15 sentyabr tarixi Azərbaycan-Türkiyə qardaşlığının özünütəsdiq günlərindən biridir
Türk dünyası

15 sentyabr tarixi Azərbaycan-Türkiyə qardaşlığının özünütəsdiq günlərindən biridir

Bu gün Bakının daşnak-bolşevik zülmündən qurtuluşunun 103-cü ildönümüdür.

1918-ci ilin sentyabrına qədər təkcə Bakıda deyil, ümumilikdə Azərbaycanda mövcud durum son dərəcə acınacaqlı idi. Ermənilər bütün ölkə ərazisində silsilə qətliamlar həyata keçirmiş, minlərlə insanı amansız işgəncələrlə məhv etmişdilər. Bakı şəhəri erməni-bolşevik qüvvələrinin nəzarəti altında idi. Azərbaycanlılar öz vətənlərində hüquqsuz vəziyyətdə, ölüm təhlükəsi altında yaşayırdılar. Bakının, bütövlükdə dövlətçiliyimizin itirilməsi təhlükəsi mövcud idi. Məhz bu təhlükənin qarşısını almaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) rəhbərləri müxtəlif xilas yolları arayır, ciddi səylər ortaya qoyurdu. Belə bir məqamda qardaş Türkiyə dövləti Azərbaycan xalqının köməyinə gəldi. 1918-ci ilin 15 sentyabrında ağır döyüşlərdən sonra Bakı Qafqaz İslam Ordusu tərəfindən erməni-bolşevik qüvvələrindən azad edildi. Bundan sonra AXC-nin paytaxtı Gəncədən Bakıya köçürüldü və digər bölgələrimiz də erməni quldur dəstələrindən təmizləndi.

Qardaş Türkiyənin Azərbaycana verdiyi bu mühüm dəstək hər zaman xalqımız tərəfindən dərin minnətdarlıq və rəğbət hissi ilə yad edilib və bu gün də eyni minnətdarlıq duyğusu ilə xatırlanmaqdadır.

Türkiyə 44 günlük Vətən müharibəsində də ölkəmizə mənəvi və diplomatik baxımdan ciddi dəstək verdi. Qürurvericidir ki, biz 44 günlük Vətən müharibəsində də Türkiyənin ölkəmizə dəstəyinə şahid olduq. Türkiyə həm mənəvi, həm də diplomatik baxımdan Azərbaycana ciddi dəstək verməklə, öz qəti, xəbərdaredici mövqeyini ortaya qoydu. Məhz Türkiyənin bu qətiyyətli davranışları bəzi ermənipərəst qüvvələrin proseslərə geniş müdaxiləsinə imkan vermədi. Türkiyə dövləti açıq şəkildə bəyan etdi ki, əgər hər hansı üçüncü qüvvə müharibəyə müdaxilə etsə, o zaman Türkiyə dövləti bütün gərəkli addımları atacaqdır. Bu baxımdan Türkiyənin tarixi qələbəmizdə mühüm rol oynadığı birmənalıdır. 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi dəstək yüz il öncəki yardımlaşma ənənəsinin bu gün də davam etdiyini göstərir. Bu gün Azərbaycan və Türkiyə arasında münasibətlər sürətlə inkişaf etməkdə, genişlənməkdədir. 44 günlük Vətən müharibəsindən sonra Türkiyə ilə Azərbaycan arasında imzalanan müqavilələr bunu bir daha sübut edir.

Azərbaycan-Türkiyə qardaşlığı bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və bütün regionda sülhün, əmin-amanlığın qorunub saxlanılmasına öz töhfəsini verəcək.

Cəlil XƏLİLOV,

Azərbaycan Respublikası Müharibə,

 Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının

 sədr müavini, polkovnik.