Döyüşə həmişə igidlər gedir...
Sosial həyat

Döyüşə həmişə igidlər gedir...

Bəzən yazmaq, qələmi əlində tutmaq belə çətin görünür insana. Barmaqlar titrəyir, ürək çırpınır, fikirlər qarışır, kələfin ucunu lap itirirsən. Nədən, necə başlayasan?

Həyatda olmayan insan haqqında yazmaq neçə ilin yazarı olsan belə, asan olmur. Mənə elə gəlir ki, yazıların ən çətinidir şəhid haqqında yazı, nə sığallı-bəzəkli sözlərin, nə pafoslu, bəlağətli ifadələrin o böyüklüyü olduğu kimi çatdırmağa gücü yetmir. Çünki o zirvədə olanların adını, dəyərini verməyə İlahi qüvvə - Tanrıdan başqa heç kəs qadir deyil. Çünki şəhidlik ölüm, yoxluq deyil, ölümsüzlükdür. Şəhidliyi də seçmək olmurmuş, şəhidlər yalnız Allahın seçdiyi bəndələrdir. Onların ölümləri İlahinin ölümü deyil, qəhrəmanlığı, ölümsüzlüyü yaşatmaq qərarından doğulur, bu dünyaya gəlməmişdən alnına yazılır insanın. Sonradan bizim yazdıqlarımızsa bu əbədiyaşar missiyanın daşıyıcısı olan şəhidlərimizin ölümsüzlüyünü dünya durduqca yaşatmağa xidmət edir. Nə qədər çətin olsa da, Vətən uğrunda döyüşən, onun yolunda canından keçən minlərlə qəhrəmanımızdan birinin həyat, şəhidliyə aparan döyüş yoluna işıq salmaq istəyindəyik yenə, bu yolun işığı hamımıza yetsə belə. Bu da bizim borcumuzdur...

Səkkiz yaşlı çocuq dünyadan, ölümdən, ədalətdən, haqsızlıqdan nə anlar ki?! Amma o, anlamış, başa düşmüşdü, I Qarabağ döyüşlərində şəhid olan əmisinin torpağa tapşırıldığı gün böyük bir daşın üzərinə əlindəki dəmir parçası ilə: “Darıxma, əmi, darıxma, böyüyüm, sənin qisasını alacam” sözlərini yazmışdı. Hələ uşaqlıqdan onun həkim olmağını istəyən valideynlərinə: “Xeyr, mən hərbçi olacam, əmimin, bütün şəhidlərimizin intiqamını alacam, torpaqlarımızı azad edəcəm” - deyirdi. Dediyi kimi də etdi...

Qarabağ savaşında - ermənilərin tarixi torpaqlarımıza, hər daş-qayasında keçmişimizin təkzibolunmaz nişanələrini yaşadan yurd yerlərimizə, maddi-mədəni abidələrimizə qarşı apardığı ədalətsiz müharibədə canını qoyan bir Vətən övladının həyat hekayətinin başlanğıcındayıq. Quliyev Elnur Eldar oğlu 1984-cü il iyul ayının 25-də Füzuli şəhərində anadan olub, 1993-cü ildə erməni işğalçıları Füzulini zəbt etdikdən sonra ailəsi ilə birgə Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində məskunlaşıb. Məcburi köçkün taleyi yaşamaq məcburiyyətində qalan Elnur 2001-ci ildə Qəhrəmanlı qəsəbə orta məktəbini bitirib, 2002-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunub. 2006-cı ildə artilleriya ixtisası üzrə akademiyanı bitirən Elnur Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində ikiillik yerüstü artilleriya taqım komandiri kursunu da başa vurub, 2007-ci ildə Gəncə şəhərində “N” saylı hərbi hissədə leytenant hərbi rütbəsi ilə xidmətə başlayıb. Arzusu yavaş-yavaş gerçəkləşirdi Elnurun. Beləcə, 2013-2015-ci illərdə Gədəbəy rayonunda “N” saylı hərbi hissədə bölük komandiri, 2015-2019-cu illərdə Ağstafa rayonunda “N” saylı hərbi hissədə maddi-texniki təminat bölüyü komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifələrini icra etmiş, 2019-cu ildə Beyləqan rayonunda “N” saylı hərbi hissələrdə xidmətini davam etdirmişdi. Xidməti dövründə mayor rütbəsinə yüksəlmiş, divizyon komandirinin şəxsi heyətlə iş üzrə komandir müavini olmuşdu. Beyləqan rayonu “N” saylı əlahiddə kəşfiyyat taborunda tabor komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsinə təyin olunanda Elnur bir qədər də arxayınlaşmış, öz-özünə qürurla söyləmişdi: “Deyəsən, mən hərbçi oldum...”

