Yaşıllıqlar salınır, ağaclar əkilir
Ekologiya

Yaşıllıqlar salınır, ağaclar əkilir

Ölkələrin iqlim dəyişmələri ilə mübarizəsini gücləndirmək məqsədilə keçirilən COP-a bu il Azərbaycan ev sahibliyi edir. Emissiya qazlarının havaya buraxılması iqlim dəyişmələrinin səbəblərindən biridir. Bununla mübarizəyə Azərbaycan da öz töhfəsini verir və bir çox layihələr həyata keçirilir.

Ötən il COP28 Dubay şəhərində keçirilib və burada bir çox yeni addımlar atılıb. Belə ki, ölkədə 100 minlərlə yeni ağac əkilib və bu sayın 2030-cu ilə qədər 1 milyona çatdırılması hədəflənib. Braziliya isə təklif edib ki, tropik meşələrin qorunması üçün böyük bir fond ayrılsın, inkişaf etmiş ölkələrin maddi dəstəyi ilə bu layihəyə yardım göstərilsin. Bu təklifin əsas səbəblərindən biri dünyanın tropik meşələrinin 60 faizinin Braziliyada yerləşməsidir. İqlim dəyişmələrinin qarşısını almaq və yaşıllığı qorumaq üçün Amazon meşələrinə diqqət göstərilməsi böyük əhəmiyyət daşıyır. Braziliyanın bu təklifi dünyanın 80 ölkəsində tropik meşələrin mühafizəsinə yönəlmişdi. Həmçinin 50-dən çox şəhərin iqlim problemlərinə yardım məqsədli "Yaşıl şəhərlər" layihəsi hazırlanıb. Burada əsas məqsəd şəhərlərin iqlim dəyişmələri ilə mübarizəsində onlara yol göstərmək olub.

Dubayda keçirilən COP28-də müxtəlif təşəbbüslərin ardından isə diqqət ölkəmizin üzərinə yönəlib. Azərbaycanın COP29 gündəliyindəki 14 təşəbbüsün digər ölkələrə çatdırılması nəzərdə tutulub. Ölkəmizin COP təşəbbüsləri dünya ictimaiyyəti tərəfindən təqdir olunub.

Qeyd edək ki, COP29-da həm də sülh çağırışları ediləcək, bu baxımdan Ermənistana da dəvət göndərilib. Bundan əlavə, dünyanın bir çox beynəlxalq təşkilatları, Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, Şanxay Əməkdaşlıq Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi Azərbaycanın COP29-da olan fəaliyyətini dəstəkləyir, ölkəmizin COP29-a ədalətli və ən yaxşı şəkildə ev sahibliyi edəcəyini bilirlər.

Azərbaycan COP29-a xüsusi əhəmiyyət verir. Bunun ən böyük örnəkləri ölkədə davamlı olaraq keçirilən yaşıllaşdırma layihələridir. Yaşıllaşdırma, ağacəkmə aksiyalarının əsas məqsədlərindən biri ölkədə havanın çirklənməsini aradan qaldırmaqdır. Belə ki, ağaclar avtomobillərin havaya buraxdıqları zərərli qazların təsirini azaldır. Sentyabrın 26-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən ağacəkmə aksiyası zamanı 230 ədəd Eldar şamı əkilib və ərazidə müvafiq abadlıq işləri aparılıb.

Həmçinin Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə ECOLEAD layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib. Bakı Dövlət Universitetinin tələbələrinin iştirakı ilə xeyli ağac əkilib, yaşıllıqlar salınıb.

Sentyabrın 26-da keçirilən ağacəkmə aksiyaları Anım Gününə həsr edilib. Şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün əkilən minlərlə yeni ağac əraziyə gözəllik verir. Həmçinin COP28-də Birləşmiş Ərəb Əmirliklərinin yaşıllaşdırma layihələrinə və iqlim dəyişmələri ilə mübarizəsinə töhfələr vermişdi. Ölkəyə 70 min nəfər turist və rəsmi nümayəndələr gəlmişdi. COP28 yeni layihələrin reallaşdırıldığı, yeni qərarların alındığı konfrans kimi dəyərləndirilmişdi. COP27 zamanı əsas diqqət inkişaf etməmiş ölkələrin iqlim dəyişmələri ilə mübarizəsində maliyyə dəstəyinin verilməsinə yönəlmişdi. Bu məqsədlə COP28 zamanı da diqqətlər eyni tərəfə yönəlmişdi. Nəticədə 720 milyon ABŞ dolları həcmində yardım toplanmışdı. Lakin qeyd edilənlərə görə, inkişaf etməmiş ölkələrə dəstək üçün toplanmalı məbləğ 100-580 milyard miqdarında olmalı idi.

Bütün bunlar nəzərə alınaraq Azərbaycanın ev sahibliyi edəcəyi COP29 daha çox önəm kəsb edir. Həm inkişaf etməmiş ölkələrin iqlim dəyişmələri ilə mübarizəsinə dəstək vermək, həm də karbon qazı emissiyalarını azaltmaq ölkəmizin əsas əhəmiyyət verdiyi məsələlərdəndir.

Ləman TƏHMƏZ,

"Respublika".