AZƏRBAYCAN İLƏ UNESCO ARASINDA ƏMƏKDAŞLIQ PRİORİTET MƏSƏLƏDİR
Siyasət

AZƏRBAYCAN İLƏ UNESCO ARASINDA ƏMƏKDAŞLIQ PRİORİTET MƏSƏLƏDİR

Azərbaycan regionun lider dövləti kimi beynəlxalq aləmin diqqət mərkəzindədir. Qafqazın qüdrətli ölkəsi, dünyada söz sahibi olan vətənimiz hər il onlarca konfranslara, sərgilərə, festivallara, eləcə də irimiqyaslı tədbirlərə ev sahibliyi edir. Ölkəmizdə mötəbər beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Bu tədbirlər siyasi, iqtisadi, humanitar, mədəni və idman sahələrini əhatə edir. Demək olar ki, hər bir istiqamət üzrə Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi üçün mühüm bir mərkəzdir.

Azərbaycan eyni zamanda UNESCO-nun tədbirlərinə də ev sahibliyi etməkdədir. 2013-cü ildə Bakıda keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasını göstərmək olar. Sessiya çərçivəsində Qeyri-Maddi İrsin Qorunması üzrə Konvensiyanın 10 illik yubileyi də qeyd olunmuşdu. Qeyd edək ki, UNESCO-ya üzv olan 195 ölkədən 157-si bu konvensiyaya qoşulmuşdur.

UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsi təşkilatın ən nüfuzlu komitələrindən hesab olunur. Çünki üzv dövlətlər bu Komitəyə müvafiq nominasiyalar təqdim edərək öz ölkələrinin mədəniyyətini, adət-ənənəsini dünyaya tanıtmaq və onun mühafizəsini təşkil etmək imkanı əldə edirlər. Ümumiyyətlə, hər bir üzv ölkə çalışır ki, bu Komitənin işində fəal şəkildə iştirak etsin.

Respublikamızda keçirilən 116 ölkədən 611 nümayəndənin iştirak etdiyi 8-ci sessiyada üzv ölkələrin mədəniyyət nazirləri və bu sahədə mütəxəssisləri, UNESCO üzrə milli komissiyalar və UNESCO yanındakı daimi nümayəndəliklərdən, həmçinin təşkilatın baş qərargahından müvafiq səlahiyyətli şəxslər var idi.

İştirakçıların mətbuatda açıqlamalarında da qeyd olunduğu kimi, tədbir çox məhsuldar və səmərəli keçmişdir.

Sessiya iştirakçıları Azərbaycanın özündə həm Şərq, həm də Qərb mədəniyyətini, eyni zamanda, həm qədimlik, həm də müasirliyi birləşdirdiyini qeyd edirdilər. Onlar səmimiyyətlə deyirdilər ki, siz öz mədəniyyətinizlə yaşayırsınız, ona qəlbən bağlısınız. Beləliklə, demək olar ki, Azərbaycan bu tədbirə ev sahibliyi etməklə həm də iştirakçıların qəlbini fəth etmişdir.

Sessiyada bir tərəfdən çox ciddi qərarlar qəbul olunmuş, digər tərəfdən müxtəlif mədəniyyətlər bir araya gəlmiş, öz mədəni irslərini dünyaya nümayiş etdirmişdilər. Bu baxımdan tədbir, sözün əsl mənasında, dünya xalqlarının mədəniyyətlərinin bayramına çevrilmişdir.

