“Yaşıl enerji
Ekologiya

“Yaşıl enerji"yə keçid və dayanıqlı gələcək

Azərbaycanın "yaşıl enerji" siyasəti ölkənin ekoloji dayanıqlılığını artırmaq və qlobal iqlim dəyişmələri ilə mübarizəyə töhfə vermək məqsədi daşıyır.

Qarabağ təbii resurslarla, o cümlədən bərpaolunan enerji mənbələri ilə zəngindir. Bölgədə günəş və külək enerjisi istehsalı üçün əlverişli şərait mövcuddur. Regionun relyefi və açıq əraziləri külək enerjisinin istifadəsi üçün ideal hesab olunur. Eyni zamanda günəşli günlərin çoxluğuna görə günəş enerjisi istehsalı üçün geniş imkanlar yaranır.

Ölkə başçısı İlham Əliyev 44 günlük Vətən müharibəsindən sonra Qarabağı, Şərqi Zəngəzuru və Naxçıvan Muxtar Respublikasını "yaşıl enerji zonası" elan edib. Ölkəmizin bütün guşələrinin, eləcə də işğaldan azad edilmiş Kəlbəcər və Ağdərə rayonlarının geotermal və günəş enerjisi ehtiyatları, Laçın, Qubadlı və Zəngilan rayonlarının hidroenerji mənbələri, Şuşa, Xocavənd və Cəbrayıl rayonlarının külək enerjisi, Tərtər, Ağdam, Xocalı rayonlarının bioenerji ehtiyatlarından səmərəli istifadə edilməsi nəticəsində ölkəmiz ümumilikdə "yaşıl enerji" istehsalçısına çevrilib. "Yaşıl enerji" siyasəti Azərbaycanın ümumi enerji siyasətinə böyük töhfə verir. Yalnız iqtisadi deyil, həm də ekoloji baxımdan yenidən dirçələn ölkəmiz daha parlaq və sabit bir inkişafın əsasını qoyur.

Azərbaycan bərpaolunan enerjiyə investisiyaları təşviq etmək və milli şəbəkəyə inteqrasiyasını asanlaşdırmaq üçün qanunvericilik hazırlayır. Bura bərpaolunan enerji mənbələrinin satın alınması üçün çərçivələrin yaradılması, əlavə tariflərin müəyyənləşdirilməsi və bərpaolunan enerji layihələri üçün stimulların təmin edilməsi daxildir. Ölkəmiz "yaşıl enerji" təşəbbüslərini dəstəkləyən beynəlxalq əməkdaşlığa xüsusi önəm verir. Bura bərpaolunan enerji layihələrini maliyyələşdirmək və həyata keçirmək üçün Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq da daxildir. Bərpaolunan enerjinin inkişafı ilə yanaşı, Azərbaycan enerji istehlakını azaltmaq və davamlılığı artırmaq üçün müxtəlif sektorlarda enerji səmərəliliyinin artırılmasına da diqqət yetirir. Elektrik enerjisi istehsalı üçün hidroenergetikadan da istifadə edir. Ölkəmizdə bir neçə su elektrik stansiyası var. Göründüyü kimi, Azərbaycan alternativ enerji tariflərinin çevik tənzimlənməsi ilə bərpaolunan enerji mənbələrindən istifadəni sürətləndirmək, elmi və texniki bacarıqları gücləndirmək, mütəxəssislərin təlimini davam etdirmək, enerji istehlakçılarının məlumatlılığını artırmaq və özəl sektoru prosesə cəlb etmək üçün həvəsləndirici tədbirlərin icrasını planlaşdırır.

Azərbaycan "yaşıl enerji" sahəsində liderliyi ilə yalnız milli səviyyədə deyil, qlobal miqyasda da böyük əhəmiyyət kəsb edir. Güclü siyasi iradə, beynəlxalq tərəfdaşlıq və strateji yanaşma ilə enerji sektorunda köklü dəyişikliklərə imza atır. Bu, ölkənin iqtisadiyyatının şaxələndirilməsi və dayanıqlı inkişafının təmin edilməsi baxımından mühüm mərhələdir. Azərbaycanın bu istiqamətdəki uğurları, digər ölkələr üçün nümunə və ilham mənbəyidir. Dünya enerji problemlərinin həlli yolunda Azərbaycanın liderliyi qlobal miqyasda dayanıqlı enerji mənbələrinə keçidin vacibliyini bir daha önə çıxarır. Bu yolda Azərbaycan beynəlxalq səviyyədə hörmət və dəstək qazanmış ölkə kimi qlobal enerji xəritəsində öz mövqeyini möhkəmləndirir.

Prezident İlham Əliyev də söylədiyi kimi, "dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır. "Yaşıl enerji" növlərinin yaradılması və "yaşıl enerji"nin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək".

Röya RÜSTƏMLİ,

"Respublika".