Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşılayıb
Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Füzuli rayonunda qarşılayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri

Azərbaycanda rəsmi səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşa şəhərinə yola düşüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı Füzuli rayonunda qarşıladı.

Prezident İlham Əliyev: Əziz qardaşım, Qarabağ torpağına xoş gəlmisiniz.

Prezident Rəcəb Tayyib Ərdoğan: Xoş gördük. Ancaq Qarabağ torpaqlarını yaxıb-yıxıblar.

Prezident İlham Əliyev: İndi daha da görəcəksiniz. Gördünüz də?

Prezident Rəcəb Tayyib Ərdoğan: Gördük.

Prezident İlham Əliyev: Əminə xanım, xoş gəlmisiniz.

Əminə Ərdoğan: Xoş gördük.

Prezident İlham Əliyev: Bura Füzuli bölgəsidir, yəni, Aşağı Qarabağ bölgəsidir. Bakıdan gələndə birinci Qarabağ bölgəsi Füzulidir.

Prezident Rəcəb Tayyib Ərdoğan: Burada yol tikintisi layihələri var.

Prezident İlham Əliyev: Bəli, başladıq. Bu da artıq Qarabağ dağlarıdır, meşələrdir.

***

Sonra dövlət başçıları Şuşa şəhərinə yola düşdülər.

Prezident İlham Əliyev: İndi Füzulinin baş planı hazırlanır. Yəqin ki, bir neçə aya onu biz artıq təsdiqləyəcəyik. Ondan sonra isə bərpa işlərinə başlayacağıq.

***

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yolüstü Şuşa şəhərinin ətraf ərazilərini seyr etdilər.

***

Prezident İlham Əliyev: Buradan Şuşanın yerini göstərim.

Prezident Rəcəb Tayyib Ərdoğan: Göstər, baxaq.

Prezident İlham Əliyev: Bax, oradır, o qayanın başı, soldan sağa qədər. O da kənddir, Şuşanın altında, bu kəndin adı Daşaltıdır.

Prezident Rəcəb Tayyib Ərdoğan: Daşaltı, daş orada, o da altı.

Prezident İlham Əliyev: Daşaltı, yəni, daşın altı.

Əminə Ərdoğan: Şuşa onun arxasındadır?

Prezident İlham Əliyev: Şuşa düz onun üstündədir.

Əminə Ərdoğan: Düzənliyin üstündə.

Prezident İlham Əliyev: Bəli, o düzənliyin üstündə. Sağdakı o dağ çıxıntısı Cıdır düzüdür. At yarışları keçirilən məşhur Cıdır düzü. Biz də gedib oraya baxacağıq.

***

Burada xatirə şəkilləri çəkdirildi.

AZƏRTAC