Qəhrəmanlarımızın sönməyən nuru
Region

Qəhrəmanlarımızın sönməyən nuru

Gül-çiçəyə bürünmüş iri portret axşamlar gur işıqlı lampaların əhatəsində daha əzəmətli görünür. Bu işıqlı yerdən şəhidin xatirə lövhəsi asılıb. Axşam gəzintisində hər gün xatirə lövhəsinin önündə ayaq saxlayır, şəhid balamızın müqəddəs ruhuna fatihə surəsi oxuyuruq. Portretdən mənalı baxışları ilə baxan cavan oğlan, Vətən övladı doğma torpaqları qanı ilə suvarıb şəhidlik zirvəsinə yüksəlmişdir. Şirvan şəhərinin demək olar ki, hər məhəlləsini belə işıqlı xatirə lövhələri bəzəyir. Hamısının xatirələri də işıqlıdır.


Ramil Vüqarəddin oğlu Əliyev inanclı adam olub. Dəfələrlə Kərbəla, Məşhəd şəhərlərində müqəddəs məkanları ziyarət edib. Arzusunda olan zəvvarların bu şəhərlərə səfərini təşkil edib. Milli Qəhrəman Nofəl Quliyevin adını daşıyan 9 saylı tam orta məktəbi bitirəndən sonra Şirvan şəhər İqtisadiyyat və Humanitar Kollecinə qəbul olunub. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Şirvan Şəhər Şöbəsi tərəfindən hərbi xidmətə göndərilib. Bakı şəhərində “N” saylı hərbi hissədə snayper, minomyotçu ixtisaslarına yiyələnib. Tovuz ətrafındakı döyüş bölgəsində erməni faşistləri tərəfindən general Polad Həşimovun və onun komanda yoldaşlarının namərdcəsinə qətlə yetirildiyini eşidəndə, qəlbində intiqam hissi alovlanıb, könüllü olaraq ordu sıralarına yollanıb. Amansız döyüşlərdə əsl igidlik nümunəsi göstərib, dəfələrlə döyüş yoldaşlarını mühasirədən qurtarıb. Növbəti döyüşlərin birində mühasirədən çıxa bilməyib, şəhidlik zirvəsinə yüksəlib. Ramil Əliyev Şirvan şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad edilməsinə görə”, “Qubadlının azad edilməsinə görə” medalları ilə təltif olunub.

Ramil Əliyevin yaşadığı binanın qarşısında şəhidin xatirə lövhəsi asılıb. Açılışdan əvvəl şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanında Ramilin məzarını ziyarət ediblər. Şəhidin ruhuna dualar oxunub, dostlar, qohumlar Ramil haqqında xatirələrini söyləyiblər.

Mərasim şəhidin yaşadığı binanın həyətində davam etdirildi. Vətən müharibəsində şəhid olan igid övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxışlarda 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərinin xatirəsinin əziz tutulduğu, şəhid ailələrinə böyük diqqət və sayğı göstərən Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıq ifadə olundu. Şəhidin anası Xuraman xanım, bacısı Gülşən xanım Ramilin xatirə lövhəsinin üzərindəki pərdəni açdılar. 9 saylı tam orta məktəbin şagirdləri xatirə lövhəsi önündə ədəbi kompozisiya ilə çıxış etdilər.

Tofiq HÜSEYN,

“Respublika”.