Taleyin, qədərin daşlamadığı, sevərək qarşıladığı müqəddəs şəhidlik yolunun yolçuluğu da varmış dünyamızda. Elnurun acı taleyi insanlığa, Vətən sevgisinə, ailə münasibətlərinə dəyər verməyi bacaran hər kəsi kədərə qərq etsə də, həyat hekayətindəki qürurverici anları da çox olub. Əslində vətənpərvərlik hisslərinin qanadında hərbçi peşəsini şüurlu şəkildə seçmiş, odun-alovun içinə getmiş, düşmənlə üz-üzə gələndə öz doğmalarını, gözü yolda qalan gənc həyat yoldaşını belə unudub hər vasitə ilə ölkəmizin qələbəsinin təminatçılarından olmaq istəmiş, Vətən yolunda öldürməkdən-ölməkdən çəkinməmişdi Elnur.

Hərbidə xidmət etdiyi dövrdə, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi” yubiley medalı, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi” medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli, “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli medallarla təltif olunmuşdu. Gənc yaşında ikən bu qədər uğur ilk növbədə onun peşəsinə sevgisindən irəli gəlirdi. Digər tərəfdən onu arxa cəbhənin qəhrəmanına çevirən düşməndən qisas almaq üçün bu peşənin bütün sirlərinə dərindən bələd olmaq istəyiydi.

Sentyabrın 27-də düşmənin növbəti təxribatına cavab vermək üçün Azərbaycan ordusunun əks-hücuma başlamasına ən çox sevinənlərdən idi. Müharibə başlayan gündən ön cəbhədə təxliyyə rəisi vəzifəsinə təyin olunmuşdu. Ona geridə təxliyyə prosesini idarə etmək vəzifəsi tapşırılsa da, Vətən müharibəsinin ilk günlərindən etibarən kəşfiyyat qrupları ilə döyüşlərə qatılırdı. Qarşıda torpaqlarımızın, xüsusən də doğulduğu, 9 yaşında ikən tərk etdiyi Füzuli rayonunun azad olunması uğrunda ölüm-dirim savaşı gözləyirdi onu. Beləcə, Füzulinin, Cəbrayılın bir sıra kənd və yüksəkliklərinin azad edilməsində iştirak etmişdi. Füzuli uğrunda gedən döyüşlərin birində mühasirəyə düşən şəxsi heyəti xilas etmək üçün tabor komandiri və 4 nəfər döyüş yoldaşı ilə birlikdə düşmənlə qeyri-bərabər döyüşə girmiş, düşmən səngərinə keçərək onun xeyli sayda canlı qüvvəsini məhv edərək şəxsi heyəti xilas etmiş, düşmənin irəliləməsinin uzun müddət qarşısını almışdı. Təəssüf ki, bu qeyri-bərabər döyüşdə tabor komandiri “Vətən müharibəsi qəhrəmanı” Orxan Əkbərov və Elnur Quliyev, eləcə də digər silahdaşları qəhrəmancasına şəhid oldu.

