Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, Şəhər İcra Hakimiyyəti Başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Yevlax rayon üzrə təhsil sektorunun müdiri Namidə Abbasov yüksək bal toplayaraq ali məktəbə qəbul olmuş məzunlarla görüşüblər.
Görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev məzunları əldə etdikləri yüksək nailiyyət münasibətilə təbrik edib, onlara gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb. Qeyd edib ki, ulu öndərimiz təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayıb və bu sahəyə çox böyük diqqət, qayğı göstərib. Ümummilli liderin bütün sahələri əhatə edən siyasətini uğurla davam etdirən Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban Əliyeva tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı günü-gündən artırılır. Son illərdə ölkədə yeni məktəb, bina və komplekslərin tikintisi böyük vüsət alıb. Tədris prosesində gənclərimiz ən qabaqcıl texnologiyalardan istifadə edirlər. Ümumtəhsil məktəblərini bitirən gənclər ali və orta ixtisas məktəblərinə qəbulda yüksək nəticələr göstərir, ixtisaslı kadr kimi yetişərək ölkəmizin inkişafında, həyata keçirilən quruculuq tədbirlərində yaxından iştirak edirlər.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, yüksək bal toplayan məzunlar çıxışlarında təhsilin inkişafına yaradılan şəraitə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Sonda, ali məktəblərə yüksək balla qəbul olunan məzunlara Yevlax Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları və qiymətli hədiyyələr təqdim olunub.
Zabit XƏLİLOV,
“Respublika”.