Tədbirin Azərbaycan üçün çox əhəmiyyətli nəticələri olmuşdur. Bildiyimiz kimi, ölkəmizə yüzlərlə qonaq gəlmişdi. Bu insanların çoxu Azərbaycana ilk dəfə idi ki, gəlirdi. Bununla onlar, həm ölkəmizin gözəlliyinə şahid oldular, həm də UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan abidələrimizi canlı şəkildə görmək fürsəti əldə etdilər. Bu, UNESCO-da çalışan insanlar üçün çox vacib əhəmiyyət daşıyırdı. Gələcəkdə ölkəmizlə bağlı yeni nominasiyaların müzakirəsi zamanı onların ölkəmiz haqqında geniş məlumatlı olmaları, bizi dəstəkləmələri bu əməkdaşlığın möhkəm dostluğa çevrilməsinə kömək etmişdir. Ən əsası da odur ki, bu tədbirdə bizim ən qədim tarixi idman oyunlarımızdan olan çövkənin - Azərbaycan Respublikasında ənənəvi Qarabağ atüstü oyununun UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinə nail olduq. Bu yüz illər əvvəl də gənclər arasında çox sevilən bir idman növü olmuşdur. Bunu Azərbaycanın Səfəvilər dövləti zamanından günümüzə gəlib çatmış onlarca miniatürlər də sübut edir. Tarixən Doğma Qarabağımızda - Cıdır düzündə çoxsaylı yarışlar keçirilər, çövkən oynanılardı. Dünya bu oyunu xalqımızın sahib olduğu mədəniyyətin vacib bir elementi kimi qəbul etmişdir. Bu, eyni zamanda, dünya birliyinin tariximizə, milli köklərimizə, mədəni dəyərlərimizə qarşı çıxanlara layiqli cavabı idi.

Bildiyimiz kimi, 2013-cü ildə bu sessiyanın keçirildiyi vaxtda Qarabağ bizim ürəyimizin ən yaralı yeri idi. Məlumdur ki, Ermənistan minlərlə maddi-mənəvi abidələrimizi məqsədli şəkildə məhv etmiş, torpaqlarımızı işğal altında saxlamaqla çövkən kimi tarixi oyunlarımızın da unudulmasına çalışırdı. O vaxt Qarabağ atlarının yetişdirilməsindəki çətinliklər, oyunun qədim məkanından kənarlaşdırılması meyilləri onun yavaş-yavaş unudulmasına gətirib çıxara bilərdi. Bu səbəbdən də biz çövkənin UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına deyil, Təcili Qorunmaya Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsinə nail olduq. Bizim bu nailiyyətimiz, həm milli adət-ənənələrimizdən birinin qorunub saxlanmasına, həm də bütün dünyanın erməni xislətinin şahidi olmasına imkan yaratdı. O zamanlar, elə indinin özündə də biz çalışırıq ki, bütün dünya ictimaiyyətinin diqqətini məhv edilmiş maddi və qeyri-mədəni irs nümunələrinə yönəldək.

Hazırda Azərbaycan UNESCO-nun bir çox proqramlarında fəal iştirak edir. Bu gün UNESCO-nun yubileylər, dünya yaddaşı proqramlarında da fəal iştirak etməklə biz Azərbaycan mədəniyyətini dünyada tanıtmışıq və bu istiqamətdə fəaliyyətimiz davam edir.

Bakıda keçirilən növbəti beynəlxalq tədbirlərdən biri də UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası oldu. Bu sessiyada Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi isə bir daha tariximizə və irsimizə verilən dəyərdir. Çünki “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” təkcə Azərbaycan üçün deyil, həm də bəşəri dəyər kimi yüksək dəyərləndirilən tarixi abidədir. Həqiqətən də fəxr etməli fakt ondan ibarətdir ki, Azərbaycan memarlığı və tarixinin bir hissəsi, xalqımızın maddi-mədəniyyət irsinin qiymətli nümunəsi olan bu abidə UNESCO tərəfindən ümumdünya irs kimi qəbul olunub. Bu da Azərbaycanın dünya mədəni irsinə çox əhəmiyyətli bir töhfəsidir. Bununla da “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” təkcə Azərbaycanın deyil, bəşəriyyətin mədəniyyətinə və tarixinə məxsus olur. Bu maddi-mədəniyyət irsinin Dünya Mədəni İrs Siyahısına daxil edilməsi bizi həm sevindirir, həm də üzərimizə böyük məsuliyyət qoyur. Çünki Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi bu siyahıya düşdükdən sonra onun qorunması və inkişaf etdirilməsi bəşəri əhəmiyyət daşıyır. Biz inanırıq ki, Azərbaycanın hələ bu siyahıya salınacaq xeyli abidələri var və yəqin ki, yaxın gələcəkdə həmin siyahı milli-mənəvi dəyərlərimizin böyük qismini də özündə əks etdirəcək.

