15 Sentyabr Bilik Günüdür
Elm və təhsil

15 Sentyabr Bilik Günüdür

Yeni dərs ili-yeni qayğılar

15 sentyabr... İlk dərs və Bilik günü... Əslində bu iki məqamın eyni tarix altında birləşdirilməsi çox təbiidir, çünki, bilik tədrisin məntiqi nəticəsidir, deməli, hər şey məktəbdən başlayır. Bu il də ötən ildəki kimi, yeni dərs ili koronavirus pandemiyasının şərtləri daxilində başlayacaq. İlboyu öyrədən və öyrənənlərimizi hansı sürprizlərin gözlədiyini söyləmək çətindir. Hər şey epidemioloji vəziyyətdən asılı olacaqdır. Ancaq bir şey bəllidir ki, həmişə olduğu kimi, təhsil işçiləri XXI əsrin bu yeni bəlasının tezliklə sona çatması, gələcəyimiz olan uşaqların normal təhsilə qayıtması üçün əllərindən gələni əsirgəməyəcəklər...

Sivilizasiyanın əsas fenomenlərindən biri sayılan təhsil insanın “sosial varlıq” olaraq tarix səhnəsinə çıxdığı və ilk təcrübəsini ötürməyə ehtiyac hiss etdiyi vaxtdan etibarən əsas amilə çevrilmişdir. Bəşər mədəniyyətinin yüksəlişində müstəsna rol oynamış  sivilizasiyaların hər biri isə təmsil etdiyi dövrə görə inkişaf etmiş təhsil sistemi və elminin sayəsində uğur qazanıb. XIX əsrin son rübündə təhsildə qloballaşmanın başlaması nəticəsində bəzi dövlətlər sürətlə inkişaf etmiş, bəziləri isə tənəzzülə uğramışdır. Bütün hallarda elmi-texnoloji üstünlüklərə və informasiyaya malik olanların dünyaya hökmranlıq etdikləri də məlumdur. Məhz bu səbəbdən, hər bir ölkənin qloballaşma şəraitində dünya təhsil sisteminə inteqrasiya olunması, öz təhsil modellərinə uyğunlaşdırması zamanın tələbi olaraq ortaya çıxır.

İnformasiya texnologiyaları sahəsində inkişafa nail olmaq üçün, ilk növbədə, savadlı və peşəkar kadrlar hazırlanmalıdır. Peşəkar kadrların hazırlanmasında isə hər şey gələcək nəslin bu sahəni necə mənimsəməsindən asılıdır. İstənilən sahənin inkişafı o halda özünü doğrulda bilər ki, ondan səmərəli istifadə edən kadrlar olsun. Təsadüfi deyildir ki, ölkə başçısı İlham Əliyev bu zərurəti düzgün qiymətləndirərək məktəblərin kompüterləşdirilməsini mühüm amil kimi önə çəkir və bu sahənin inkişafını vacib sayır. Təbii ki, bu sahəyə xüsusi diqqətin göstərilməsi həm də respublikanın sürətli iqtisadi inkişaf yolunda olması, geniş maliyyə imkanları qazanması ilə də şərtlənir.

Təhsilin səviyyəsini müasir standartlara uyğunlaşdırmaq, ali və orta məktəblərdə tədrisin keyfiyyətinin monitorinqini həyata keçirmək, təhsil sahəsində mövcud problemləri vaxtaşırı təhlil edərək müvafiq tədbirlərin görülməsini təmin etmək məqsədilə dövlət başçısı 2005-ci il 30 may tarixində “Azərbaycan Respublikasının Prezidenti yanında təhsil üzrə xüsusi komissiyanın yaradılması haqqında” Sərəncam imzalayıb. Komissiya təhsilin strateji inkişaf istiqamətləri ilə bağlı təkliflər verir, fundamental islahatların həyata keçirilməsi mexanizmlərini irəli sürür. Dövlət başçısının digər bir fərmanı ilə Azərbaycanda “Bilik günü” təsis edilmiş, təhsil müəssisələrində iş rejimi tənzimlənmişdir. Eyni zamanda, fərmanda ölkəmizin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsinə xidmət edən səmərəli fəaliyyət sisteminin qurulması ilə əlaqədar bir sıra tədbirlərin görülməsi də nəzərdə tutulmuşdur.

Maddi sərvətlərin insan kapitalına çevrilməsindən bu gün çox danışılır. Bu da bir həqiqətdir ki, istər intellektual potensialın formalaşdırılmasında, istərsə də maddi sərvətlərin insan kapitalına çevrilməsində məhz təhsil müstəsna əhəmiyyət daşıyır. Nəticədə yaranan “biliklər cəmiyyəti” onun əksər üzvləri üçün əlverişli, inkişafetdirici mühit formalaşdırır. Belə bir mühitdə də insan potensialı həlledici rol oynayır. Dövlət başçısı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi: “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik. Çünki insanın savadı, biliyi onun gələcək həyatını müəyyən edir, ölkənin hərtərəfli inkişafına xidmət edir. Neft, qaz Tanrıdan verilən böyük nemətdir, biz bundan uğurla və məharətlə istifadə edirik. Amma gec-tez bu təbii sərvətlər tükənəcək və bilik, zəka, səviyyə isə ölkəmizin dayanıqlı inkişafını uzun illər bundan sonra təmin edəcəkdir. Ən inkişaf etmiş ölkələrin təcrübələrinə baxsaq görərik ki, o ölkənin inkişafında ən aparıcı rol oynayan neft, qaz deyil, bilikdir, elmi-texniki tərəqqidir, yeni texnologiyadır”.

