Xeyirxah aksiya Ağdamda
Region

Xeyirxah aksiya Ağdamda

 Xeyirxahlıq və mərhəmət sərhəd tanımır, ən əsası isə bu duyğuları sözlə ifadə etmək mümkün deyil. İlahi hisslər köməksizin, faciə ilə üzləşən insanların, bir şirin sözə möhtac olan uşaqların qəlbində, könül dünyasında özünə taxt qurur, kədərli gözlərə sevinc bəxş edir.

Qardaş qayğısının, qardaş köməyinin qiyməti isə heç bir ölçüyə sığmır, bu əsl mənəviyyatın, qardaşlığın zirvəsidir. Türkiyə Uşaq Oyunları Federasiyasının başqanı, iş adamı Mehmet Mutlu və YAŞAT Fondunun birgə həyata keçirdiyi “Hədiyyə karvanı” aksiyası həmin ülvi hisslərdən xəbər verir. Xeyirxah aksiya Vətən müharibəsində qəhrəmanlıqla həlak olan şəhidlərin ailələrini əhatə edir. Tovuzdan başlayan sevinc karvanı Ağstafa, Gəncə, Gədəbəy, Göygöl, Goranboy və Naftalandan sonra Ağdama çatıb.

Qeyd edək ki, 44 gün davam edən və hərb tariximizə şərəflə yazılan Vətən müharibəsində Ağdam rayonundan 61 nəfər həlak olub, onlarla insan yaralanıb. Şəhid ailələri və qazilər dövlət tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunub. Quzanlı qəsəbəsində Vətən müharibəsində öz canlarını fəda edən oğulların parlaq xatirəsinə ehtiram əlaməti olaraq Şəhidlər Xiyabanı salınıb. Bu müqəddəs guşə ziyarət yerinə çevrilib.

“Hədiyyə karvanı”nın iştirakçıları da əvvəlcə Şəhidlər Xiyabanını ziyarət edərək bu müqəddəs guşəyə gül-çiçək dəstələri düzüblər. Sonra şəhid ailələrinə baş çəkilib, onların övladlarına hədiyyələr təqdim olunub. Vətən müharibəsində igidlik və şücaət göstərərək həlak olan Elçin Mahmudovun və Elnur Əliyevin ailələri adından qardaşlıq köməyinə görə aksiyanı təşkil edənlərə minnətdarlıq bildirilib. Xoş niyyətdən qətrə-qətrə ürəklərdə qala quranların,  qırıq qəlblərə sevinc bəxş edənlərin yolu həmişə açıq olsun. Sevinc karvanınız şəhid yadigarları ilə birgə olsun!

Salman ALIOĞLU,

“Respublika”.