Azərbaycanın yeni informasiya strategiyası
Digər xəbərlər

Azərbaycanın yeni informasiya strategiyası

Azərbaycan Prezidenti İlham Əliyev son 17 ildə müxtəlif beynəlxalq tədbirlərdə geniş və əhatəli çıxışları ilə erməni təbliğat maşınının uydurmalarını ifşa edib. Müharibədən əvvəl və müharibə dövründə Azərbaycan həqiqətlərinin obyektiv şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında Prezident İlham Əliyevin müstəsna xidmətləri var. Dövlət başçısının Vətən müharibəsi dövründə 30-a yaxın aparıcı transmilli media qurumuna verdiyi müsahibələri, çıxışları, bəyanatları, xarici jurnalistlərlə keçirdiyi 4 saatlıq mətbuat konfransında 35 media qurumunun 50-dək sualına cavabları, son olaraq Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetində dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin qatıldıqları “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransın keçirilməsi bir daha təsdiqləyir ki, ölkəmiz informasiya siyasətində açıqdır. Məhz bu insanlar vasitəsilə Azərbaycandakı həqiqətlər - Vətən müharibəsi, qazanılan qələbə nəticəsində bölgədə yaranmış yeni reallıqlar, münaqişədən sonra Bakının bölgəyə yeni baxışı, inkişaf və əməkdaşlıq perspektivlərini necə gördüyünü dünyaya çatdırmaq məqsədi daşıyırdı. Dövlət başçısı konfrans iştirakçılarının çoxsaylı suallarını cavablandıraraq 44 günlük müharibədən sonra regionda yaranan yeni əməkdaşlıq imkanları, ölkəmizin bu proseslərdə iştirakı barədə ətraflı məlumat verib.

Ümumiyyətlə, Prezident İlham Əliyev təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir. Xüsusi qeyd edək ki, Prezident İlham Əliyevin yeni informasiya strategiyası şəffaflıq, obyektivlik, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanır, milli maraqların müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət kimi mühüm amillər üzərində qurulub. Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü və qlobal səciyyə daşıyan təşəbbüsləri BMT və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən dəstəklənir. Təsadüfi deyil ki, dünyanın aparıcı beyin mərkəzlərinin təmsilçiləri Prezident İlham Əliyevin müzakirə və debatlarda, mətbuat konfranslarında ən mürəkkəb suallara açıqlığını və bu zaman dərin məntiqə, intellektə, diplomatik məharətə malik olmasını, dünyada, regionumuzda və ölkəmizdə baş verən hadisələr və cərəyan edən proseslər barədə geniş məlumatlılığını, elmi-politoloji biliyini yüksək qiymətləndirirlər.

İstər Vətən müharibəsi dövründə, istərsə də münaqişədən sonrakı mərhələdə Prezident İlham Əliyevin informasiya sahəsində fəaliyyəti Ermənistanın, erməni lobbisinin, həmçinin Azərbaycanı istəməyən xarici qüvvələrin yalanlarının ifşa edilməsində, beynəlxalq ictimaiyyətin obyektiv məlumatlandırılmasında çox mühüm rol oynadı. ADA Universitetində keçirilən konfransda Azərbaycan Prezidentinin regionda və dünyada gedən proseslərə obyektiv yanaşması və verdiyi ciddi mesajlar postmüharibə dövründə regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə öz müsbət təsirini göstərəcək.

İkinci Qarabağ müharibəsində hərbi-siyasi qələbə ilə bölgədəki statusunu bir qədər də möhkəmləndirən Azərbaycan indi qalib ölkə kimi yeni reallıqlara uyğun qaydaları özü müəyyənləşdirir. Postmüharibə dövründə yeni inkişaf və əməkdaşlıq əlaqələrinin yol xəritəsini hazırlayan Prezident İlham Əliyev məğlub Ermənistana da düşdüyü acınacaqlı durumdan qurtuluş yolunu göstərir. Lakin bu gün də bəzi ölkələrdə erməni lobbisinin sifarişi ilə Azərbaycana qarşı kampaniya aparanlar və haqq işimizə kölgə salmağa çalışanlar var. Odur ki, indi dünya Azərbaycanın yaratdığı yeni reallıq və ermənilərin 30 ilə yaxın müddət ərzində işğal altında saxladıqları ərazilərimizdə törətdikləri vəhşiliklər haqqında geniş şəkildə məlumatlandırılmalıdır.

Cənab İlham Əliyev keçirdiyi bütün tədbirlərdə, görüşlərdə, yerli və xarici mətbuata verdiyi müsahibələrdə əsl həqiqətləri dünyaya çatdırmaqla Azərbaycanın mövqeyini uğurla beynəlxalq ictimaiyyətə təqdim edir. Bütün bunlar təbii ki, İlham Əliyevin yeni informasiya strategiyasının tərkib hissəsidir. Azərbaycanın parlaq hərbi-siyasi Qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində bölgədə yeni reallıqlar yaranıb. Ən böyük reallıq isə odur ki, Prezident İlham Əliyev lider və sərkərdə qətiyyəti ilə respublikamızın ərazi bütövlüyünü bərpa etdi. Başqa bir reallıq da odur ki, Ermənistanın işğalçılıq siyasətinin darmadağın olunması Cənubi Qafqazda yeni beynəlxalq iqtisadi əməkdaşlığın həyata keçirilməsi üçün zəmin formalaşdırıb.

