10 noyabr  Bəyanatı Ermənistanın de-fakto kapitulyasiyasıdır
Siyasət

10 noyabr  Bəyanatı Ermənistanın de-fakto kapitulyasiyasıdır

2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatlarından sonra başlayan Vətən müharibəsi dünyanın bütün diqqətini 30 ildən sonra yenidən Qarabağa yönəltdi. İrəvanın təhrikedici addımları ilə yenidən alovlanan münaqişə əvvəlki miqyasına görə daha geniş vüsət alaraq bütün təmas xətti boyunca gedirdi. Əks-hücum əməliyyatlarını uğurla icra edən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qısa zaman kəsiyində düşmənin bel sütununu qıraraq, iki ölkə arasında rəhbər, xalq və ordu fərqini 44 günün sonunda müəyyən etdi. Məğlub olan Ermənistan baş naziri müharibənin başladığı gündən etibarən efirlərdə "qürurla" çıxış edərək xalqının beynini yalanlarla doldurub qalibiyyətə kökləsə də, lakin bu, baş vermədi. 10 noyabrda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qürur hissi ilə xalqa qələbə sevincini müjdələyərkən, Nikol Paşinyanın bu dəfə "qəhrəman xalqı"na vəd verə biləcəyi heç bir əsası yox idi. Çünki Ermənistan məğlub olmuşdu. Düşmən ölkə kapitulyasiya aktı imzalamaqla beynəlxalq ictimaiyyətin önündə məğlubiyyətini etiraf etmiş oldu.

Dövlətimizin başçısı dəfələrlə müharibənin gedişində bildirirdi ki, bir halda biz dayana bilərik. Ermənistan torpaqlarımızı tərk etməyə razılaşsın və bildirsin ki, müəyyən tarixlərdə zəbt olunmuş rayonlarımızı boşaldacaq. Ermənistan ilk günlərdə buna razılaşmasa da, Şuşanın şanlı ordumuz tərəfindən azad edilməsi ilə məğlubiyyətin qaçılmaz olduğunu görüb kapitulyasiyaya getdi və dövlət başçısı İlham Əliyevin şərtlərini qəbul etməyə məcbur oldu. Qarşı tərəf üzərinə götürdüyü öhdəliklə ilk olaraq 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunun, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonunun, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunun qaytarılmasına razı oldu. Qeyd edilən rayonlarımızun təhvilində müəyyən qədər gecikmələr olsa da, İrəvanın və Moskvanın xahişinə humanist cavab verən dövlət başçısı düşmən olsa belə insan faktorunu nəzərə alıb buna razılıq vermişdi. Azərbaycanın döyüş meydanında apardığı uğurlu hərbi əməliyyatlar ölkənin diplomatik fəaliyyətinə də müsbət təsirini göstərmiş oldu. Beləliklə, üç rayonumuz bir güllə atılmadan Azərbaycana təhvil verildi.

Ölkəmiz üçün müsbət cəhət olan digər bir amil isə Bəyanatda Azərbaycan və Ermənistanın tutduqları mövqelərdə qalacaqlarının göstərilməsidir. 44 günlük müharibənin gedişində düşmən ordu heç bir irəliləyiş göstərməmiş, əksinə, Azərbaycan Ordusu bütün təmas xətti boyunca düşməni geri oturdaraq əvvəlki mövqelərindən çox uzaqlara atmışdı. Artıq 10 noyabr aktına qədər və ondan sonra bütün strateji nöqtələrə Müzəffər Ordumuz nəzarət edirdi.

Türkiyənin İkinci Qarabağ müharibəsində ölkəmizə verdiyi siyasi, mənəvi dəstəyin təqdirəlayiq hal olmasını, dövlət başçısı üçtərəfli Bəyanatda lazımi şəkildə qiymətləndirib. Müddəaların birində qeyd edilir: münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu sülhməramlı mərkəzin tərkibində Türkiyə zabitləri də iştirak edir. Azərbaycanın müdafiəsini üzərinə götürən qardaş ölkənin hərbçilərinin sərhədlərimizin daxilində yerləşməsi ölkəmizin siyasi maraqlarına cavab verir.

Kapitulyasiya aktının imzalanmasına ən çox sevinən şübhəsiz məcburi köçkünlərdir. 90-cı illərin əvvəllərindən doğma yurd-yuvalarından didərgin düşən soydaşlarımız nəhayət, onlara verilən sözün yerinə yetirildiyini gördülər. 30 ildən sonra tarixi yurdumuz olan Qarabağa qayıdış başladı. İşğaldan azad olunan şəhər və kəndlərimizdə sürətlə bərpa-yenidənqurma işlərinin bir qismi yekunlaşdıqdan dərhal sonra Zəngilan rayonunun Ağalı kəndi yenidən öz sakinlərinə qovuşdu. Ermənilərin işğalı dövründə məcburi köçkünlərin sosial rifahının yaxşılaşması dövlətin əsas istiqamətlərindən biri olsa da, onlar üçün ən böyük hədiyyə ata-baba yurdlarına qayıdışdır.

İndi Ermənistan 10 noyabr Bəyanatını kapitulyasiya aktı olaraq qəbul etməsə də, (xüsusilə Nikol Paşinyan bunu dövlət başçısı İlham Əliyevlə Münxen görüşündə də təkzib etmişdi) lakin Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imza atdıqları sənədin bəndləri bunu deməyə əsas verir ki, o, kapitulyasiya aktıdır. Kapitulyasiya sözü latınca "şərtlər, fəsillər, maddələr" mənasını verən "kapitula" (lat. capitulare) sözündən götürülmüş və "təslim olmaq" mənası verir. Bu haqda qısa araşdırma edən hər kəsə aydın olar ki, Ermənistanın imzaladığı 10 noyabr sazişi təslim olmağı özündə ehtiva edir. Müharibə o zaman dayandırılır ki, məğlub tərəf qalib tərəfin bütün şərtlərini qəbul edir və bu, kapitulyasiya adlanır.

Musa BAĞIRLI,

“Respublika”.