Gəncə: Oxuduğu məktəbdə şəhidin xatirə guşəsi
Region

Gəncə: Oxuduğu məktəbdə şəhidin xatirə guşəsi

Gəncə şəhər 4 nömrəli tam orta məktəbdə şəhid Quliyev Hüseyn Həsən oğlunun xatirəsinə həsr olunan guşə yaradılıb. Guşənin təqdimatında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Təhsil İdarəsinin rəisi Anar Qədiməliyev, şəhər rəsmiləri, orta məktəbin kollektivi və şəhidin ailə üzvləri iştirak ediblər. Şəhər rəhbəri Niyazi Bayramov və şəhidin atası Həsən Quliyev şəhidin xatirəsinə ehtiram olaraq, guşənin önünə tər çiçəklər düzüblər.


Məktəbdə yaradılan xatirə guşəsində şəhid Hüseyn Quliyevlə bağlı məlumatlar toplanıb, onun təltif və medalları, kitab və digər şəxsi əşyaları yerləşdirilib. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhidin ailəsinə başsağlığı verərək, torpaqlarımızın azadlığı uğrunda canından keçən igidlərimizin xatirəsinin daim əziz tutulduğunu bildirib, dövlətin şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğısından söz açıb. Şəhidin ailə üzvləri, müəllim və sinif yoldaşları Hüseyn Quliyevlə bağlı xatirələrini bölüşüblər.

Quliyev Hüseyn Həsən oğlu 4 mart 1999-cu ildə Gəncə şəhərində doğulub. 2016-cı ildə Gəncə şəhər M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbi bitirərək, Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olub. 2020-ci ildə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmətə başlayıb. O, xidmət etdiyi hərbi hissənin tərkibində Vətən müharibəsinə qatılaraq Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. 28 sentyabr 2020-ci ildə şəhid olan Hüseyn Quliyev 3 oktyabr 2020-ci il tarixində Gəncənin Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Quliyev Hüseyn Həsən oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Şəhidin atası Həsən Quliyev şəhid ailələrinə göstərilən diqqətə görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

“Respublika”.