“100 il: Türkiyə Cümhuriyyəti və ümummilli lider Heydər Əliyev
Türk dünyası

“100 il: Türkiyə Cümhuriyyəti və ümummilli lider Heydər Əliyev"

Bursa Uludağ Universitetinin evsahibliyi etdiyi konfrans ''Bir millət, iki dövlət'' devizi altında baş tutub. Mete Cengiz Mədəniyyət Mərkəzində keçirilən konfransda Bursa Uludağ Universitetinin rektor köməkçisi, professor doktor Adem Doğangün, Bursa Böyükşəhər Bələdiyyəsinin nümayəndələri, Azərbaycanın İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, konsul Zaur Allahverdizadə, sabiq xarici işlər naziri Həsən Həsənov və digər rəsmi şəxslər iştirak ediblər.

Konfrans öz işinə hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra başlayıb. Tədbirdə çıxış edən Baş konsul Nərminə Mustafayeva ulu öndər Heydər Əliyevin həyatını xalqımızın rifahının yaxşılaşmasına, güclü Azərbaycan dövlətinin qurulmasına həsr etdiyini və xalqın da buna qarşılıq verdiyini deyib. O, diqqətə çatdırıb ki, Heydər Əliyev hakimiyyətinin ilk illərindən, həmçinin Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına önəm verib və bu, xarici siyasətin əsas istiqamətlərindən biri olub.

''Heydər Əliyev Naxçıvan Ali Məclisinin sədri seçildikdən sonra, Naxçıvanla Türkiyə Cümhuriyyəti arasında gediş-gəlişi təmin etmək məqsədilə Sədərək-Dilucu körpüsünün tikintisinə başlanılıb. İki ölkə arasında iqtisadi, mədəni, sosial, siyasi əlaqələrin inkişaf simvolu hesab olunan Sədərək-Dilucu körpüsü istifadəyə verilib. Dahi şəxsiyyət Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra isə Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlərdə sürətlə inkişaf edib.

Bu gün Azərbaycan və Türkiyə təkcə öz ölkələri üçün deyil, bölgədə sülhə və əmin-amanlığa xidmət edən layihələr gerçəkləşdirir. Heydər Əliyevin dediyi kimi, Azərbaycan və Türkiyə beynəlxalq məsələlərdə hər zaman birlikdədir, bu siyasət əlaqələrimizin təməl prinsiplərindən biridir'', - deyib N.Mustafayeva.

 İlham Əliyevin İstanbulda keçirilən ''TEKNOFEST-2023'' aerokosmik və texnologiya festivalının açılış mərasimindəki çıxışını xatırladan Nərminə Mustafayeva, ulu öndər Heydər Əliyevin "Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir" tezislərinə Prezident İlham Əliyevin "Bir yumruq" mesajının da əlavə olunmasını, dostluğumuzun və qardaşlığımızın, əbədi və sarsılmaz olduğunu bildirib.

Tədbirdə çıxış edən sabiq xarici işlər naziri Həsən Həsənov, ümummilli lider Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına xüsusi önəm verdiyini bildirib. O deyib: ''İki qardaş ölkə xalqları ortaq dəyərlərə və ənənələrə malikdirlər. Ölkələrimizdə bu ənənələr yüksək qiymətləndirilir, qorunur və daha da zənginləşdirilir. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkələrimiz böyük məsafə qət edərək mühüm uğurlara imza atıb və gələcəyimiz üçün parlaq perspektivlər, etibarlı zəmin yaradıblar. Əminliklə deyə bilərik ki, əlaqələrimiz bundan sonra daha səmərəli, faydalı və məqsədyönlü şəkildə uğurla davam etdiriləcək''.

 Heydər Əliyevin uzaqgörən siyasətindən, müdrikliyindən söz açan Həsən Həsənov, onu daha yaxından tanıdığını deyib: "Sizə deyə bilərəm ki, onu tanıdığım dövrlərdə dəyişməyən tək bir şey vardı. O da onun dəyişməməsi. Zaman dəyişdi, hakimiyyət dəyişdi, dünya dəyişdi. Amma Heydər Əliyev dəyişmədi. Moskvada Qorbaçov ilə təkbaşına mübarizə apardı. Ətrafı Ermənistan tərəfdarlarıyla dolu olmağına baxmayaraq, böyük cəsarətlə, ağılla və təmkinlə məsələləri həll etdi. Heydər Əliyev bütün məsələlərdə tək bir şey düşünürdü, bu məsələ xalqıma nə qazandırır? Hər məsələdə bu mövzunu öncə düşünərdi".

Konfransda çıxış edən Bursa Uludağ Universitetinin rektor köməkçisi, professor Adem Doğangün, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həyatlarını ölkələrinin müstəqilliyinin və şərəfinin qorunmasına həsr etdiklərini bildirib. Azərbaycanın Qarabağı, Şuşanı işğaldan azad etməsinin xoşbəxtliyini hiss etdiklərini qeyd edən Adem Doğangün, bu həmrəyliyin və rəğbətin uzun illər davam etməsini arzulayıb.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan Türkiyəyə, Türkiyə isə Azərbaycana bağlı dövlətdir. Nüfuzlu beynəlxalq qurumların tədbirlərində də iki qardaş ölkənin nümayəndələrinin bir-birlərinə dəstək vermələri, mövqelərini müdafiə etmələri yüksək qiymətə layiqdir. Bütün bunlar bir daha təsdiqləyir ki, Türkiyə-Azərbaycan "Bir millət, iki dövlətdir".

Esmira YAZKAN ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.