Qəhrəmanlıq birdən-birə yaranmır, onun rüşeymi ürəklərdə yaşayır və imkan olanda üzə çıxır. Arxa cəbhənin qəhrəmanı Elnur ön cəbhənin qəhrəmanı kimi də adını tarixə yazdırdı. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda” medalı və “Füzulinin işğaldan azad olunması uğrunda” medalı ilə təltif olundu, I Qarabağ müharibəsinin fəal iştirakçıları olan atası Eldar Quliyevin, əmisi, şəhid Nazim Quliyevin döyüş yolunu şərəflə davam etdirdi, şəhidlik zirvəsinə ucaldı.

Elnurun əmisi Nazim Quliyev ilk gündən xalq hərəkatına qoşularaq könüllülər batalyonuna yazılmış, Mobil Yusifovun batalyonunda döyüşmüşdü. Cəsurluğuna, igidliyinə görə bölmə komandiri seçilmiş, Füzuli bölgəsinin Qızılqaya, Yuxarı və Aşağı Veysəlli, Qırmızıbazar, Dilağarda və s. istiqamətlərdə gedən döyüşlərdə xüsusi fəallıq göstərmişdi. O, 1992-ci il avqustun 15-də düşmən əlində olan Yuxarı Veysəlli kəndini erməni quldurlarından təmizləmək üçün keçirilən əməliyyatda qəhrəmancasına şəhid olmuşdu. Elnur da onun yolunu tutdu.

Həyat yoldaşı Afət Cəfərovanın dediklərindən: “Biz Elnurla sentyabrın 25-də danışdıq, sözarası ona dedim ki, əgər müharibə olsa, özünü qoru. O isə: “Biz Qarabağı tezliklə azad etməliyik, bu yükü övladlarımıza, gələcək nəsillərə ötürməməliyik. İşdi, döyüş başlasa mən öndə olacam, sizi dövlətə, qardaşıma tapşırıram” - dedi. Arzusu əmisinin yolu ilə getmək idi, mayor rütbəsi alanda ondan soruşdum ki, bundan sonra hansı rütbə olacaq? - “Şəhidlik” - dedi. Elnur öz arzusuna çatdı...”

Onun ölümü doğmalarını çox yandırıb-yaxdı, ömrü kimi, arzuları da yarıda qalmışdı Elnurun. Övlad itkisinin ağrı-acılarını, dözülməz iztirablarını canında, damarlarında donan qanında, iliklərində yaşadan Marusa ananı ovundurmaq isə qeyri-mümkündür. Sinəsi yanğılı bayatılarla dolu ana bilir ki, bu müsibəti çəkməklə qurtaran deyil...

“Arzusu hərbçi olmaq idi, məftildən avtomat düzəldib oynayardı, ondan nə etdiyini soruşanda, “əmimin intiqamını alıram” - deyə cavab verirdi. O, döyüşdü, çoxlu düşmən məhv etdi, əmisinin intiqamını aldı. Balamın intiqamını isə onun döyüş yoldaşları, Füzuliyə bayraq sancan qəhrəman oğullarımız yerdə qoymadı” - deyir Marusa ana.

Qalx, qalx, ulu bayraq, qalx, qalx ulu torpaq!.. Mərd, mübariz oğullarının çiynində qalxdı ayağa, bu xalq. Vətənini qorudu, kimliyini dünyaya sübut etdi. Həmişə belə olub, Vətənin dar günündə, onun başının üstünü qara buludlar alanda bu torpağın övladları verib sinəsini qabağa. Bu dəfə erməninin də burnunu bax bu oğullar ovdu, Elnur kimi cəsarətli, qorxmaz oğullar, bir evdən gedib, bir elin övladı olan oğullar. Və nə qədər ki, onlar var, bu Vətən basılmayacaq. Axı, döyüşə həmişə igidlər gedir...

 

Zümrüd QURBANQIZI,

“Respublika”.