Quram Marxuliya: Mina xəritələrinin təqdim olunmaması Ermənistanın terrorçu və işğalçı dövlət olduğunu bir daha sübut edir
Digər xəbərlər

Quram Marxuliya: Mina xəritələrinin təqdim olunmaması Ermənistanın terrorçu və işğalçı dövlət olduğunu bir daha sübut edir

İşğaldan azad olunmuş ərazilərdə basdırılmış minaların xəritəsinin Azərbaycana təqdim edilməməsi Ermənistanın terrorçu və işğalçı dövlət olduğunu bir daha sübut edir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü politoloq, tarixçi alim Quram Marxuliya söyləyib.

Politoloq deyib ki, Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi qələbə dost gürcü xalqını da sevindirib. Lakin müharibə başa çatdıqdan 7 ay sonra dinc əhalinin, vəzifə borclarını yerinə yetirən jurnalistlərin işğaldan azad edilmiş Kəlbəcərdə və digər bölgələrdə mina partlamasından həlak olmaları çox üzücüdür.

Onun sözlərinə görə, müharibədən sonra minalanmış ərazilərin xəritəsinin təqdim olunması sülhə doğru atılmış daha bir addım olardı. Lakin Ermənistan tərəfi bu xəritəni verməməklə bir daha göstərir ki, bu ölkə öz çirkin niyyətlərindən əl çəkmək istəmir. Belə olan halda BMT və beynəlxalq təşkilatlar, eləcə də, bir sıra dövlətlər hərəkətə keçməli və təcavüzkara qarşı təzyiqləri artırmalıdır. Hamı başa düşməlidir ki, ərazilərin, yolların minalardan təmizlənməsi sülhə və təhlükəsiz həyata açılan yoldur. Bu, həm də onlarla, yüzlərlə insan həyatının xilası, eləcə də mədəni abidələrin mühafizəsi deməkdir.

“Ermənistan müharibəni uduzduğunu etiraf edib atəşin dayandırılmasına dair bəyanatı imzalasa da, heç bir beynəlxalq sazişə, müharibə qanunlarına riayət etmir. Bu da Ermənistanın təcavüzkar və iyrənc siyasətinin bariz nümunəsidir”, - deyə Marxuliya vurğulayıb.

AZƏRTAC