Hərbi Prokurorluq: İtkin düşmüş daha bir hərbi qulluqçumuzun meyiti aidiyyəti üzrə təhvil verilib
Digər xəbərlər

Hərbi Prokurorluq: İtkin düşmüş daha bir hərbi qulluqçumuzun meyiti aidiyyəti üzrə təhvil verilib

Vətən müharibəsində itkin düşmüş daha bir hərbi qulluqçu həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində tapılaraq, şəxsiyyəti müəyyənləşdirilməklə nəşinin aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlər görülüb.

Bu barədə AZƏRTAC-a Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq, şəxsiyyətinin müəyyən edilməklə doğmalarına təhvil verilməsi istiqamətində Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyinin nəzarəti ilə intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.

Ötən il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilib. Həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Müdafiə və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.

İtkin düşmüş daha bir hərbi qulluqçunun - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu,  əsgər Verdiyev Eldəniz Rabil oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyənləşdirilməsi məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

AZƏRTAC