CBC telekanalı Beynəlxalq Jurnalistlər Federasiyası və Jurnalistləri Müdafiə Komitəsinə müraciət ünvanlayıb
Digər xəbərlər

CBC telekanalı Beynəlxalq Jurnalistlər Federasiyası və Jurnalistləri Müdafiə Komitəsinə müraciət ünvanlayıb

“Caspian  İnternational Broadcasting  Company” (CBC) Telekanalının baş direktoru Vüqar Xəlilov Azərbaycanın Kəlbəcər rayonunda xidməti fəaliyyətini yerinə yetirərkən mina partlaması nəticəsində həlak olan jurnalistlərlə bağlı  Beynəlxalq Jurnalistlər Federasiyasına  (İFJ) və  Jurnalistləri  Müdafiə  Komitəsinə  (CPJ) müraciət ünvanlayıb.

AZƏRTAC müraciəti təqdim edir: “Nəzərinizə çatdırıram ki, iyunun 4-də saat 11 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar Azərbaycan Respublikasının işğaldan azad edilmiş Kəlbəcərə ezam olunan televiziya kanallarının və xəbər agentliklərinin əməkdaşlarının olduğu “KamAZ” markalı sərnişin avtomobili rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşüb və nəticədə 3 nəfər - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimov, eləcə də Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən Ermənistan ilə Azərbaycan arasındakı bütün hərbi əməliyyatlara son qoyulmasını bildirən üçtərəfli Bəyanat imzalandığı vaxtdan bu günədək işğaldan azad olunan Azərbaycan ərazilərində mina partlaması nəticəsində 100-dən çox vətəndaşımız həlak olub və ya ağır yaralanıb. Onların əksəriyyəti əmək qabiliyyətini itirib, bir çox ailələr isə başçısını, uşaqlar valideynini itirib. Mövcud problemin hələ də təhlükə olaraq qalmasının əsas səbəbi Ermənistanın işğal dövründə minaladığı ərazilərin xəritəsini Azərbaycana təhvil verməməsidir. Həmin xəritələrin verilməməsinin ümdə məqsədi bölgədə Azərbaycan əhalisinin həyatına qəsd etmək, doğma yurdlarından didərgin salınmış məcburi köçkünlərin qayıdışına əngəl olmaqdır. Bu, məqsədyönlü şəkildə postmüharibə dövründə minalanmış ərazilərdə mülki vətəndaşların və hərbçilərimizin bilərəkdən həlak olmasına hesablanıb. Sözügedən xəritə təqdim olunmadığı müddətdə həmin ərazidə xidmət aparan istər hərbçilərin, istərsə də vəzifə borcunu yerinə yetirən media nümayəndələrinin həyatı hər zaman təhlükə altında qalmaqda davam edəcək. Ermənistanın bu addımı gələcəkdə işğaldan azad olunan ərazilərdə qurulacaq yeni infrastrukturdan sonra öz torpaqlarına geri dönəcək sivil vətəndaşlar üçün də potensial təhlükədir.

Qeyd etməliyəm ki, indiki halda Ermənistan “Müharibə qurbanlarının müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını, 1980-ci il 10 oktyabr tarixli “Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiyanın İkinci Protokolunun tələblərini kobud şəkildə pozur.

“Hədsiz zərərli sayıla bilən və ya seçimsiz nəticələrə malik ola bilən müəyyən adi silah növlərinin istifadəsinə qoyulan qadağalar və ya məhdudiyyətlər haqqında” Konvensiya minalanmış ərazilərin dəqiq qeyd edilməsini və döyüş əməliyyatları başa çatdıqdan sonra minaların təmizlənməsi üçün lazımi tədbirlərin görülməsini tələb edir. Bu protokola məhəl qoymadığı üçün Ermənistana qarşı sanksiyaların tətbiqi mümkündür. Bunun üçün, sadəcə, dünya ictimaiyyətindən obyektiv yanaşma sərgiləməsi, ortaya konkret iradə qoyması tələb edilir.

BMT Təhlükəsizlik Şurası tərəfindən 2017-ci ildə qəbul edilən 2365 saylı qətnaməyə əsasən, quruma üzv dövlətlər minaya qarşı mübarizədə öhdəliklərini yerinə yetirməlidirlər. Bu öhdəliklərdən biri də məhz post-müharibə dövründə minalanmış ərazilərin xəritəsinin təqdim edilməsi ilə bağlıdır. Ermənistan bu xəritəni Azərbaycana verməməklə qeyd edilən qətnamənin  tələblərini pozur. Bu səbəbdən  BMT Təhlükəsizlik Şurası çərçivəsində Ermənistana qarşı müvafiq addımların atılması zəruri şərt kimi çıxış edir.

Bunları nəzərə alaraq, sizdən baş verən hadisəyə reaksiya verməyinizi və səsimizi dünya ictimaiyyətinə çatdırmaqla bu təxribatları törədənlərə qarşı sərt tədbirlər görülməsinə yardım etməyinizi xahiş edirəm”.

AZƏRTAC