Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin məhsuldar əməkdaşlığı bütün postsovet məkanı üçün müsbət nümunədir
Digər xəbərlər

Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin məhsuldar əməkdaşlığı bütün postsovet məkanı üçün müsbət nümunədir

İyunun 3-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda işgüzar səfərdə olan Rus Pravoslav Kilsəsinin nümayəndəsi - Moskva Patriarxiyası Xarici kilsə əlaqələri şöbəsinin sədr müavini Arximandrit Filaret ilə görüşüb.

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə şeyxülislam A.Paşazadə Qafqaz Müsəlmanları İdarəsi üçün Rus Pravoslav kilsəsi ilə əlaqələrin xüsusi önəm kəsb etdiyini vurğulayaraq, iki dini mərkəz arasında ənənəvi dostluq, qarşılıqlı ehtiram və sıx əməkdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edib, bu əlaqələrin qlobal dinlərarası dialoqa böyük töhfə verdiyini bildirib. QMİ sədri bu qardaşlıq münasibətlərinin və dinlərarası əməkdaşlığın davam və inkişaf etdirilməsinin mühüm olduğunu, xalqlarımız və dövlətlərimizin mənafelərinə xidmət etdiyini qeyd edib. 

Arximandrit Filaret, öz növbəsində, Moskva və bütün Rusiya Patriarxı Kirillin tapşırığı üzrə QMİ sədri ilə görüşməkdən və Zati-müqəddəslərinin səmimi salamlarını, xeyir-dualarını şeyxülislama çatdırmaqdan şərəf duyduğunu bildirib. Qonaq QMİ sədrinin dünya miqyasında dinlərarası dialoq və əməkdaşlıq müstəvisində tanınmış dini lider kimi dəyərli xidmətlərinin olduğunu xüsusi vurğulayıb. Rus Pravoslav Kilsəsi ilə Qafqaz Müsəlmanları İdarəsinin yüksəksəviyyəli, məhsuldar əməkdaşlıq əlaqələrinin bu sahədə bütün dünya üçün gözəl örnək, postsovet məkanı üçün müsbət nümunə olduğunu qeyd edən qonaq bu il Moskva və bütün Rusiya Patriarxı Aleksinin 2001-ci ildə Azərbaycana ilk səfərinin fəxri ildönümü olduğunu xatırladıb. Arximandrit Filaret Patriarx Kirillin QMİ sədri şeyxülislam A.Paşazadə ilə MDB Dinlərarası Şurasının həmsədrləri olaraq birgə təşəbbüs və səylərinin regional səviyyədə, eyni zamanda, qlobal müstəvidə böyük önəm kəsb etdiyini xüsusi vurğulayıb.

Görüş çərçivəsində işğaldan azad olunmuş Azərbaycan ərazilərində dini məbədlərin bərpası ilə bağlı məsələlərə dair fikir mübadiləsi aparılıb.

Rus Pravoslav Kilsəsinin Azərbaycan Yeparxiyasının təmsilçisinin iştirak etdiyi görüşdə Azərbaycan Milli Məclisinin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Cavanşir Paşazadə, Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərindən Dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev, Avropa yəhudiləri icmasının sədri Aleksandr Şarovski iştirak ediblər.

 

AZƏRTAC