğurla fəaliyyət göstərir. 2017-ci ildən etibarən Mingəçevir, Yevlax və Ağdaşda pilot layihə olaraq icbari tibbi sığorta sisteminin tətbiqinə başlanılmış, mərhələli şəkildə bütün ölkə ərazisində tətbiq olunaraq prosesin 2020-ci ildə yekunlaşdırılması planlaşdırılmışdı. Lakin qanunvericiliyə edilmiş müvafiq dəyişikliyə əsasən icbari tibbi sığortanın tətbiqinin ölkə ərazisində 2021-ci ildə yekunlaşdırılması müəyyən edilmişdir.

Dövlət sosial sığortasının tərkib hissəsi olmaqla, icbari tibbi sığorta sistemi işəgötürənlərin (sahibkarların), fərdi sahibkarların, muzdla işləyən şəxslərin üzərinə sığorta haqlarının ödənilməsi və hesabatların təqdim edilməsi ilə bağlı müəyyən öhdəliklər qoyur. Qanunvericiliyə əsasən muzdla işləyən işçilər və onların işəgötürənlərinə münasibətdə icbari tibbi sığorta haqlarının ödənilməsinə dair müddəaların 2020-ci il aprel ayının 1-dən etibarən tətbiq olunması planlaşdırılsa da, yeni dəyişikliklərə əsasən bu müddət 2021-ci il aprelin 1-dək uzadılmışdır. Belə ki, son dəyişikliyə əsasən sahibkarlar tərəfindən icbari tibbi sığorta haqları 2021-ci il aprelin 1-dən etibarən hesablanıb ödənilməlidir.

Ödənilməli olan icbari tibbi sığorta haqları aşağıdakı kimi müəyyən olunmuşdur: Muzdla işləyən fiziki şəxslərə münasibətdə işəgötürən tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, işçi tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0.5 faiz.

Neft-qaz sahəsi olmayan və qeyri-dövlət sektoruna aid edilən sahələr üzrə muzdla işləyən işçilərə münasibətdə əməkhaqqının 8 min manatadək hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2021-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilib. Bu güzəşt müddəti qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən 2022-ci il yanvarın 1-dək uzadılmışdır. Belə ki, qeyd olunan tarixədək işəgötürənlər tərəfindən 8000 manatadək əməkhaqqı üzrə icbari sığorta haqqı 2 faiz deyil, 1 faiz məbləğində hesablanacaqdır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər və minimum əməkhaqqının 4 faiz məbləğində, mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər çıxış edir və gəlirlərinin 8 min manatadək olan hissəsinin 2 faizi, 8 min manatdan yuxarı olan hissəsinin 1 faizi məbləğində tibbi sığorta haqqı ödəyirlər.

Digər sığortaolunanlar sığortalı qismində özləri çıxış edirlər və qanunvericiliyə son dəyişikliklərə əsasən 2024-cü il yanvarın 1-dən təqvim ili üçün minimum aylıq əməkhaqqının 48 faizi miqdarında icbari tibbi sığorta ödəyirlər. Müddətli həqiqi hərbi xidmət edən hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxslərə, respublikamızda müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə icbari tibbi sığorta şamil edilmir.

Ümumiyyətlə, icbari tibbi sığorta sistemi nədir və o, nə vəd edir? İcbari tibbi sığorta (İTS) dünya səhiyyəsində geniş yayılmış, həmrəyliyə əsaslanan sosial layihədir və əhalinin tibbi yardım almaq hüququnu təmin edir. Bu sistem sığorta hadisəsi zamanı sığorta olunanların xidmətlər zərfi çərçivəsində insanların tibbi yardım almasına təminat verir. Xidmətlər zərfi çərçivəsində təminatı nəzərdə tutulmuş tibbi xidmətlərin göstərildiyi hər hansı hadisə və hal sığorta hadisəsi hesab edilir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin verdiyi məlumata görə, icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsindəki tibbi xidmətlər Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan tibb müəssisələrində həyata keçirilir. Əgər TƏBİB-in tabeliyində olan tibb müəssisələrində xidmətin göstərilməsi mümkün deyilsə, o zaman müqaviləli tibb müəssisələrində göndəriş əsasında tibbi xidmət göstərilə bilir. Tibbi xidmətlərə göndəriş vərəqəsi TƏBİB-in tabeliyindəki tibb müəssisəsi tərəfindən verilir.  

