Ziyalılığın mükəmməl mücəssəməsi
Tarixi şəxsiyyətlər

Ziyalılığın mükəmməl mücəssəməsi

Kimya elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, "Şöhrət" ordenli, Əməkdar elm xadimi, akademik Rəfiqə Əliyeva, sözün həqiqi mənasında, elm fədaisi idi. Tanınmış alim səmərəli elmi fəaliyyəti ilə Azərbaycan kimya elminin inkişafına mühüm töhfələr vermiş, bu sahədə əvəzsiz xidmətlər göstərmişdir. Ömrünü uzun illər fəaliyyət göstərdiyi, təhsilimizin flaqmanı olan Bakı Dövlət Universitetinə bağlamış, burada bir çox elmi tədqiqatların aparılmasında, kimya üzrə laboratoriyanın yaradılmasında mühüm rol oynayaraq adını elm, təhsil, maarifçilik tariximizə qızıl hərflərlə yazmışdır.

Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1951-1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində təhsil almış, 1957-ci ildə oxuduğu ali təhsil müəssisəsində, 1958-1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda kiçik elmi işçi kimi çalışmışdır. 1960-1963-cü illərdə ADU-nun (indiki BDU) kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər universitetin analitik kimya kafedrasında işləmişdir. O, 1970-ci ildə "germaniumun bəzi üzvi reaktivlərlə əmələ gətirdiyi birləşmələrin spektrofotometrik tədqiqi və onun fotometrik metodla təyini" mövzusunda namizədlik, 1999-cu ildə isə "d-,f-elementləri və germaniumun tərkibinə N-, S-, O- olan liqandlarla müxtəlifliqandlı kompleksləri və onların analitik tətbiqi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, professor adına layiq görülmüşdür. 2001-ci ildən "Ekoloji kimya və ətraf mühitin mühafizəsi" elmi-tədqiqat laboratoriyasına rəhbərlik edən alim 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilmişdir.

ABŞ, Fransa, İspaniya, Rusiya, Yaponiya və digər ölkələrdə keçirilən beynəlxalq simpozium və konfransların iştirakçısı, 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, analitik kimyadan 6 tərcümə kitabının, 20 patentin müəllifi olan alim analitik kimya elminin keçid və nadir torpaq elementlərinin fotometrik təyini və qatılaşdırma metodikalarının öyrənilməsi sahəsində mühüm tədqiqatlar aparmışdır. Elm və təhsilin vəhdətini yaradaraq pedaqoji fəaliyyətlə də məşğul olmuş, kimya elmi sahəsində yüksəkixtisaslı kadrlar yetişdirmişdir. Tələbələrinə yalnız pedaqoq kimi deyil, həm də ana qayğısı göstərən Rəfiqə xanımın ziyası bu gün də onların yoluna işıq salır, dövlətimizə, dövlətçiliyimizə xidmətə, xalqımızın tərəqqisinə, elmimizin inkişafına yönəldir. Yetişdirdiyi alimlər Rəfiqə xanımın elmi irsini yaşadır.

Pedaqoji fəaliyyətlə yanaşı, həm də tədqiqatlar aparan alimin araşdırmaları analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunmuşdur. Görkəmli kimyaçı alimin ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirdiyi tədqiqatlar üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlmişdir. İlk dəfə olaraq spektrofotometrik metod vasitəsilə germaniumun alizarin qırmızı C, stilbazo, piroqallol qırmızı, brompiroqallol qırmızı, xinalizarin reagentləri ilə kompleks birləşmələrini tədqiq etmişdir.

Ekoloji kimya və analitik kimya sahəsində aparılan elmi-tədqiqat işlərinə rəhbərlik edən Rəfiqə Əliyevanın 2001-ci ildə Bakı Dövlət Universitetində yaratdığı "Ekoloji kimya və ətraf mühitin mühafizəsi" adlı elmi-tədqiqat laboratoriyası ölkədə ən qabaqcıl elm mərkəzlərindən idi. Laboratoriyada radioaktiv və ağır metalların ayrılması və təyini üçün yeni metodlar işlənib hazırlanmış və bu metodlar neftin çıxarılması zamanı ətraf mühitə axıdılan çirkli suların və atılan bərk tullantıların analizi və həmin elementlərin onların tərkibindən ayrılması işində tətbiq olunmuşdur. Tədqiqat nəticəsində, həmçinin tullantıların ətraf mühitə təsiri də müəyyən edilmişdir. Analitik kimya sahəsində elmi işləri xüsusi əhəmiyyət kəsb edən görkəmli alimin rəhbərliyi altında aparılan tədqiqatların nəticələrindən neft şlamında, neft çıxarılan zaman axıdılan tullantı sularında, dəniz suyunda qatılaşdırılaraq təyin olunmasında istifadə edilmişdir.