Mayın 20-də Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda keçirilən müzakirələrdə də regionda yaranmış yeni reallıqlardan söhbət açıldı. Prezidentin qeyd etdiyi kimi, Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq: “Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır. Ümid edirik ki, vaxt gələcək və biz, sözün əsl mənasında, Cənubi Qafqazda fəal əməkdaşlıqdan və inteqrasiyadan danışacağıq. Biz artıq çox mühüm təkliflərlə və təşəbbüslərlə çıxış etmişik və yeri gəlmişkən, onlar 10 noyabr 2020-ci il tarixli birgə Bəyanatda da əks olunub. Bu, xüsusən də, kommunikasiyaların və yeni daşımalar dəhlizlərinin açılması ilə bağlıdır. Sizə deyə bilərəm ki, bu layihənin həyata keçirilməsi ilə bağlı iş artıq başlayıb. Azərbaycan bu məqsədlə artıq texniki və maliyyə imkanlarını ayırıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bütün region ölkələri üçün yeni imkanlar yaranacaq”.

İndi qarşıda duran mühüm vəzifələrdən biri əsl həqiqətlərin, müharibədən sonra bölgədə yaranan yeni reallıqların həm də dürüst şəkildə beynəlxalq auditoriyaya çatdırılmasıdır. Bu baxımdan Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı videoformatda müzakirələri əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Müzakirələr zamanı çox məsələlərə toxunuldu, Prezident İlham Əliyev onların hər biri barədə Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətə çatdırdı. Dünyada tanınan siyasətçilərin, prezident, baş nazir kimi vəzifələr tutmuş dövlət xadimlərinin, diplomatların, politoloqların iştirakı ilə keçirilən müzakirələr həm də onu göstərdi ki, Prezident İlham Əliyev təkcə dövlət idarəçiliyi, daxili və xarici siyasət məsələlərinə deyil, həm də dövlətin informasiya siyasətinə yeni strateji baxış nümayiş etdirir. İlham Əliyev bir daha əsl həqiqətləri onların diqqətinə çatdırdı, regionu gözləyən yeni çağırışların nələrdən ibarət olduğunu açıqladı. Həmin dövlət xadimlərinin öz ölkələrində və dünyada olan nüfuzlarını, politoloji fikrə, ictimai rəyə təsir imkanlarını nəzərə alsaq, belə tədbirlər İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın yürütdüyü mütərəqqi informasiya siyasətindən xəbər verir.

Dövlət başçısı 44 günlük Vətən müharibəsi dövründə dünyanın 26 aparıcı mediasına - 18 telekanal, 5 agentlik və 3 qəzetə müsahibələr verdi. Bunlarla paralel, İlham Əliyev Ali Baş Komandan kimi hər gün ayrı-ayrı çıxışlar etdi, bəyanatlar səsləndirdi. Bütün dünya Prezident İlham Əliyevin timsalında hərbi və informasiya savaşına eyni anda şahidlik etdi və bunu hərbi-siyasi qələbənin əsas təməli kimi qiymətləndirdi. Cənab İlham Əliyev bütün məsələlərə mahiyyəti üzrə aydınlıq gətirdi, onlara sistemli yanaşma nümayiş etdirdi, məntiqlə və əhatəli şəkildə təhlil apardı. Diqqəti çəkən başqa bir məqam Azərbaycan Prezidentinin yeni informasiya strategiyasının şəffaflıq, sistemlilik, operativlik kimi prinsiplərə əsaslanmasıdır. Bu strategiya ölkəmizin milli maraqlarının müdafiəsi, ölkə həqiqətlərinin müasir üslubda dünya ictimaiyyətinə çatdırılması, cəmiyyətin hərtərəfli məlumatlandırılması, ictimai rəyə hörmət kimi mühüm amillər üzərində qurulub.

İlham Əliyev hələ müharibə başlamazdan öncə də Azərbaycan torpaqlarındakı erməni hərbçilərinə bu cür xəbərdarlıqlar etmişdi və bunun nəticəsi onlar üçün çox ağır oldu. Yenə də Prezident konfraslardakı nitqlərində, müsahibələrində ünvanlı mesajlar səsləndirməklə bir daha xatırladır ki, dəmir yumruq yerindədir və istənilən an istənilən təxribatın qarşısını almaq üçün işə düşə bilər.

Hələ 44 günlük Vətən müharibəsinin qızğın döyüşləri zamanı Azərbaycanın haqq səsini xarici KİV vasitəsilə dünya birliyinə çatdıran cənab İlham Əliyevin atdığı hər bir addım, verdiyi hər bir qərar Qarabağın işğaldan azad edilməsi prosesində qələbəmiz üçün müstəsna əhəmiyyət kəsb etdi.

Ölkə başçısı yüksək məntiqi, intellekti, diplomatik məharəti, dünyada, regionda və ölkədə baş verən hadisələr və cərəyan edən proseslər barədə tam məlumatlı olduğunu, elmi-politoloji biliyinin yüksək olduğunu göstərir. Təsadüfi deyil ki, artıq Qərb mediası da İlham Əliyevi dünya səviyyəli siyasətçi kimi dəyərləndirməyə başlayıb. Artıq birmənalı şəkildə demək olar ki, istər müharibə dövründə, istərsə də postkonflikt mərhələsində Prezidentin informasiya sahəsində fəaliyyəti Ermənistan və erməni lobbisinin çoxillik səylərini darmadağın etdi. Xarici ermənipərəst qüvvələrin qərəzli mövqeləri qarşısında geri çəkilməyən, onları öz məntiqi ilə tərk-silah edən Prezident İlham Əliyev XXI əsrin tələblərinə uyğun yeni informasiya strategiyasını qlobal səviyyədə inamla həyata keçirir.

 

Bəybala BƏYBALAYEV,

“Respublika”.