BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi Azərbaycana böyük hörmət və etimadın nəticəsi, milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. Məhz bu problemlərə qarşı mübarizəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixdə 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi yüksək qiymətləndirilir. Bu sərəncam, eyni zamanda Azərbaycanın qlobal təşəbbüslərə ilk qoşulan ölkələrin sırasında olduğunu bir daha göstərir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir.
Ekoloji maarifləndirmə ilə bağlı Yevlax şəhərində də tədbirlər keçirilir. Təsdiq edilmiş tədbirlər planı əsasında Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində şəhərin küçə və prospektlərində, yol kənarlarında təmizlik işlərinin görülməsi ilə bağlı ümumşəhər iməciliklər təşkil olunur, şəhərin müəyyən yerlərində yaşıllıqlar zolağı salınır və digər tədbirlər keçirilir. Bu genişmiqyaslı aksiyalarda ərazilərdə yaşıllıqlara qulluq göstərilir, ağaclar suvarılır, qurumuş alaq otları, kol-kos təmizlənərək müəyyən olunmuş yerlərə daşınır.
Qeyd edək ki, belə ekoloji maarifləndirmə və təmizlik işlərini gücləndirmək üçün təşkil edilmiş iməciliklər şəhər sakinləri tərəfindən məmnunluqla qarşılanır.
Zabit XƏLİLOV,
"Respublika".