Bəli, möhtəşəm bir biliklər cəmiyyəti qurmaq, onun üzvlərini savadlandırmaq, elm, bilik, zəka sahibi etmək kimi müqəddəs bir işin həyata keçirilməsində müəllim əməyi böyükdür. Məhz buna görədir ki, dövlətimiz elm, texniki tərəqqinin, yeni texnologiyaların inkişafı üçün hər cür real şərait yaratmağa çalışır, peşəkar müəllimlər ordusu yetişdirir. Öyrədən və öyrənənlərə yaxşı işləmək və yaxşı oxumaq üçün təhsil müəssisələri yenidən qurulur, yeni məktəblər tikilir, onların maddi-texniki təchizatı yaxşılaşdırılır. Müəllimlər, məktəb rəhbərləri müsabiqə yolu ilə bacarıq və imkanlarına görə işlə təmin edilir. Onların əməyi, bacarıq və qabiliyyətləri düzgün qiymətləndirilir. Bu da onların məsuliyyətini artırır. Gəlin onu da etiraf edək ki, istər öyrədən, istər öyrənənlər üçün vicdan, məsuliyyət, həvəs, istək və maraqdan da vacibdir. Biz ötən ilin sonlarından bütün dünyanı bürüyən pandemiyanın ən kəskin dövründə bunun bir daha şahidi olduq. Çünki bu gözəgörünməz, qara qüvvənin zərbə vurduğu ilk sahələrdən biri məhz təhsil oldu.

2020-ci il martın 2-də Azərbaycanda Nazirlər Kabineti COVID-19 infeksiyasına yoluxma halının qarşısının alınması, ölkə ərazisində yerləşən təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə tədrisin, təlim-tərbiyə prosesinin dayandırılması və bununla əlaqədar bütün tədbirlərin təxirə salınması barədə qərar qəbul etdi.

Təhsilin fasiləsizliyini və davamlılığını təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən təxirə salınmadan yeni təşəbbüslərin reallaşdırılmasına başlandı. İlk növbədə əhatə dairəsinə görə ən geniş olan ümumi təhsil pilləsində teledərslərin təşkili təmin olundu. Bu işlərin məntiqi davamı olaraq növbəti addım kimi, aprelin 2-dən “Virtual məktəb” layihəsi start götürdü, ölkənin ən iri milli onlayn platforması şagirdlərin istifadəsinə verildi. Daha sonra isə epidemioloji vəziyyəti nəzərə alaraq dərslər pandemiya qaydalarına uyğun şəkildə, həm onlayn, həm də ənənəvi formada təşkil edildi. Beləcə, ötən tədris ili çətinliklə də olsa başa çatdırıldı. Təəssüf ki, yeni, növbəti dərs ilini də eyni qayğılarla qarşılayırıq, çünki, koronavirus pandemiyası hələ də hökm sürür.

Təhsil Nazirliyinin yeni, 2021-2022-ci tədris ili ərəfəsində keçirdiyi brifinqdə də yeni qaydalar açıqlandı, görülmüş və görüləcək tədbirlər barəsində ictimaiyyətə açıqlama verildi. Təhsil naziri Emin Əmrullayev haqlı olaraq vurğuladı ki, görülən tədbirlər ilk növbədə təhsil işçilərinin, şagirdlərin sağlamlığının təmin edilməsinə yönəldilmişdir. Yeni dərs ilində ölkəmizin bütün təhsil müəssisələrində tədris ənənəvi şəkildə mərhələli təşkil olunacaq. Ümumi təhsil müəssisələrinin I-IV sinifləri 22 sentyabr 2021-ci il tarixindən ənənəvi şəkildə tədrisə başlayacaq. Sentyabrın 29-dan isə ümumi təhsil müəssisələrinin bütün sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində tədris ənənəvi şəkildə davam etdiriləcək.

Tədrisin gec başlaması ilə əlaqədar olaraq keçirilməyən dərs saatları tədris ili ərzində tətil günləri hesabına bərpa olunacaq.

Brifinqdə bütün təhsil müəssisələri və təhsil işçilərinin ənənəvi tədrisə tam hazır olduğu da qeyd edilib, həmçinin təhsil  müəssisələrində COVID-19 əleyhinə görüləcək tədbirlərdən də danışılıb, təhsil işçilərinin vaksinasiyası məsələsinə də toxunulub. Bildirilib ki, hazırda təhsil işçilərinin 169 min 862 nəfəri vaksin olunub. 138 min 654 nəfər təhsil işçisi vaksinin hər iki dozasını qəbul edib.

Ali təhsil müəssisələrində isə auditoriyalarda tələbələrə say məhdudiyyəti tətbiq ediləcək. Belə ki, mühazirələrdə təxminən 50-60 tələbənin iştirakı mümkün olacaq. Təhsil naziri deyib: “Ali təhsil sistemində üzbəüz təhsilə keçiddə böyük auditoriyalarda mühazirələrin əleyhinəyik. Bununla bağlı qaydalar hazırlanır. Təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks-göstəriş sertifikatını təqdim etməlidirlər. Bununla bağlı hər hansı güzəşt edilməyəcək.”

Yeni dərs ili, yeni qayğılar deməkdir. Ekstremal vəziyyətdə işləmək isə qayğıları bir az da artırır. İnanırıq ki, ötən ilin təcrübəsinə əsaslanan təhsil işçiləri, valideynlər birgə fəaliyyət göstərəcək, qarşıya çıxan çətinliklərin öhdəsindən gələ biləcəklər.

Zümrüd QURBANQIZI,

“Respublika”.