Qeyd etmək lazımdır ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına təqdim edilən nominasiyalara ölkəmizin mədəniyyətinə, adət-ənənəsinə xas olan xüsusi bayramlar, festivallar, adət-ənənələr, yemək bişirmə mədəniyyətləri, milli musiqilər, mədəni elementləri əks etdirən folklor və başqaları da daxildir.

Əlbəttə ki, Azərbaycan sadəcə maddi-mədəni abidələrlə deyil, eyni zamanda, gözəl adət-ənənələri, ədəbiyyatı, folkloru, incəsənəti, musiqisi ilə fəxr edə biləcək ölkələrdən biridir. Azərbaycan xalqı çox zəngin potensiala malikdir, amma biz hələ bunun sadəcə bir hissəsini dünyaya çatdırmışıq. Bunun da obyektiv səbəbləri vardır. Məsələn, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsi hər ölkədən bir dəfəyə məxsus sadəcə bir nominasiya qəbul edir. Bununla yanaşı, bu gün Muğam, Novruz, Azərbaycan xalçaçılıq sənəti, Aşıq sənəti, Tar və onun ifaçılıq sənəti UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.

Bu gün Azərbaycan mədəniyyətinin qorunub saxlanmasında, dünyaya tanıdılmasında Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etmək lazımdır. Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri olaraq Azərbaycanın təşkilatda nüfuzunun artırılmasında, eyni zamanda, qeyd etdiyimiz nailiyyətlərin əldə olunmasında çox mühüm rol oynamışdır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycanda və dünyanın müxtəlif ölkələrində məktəb, uşaq bağçaları, mədəniyyət mərkəzləri və muzeylərin açılması ilə yanaşı, tarixi və dini abidələrin bərpa və təmiri istiqamətində də böyük işlər görür.

Əminliklə deyə bilərik ki, Mehriban xanım Əliyeva milli-mənəvi dəyərlərimizi ləyaqətlə qorumağı bacaran, ölkəmizi həm də beynəlxalq miqyasda uğurla təmsil edən, dünyada nüfuz və hörmətə malik olan ictimai-siyasi xadimdir. Mehriban Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan xalqının və dövlətinin maraqları əsasında uğurlu fəaliyyət göstərib və cəmiyyətimiz onun fəaliyyətini olduqca yüksək qiymətləndirir. Məhz bu gün Birinci vitse-prezident kimi Mehriban xanım Əliyevanın çoxşaxəli, ictimai əhəmiyyətli fəaliyyəti ölkəmizin tərəqqisi, ayrı-ayrı sahələrdə mühüm inkişaf göstəricilərinin əldə olunması baxımından böyük önəmə malikdir.

Beləliklə, bütün yuxarıda göstərilənlərə - Azərbaycanın çoxtərəfli beynəlxalq mədəni əlaqələrinin inkişafına nəzər saldıqda aydın olur ki, müasir geosiyasi şəraitdə nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən UNESCO tərəfindən dəstəklənən möhtəşəm tədbirlər respublikamızın beynəlxalq aləmdəki nüfuzunu daha da möhkəmləndirmiş, ölkəmizin tolerantlıq və dialoq məkanı kimi indiyədək həyata keçirdiyi missiyaya təkan vermiş və nəticə olaraq mədəniyyətlərarası dialoq üzrə qlobal platformanın əsası qoyulmuşdur.

Nurəngiz ADİLQIZI,

“Respublika”.