Vətəndaşlar arasında maraq doğuran məsələlərdən biri də həkim resepti əsasında təyin olunmuş dərman preparatlarının icbari tibbi sığorta tərəfindən hansı formada qarşılanması məsələsidir. Onu deyək ki, hazırda ölkənin 59 şəhər və rayonunda sığortaolunanlar icbari tibbi sığortanın Xidmətlər zərfindən istifadə edirlər. 2021-ci ildən icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqinin ardıcıllığına uyğun olaraq bütün sığortaolunanlar icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edə biləcəklər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 10 yanvar tarixli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər zərfi”nə 2550 sayda müxtəlif tibbi xidmət daxildir: ilkin səhiyyə, təcili və təxirəsalınmaz tibbi yardım, laboratoriya, fizioterapiya, invaziv radiologiya, stasionar tibbi xidmət. Xidmətlər zərfi əhalinin sağlamlıq vəziyyəti və səhiyyə göstəricilərinin yaxşılaşdırılmasına, tibbi xidmətlərə əlçatanlığın, tibbi xidmətlərin keyfiyyətinin artırılmasına, ilkin səhiyyə xidmətinin gücləndirilməsi hesabına xəstəliklərin erkən aşkarlanması (evlərdə baxış, sağlam həyat tərzinə dair maarifləndirmə, əhalinin sağlamlıq göstəricilərinin toplanması və mütəmadi yoxlanması və s.) məqsədilə əhalinin tibb müəssisələrinə müraciət tezliyinin artırılmasına və vaxtında müvafiq yardımla təmin olunmasına xidmət edir.

Stasionar müalicə (xəstəxanada) və təcili təxirəsalınmaz tibbi yardım zamanı istifadə olunan dərman vasitələri də xidmətlər zərfinə daxildir. Lakin ambulator müalicə (ev şəraitində) üçün həkim tərəfindən resept əsasında təyin olunan dərman vasitələri xidmətlər zərfi ilə təminata alınmır. İcbari tibbi sığortanın tətbiq edildiyi 59 şəhər və rayonda qeydiyyatda olan sığortaolunanlar icbari tibbi sığortanın Xidmətlər zərfindən yararlanırlar. Lakin vətəndaşın yaşayış yeri üzrə qeydiyyat ünvanı ilə faktiki yaşadığı ünvan fərqli olduğu hallarda, o yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyirsə, həmin yerə gəldikdən sonra 7 gün ərzində Daxili İşlər Nazirliyinə müraciət edərək olduğu yer üzrə müvəqqəti qeydiyyata düşməlidir. Bu halda, əgər vətəndaş yaşadığı ərazidə icbari tibbi sığorta tətbiq edilirsə, Xidmətlər zərfindən yararlana bilər.

Məlumat üçün qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xidmətlər zərfinə dəyişikliklər edilməsi barədə layihə hazırlanıb. Layihədə zərfə daxil olan tibbi xidmətlərin sayının 3000-ə qədər artırılması nəzərdə tutulur.

Ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcəkdir. Həmin xidmətlərin sırasında stasionar terapevtik xidmətlər 3500-dən artıq diaqnoz əhatə etməklə miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin, serebrovaskulyar xəstəliklərin, mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı sığortaolunanların müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcəkdir. Əlavə olaraq hamiləlik, doğuş və zahılıq dövründə müayinə və müalicə də icbari tibbi sığorta təminatına daxildir. Xidmətlər zərfinə 1100-dən çox cərrahi əməliyyat salınıb, təminata alınmış bu əməliyyatlar sırasında həyati vacib - dəyəri yüksək olan əməliyyatlar əhalinin sağlamlığının və maddi rifahının təmin edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Həmin əməliyyatlar sırasına koxlar implantasiya əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi, oynaq endoprotezlərin yerləşdirilməsi, aorta-koronar şuntlama əməliyyatı, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları (koronar stentlərin taxılması) daxildir. Bahalı əməliyyatlar sırasında, həmçinin kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyyə əməliyyatları vardır.

Məlumdur ki, dünya ölkələrində icbari tibbi sığortadan geniş istifadə olunur. Azərbaycanda da artıq müalicə və diaqnostikaya ehtiyacı olan insanların çoxdan gözlədiyi icbari tibbi sığortanın tətbiqinə başlanılıb. İcbari tibbi sığortanın tətbiqi, eyni zamanda, səhiyyənin inkişafını da sürətləndirəcəkdir.

Zümrüd QURBANQIZI,

“Respublika”.