Akademikin həmmüəllifliyi ilə neft sənayesinin laboratoriyaları üçün nəşr olunan iki hissədən ibarət "Neft-kimya sənayesində istifadə olunan kimyəvi analiz metodları" adlı kitablarda neft-kimya sənayesində istehsal prosesində və ətraf mühitin qorunmasında lazım olan ən vacib analiz metodları geniş şəkildə əks olunmuşdur.

B - diketonlar əsasında azobirləşmələr ilk dəfə olaraq professor Rəfiqə Əliyeva tərəfindən sintez edilmiş və fotometrik reagent kimi tətbiq edilməsi təklif olunmuşdur. Onun rəhbərliyi altında sintez edilmiş üzvi reagentlərdə kvantkimyəvi hesablamalara görə elektron sıxlığı hesablanmış və alınan nəticəyə əsasən bu reagentlərin bir-birinə nəzərən nə dərəcədə analitik effekt verməsi qabaqcadan proqnozlaşdırılmışdır. Rəfiqə xanımın elmi rəhbərliyi ilə malein anhidridi və stirolun birgə sopolimeri əsasında sintez edilmiş sorbentdən istifadə etməklə Cu, Cd, Zn, Fe, Ni, Co, U və fenol tipli birləşmələrin qatılaşdırılması üçün optimal şərait işlənib hazırlanmıs və neftayırma zavodlarından alınan çirkab sularında, axıntı və lay sularında metalların qatılaşdırılması üçün istifadə edilməsi təklif olunmuşdur.

Fotometrik metod vasitəsilə üzvi reaktivlərdən istifadə etməklə metalların təyini metodikasının işlənilməsi və mürəkkəb obyektlərdə tətbiqi, molein anhidridi və stirol əsasında sintez edilmiş sorbentlərdən istifadə etməklə bir sıra metalların sorbsiya imkanlarının öyrənilməsi istiqamətində tədqiqatlar aparan alim qarışıqliqandlı kompleks birləşmələrin tədqiqi sahəsində də araşdırmalar aparmışdır. O, ilk dəfə olaraq liqand-liqand qarşılıqlı təsiri müxtəlif fiziki-kimyəvi metodlarla öyrənməklə qarışıqliqandlı kompleks birləşmələrin alınmasında üçüncü komponentin seçilmə prinsipi haqqında müəyyən fikirlər irəli sürmüşdür. Tədqiqatçı təcrübi nəticələrə əsasən müəyyən etmişdir ki, qarışıqliqandlı kompleks birləşmələrin alınmasında binar sistemə əlavə olunan üçüncü komponent metala koordinasiya edərsə, kompleks birləşmələr daha davamlı olur və bu da seçiciliyi artırır. Əgər üçüncü komponent liqandla qarşılıqlı təsirdə olarsa, onda çox vaxt kompleks əmələgəlmə reaksiyalarının həssaslığı çoxalır. Akademikin bu sahədə apardığı elmi tədqiqat işləri çoxillik təcrübəyə malik tanınmış alimlərin diqqətini cəlb etmişdir.

Görkəmli alim, akademik, elm fədaisi Rəfiqə Əliyeva Azərbaycanın elm tarixində analitik kimya ixtisası üzrə ilk akademik olmuş və onun çoxşaxəli əmək fəaliyyəti dövlət tərəfindən layiqincə qiymətləndirilmişdir. "Əməkdar elm xadimi", "Şöhrət" ordenli kimyaçı alim akademik Y.Məmmədəliyev adına mükafatın laureatı olmuş, 2000-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, 2001-ci ildə Amerika Biblioqrafiya İnstitutu tərəfindən "2001-ci ilin adamı" və "2001-ci ilin işgüzar qadını" seçilmişdir. "Ekologiya" və "Ümumi ekologiya" adlı dərs vəsaitləri Təhsil Nazirliyinin təsis etdiyi Həsən Əliyev adına mükafata layiq görülmüşdür.

Mehparə ƏLİYEVA,

"Respublika".