Şirkətlər ekoloji layihələrdə iştirak edir
Ekologiya

Şirkətlər ekoloji layihələrdə iştirak edir

Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Denni Annan və Danimarkanın Bakıdakı fəxri konsulu Arno Quver bu günlərdə Carlsberg Azerbaijan pivə zavodunu ziyarət ediblər. Carlsberg Azerbaijan şirkətinin Baş direktoru Vyaçeslav Maltsev və şirkət rəhbərliyi tərəfindən qarşılanan, Carlsberg komandası qonaqlara Carlsberg Azerbaijan-dakı pivəbişirmə prosesini nümayiş etdirərək, pivə sənayesindəki vəziyyət və şirkətin investisiya planlarından bəhs edib.  

Cənab Annan Carlsberg Azerbaijan-ın ölkəyə yatırdığı yeni investisiyalar ilə Azərbaycan bazarına göstərdiyi etimadı vurğulayaraq Carlsberg Azerbaijan-ın Azərbaycan və Danimarka arasında əlaqələrin inkişafı və möhkəmləndirilməsi üzrə fəaliyyətini və Azərbaycanda Carlsberg biznesinin perspektivlərini olduqca yüksək qiymətləndirib. Tərəflər 2021-ci ilin may ayında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Carlsberg Azerbaijan arasında imzalanmış Anlaşma Memorandumunu müzakirə edərək, ölkə iqtisadiyyatının inkişafına yönəlmiş dövlət və biznes arasında açıq və effektiv dialoqun və əməkdaşlığın vacibliyini qeyd ediblər.

Cənab Annan Carlsberg Azerbaijan-ın davamlı inkişafını təmin etmək məqsədilə göstərdiyi səyləri də xüsusi qeyd edərək, şirkətin “Təmiz Sumqayıt” pilot layihəsi və “Beynəlxalq Sahilyanı Təmizlik günü” kimi layihələrdə tərəfdaşlığın Carlsberg Group-un  “Birlikdə SIFIRA Doğru” dayanıqlı inkişaf proqramı çərçivəsində görülən ekoloji tədbirlərin  nümunəsi olduğunu bildirib.

Carlsberg Azerbaijan-ın Baş direktoru Vyaçeslav Maltsev isə Carlsberg şirkətinin Azərbaycanda fəaliyyətini Azərbaycan və Danimarka arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə və gücləndirilməsinə kömək edəcəyini qeyd edib”.

Bəybala  BƏYBALAYEV,

“Respublika”.