“Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Bravo” supermarketlər şəbəkəsinin, Coca-Cola Fondunun dəstəyi, “EcoHub” İctimai Birliyinin təşəbbüsü ilə plastik tullantıların təkrar emalını təşviq etmək məqsədi ilə yeni ekoloji layihəyə start verilib. Layihənin əsas məqsədi plastik tullantıların düzgün idarə olunması və təkrar emalını təşviq edərək ətraf mühitin qorunmasına və təbii resursların səmərəli istifadəsinə töhfə verməkdir.layihə əhalini təkrar emala təşviq etmək üçün növbəti imkandır. Layihənin əsas dəstəkçisi olan Coca-Cola şirkətinin Avrasiya üzrə ictimaiyyətlə əlaqələr direktoru Elşad Fərzəliyev layihə çərçivəsində plastik tullantıların təkrar emalının əhəmiyyəti ilə bağlı maarifləndirmə işlərinin də görüldüyünü deyib: “Sevindirici haldır ki, Coca-Cola və “EcoHub”ın “Tullantısız Dünya” şəbəkəsi genişlənir. Artıq “Bravo” hipermarketləri də bu təşəbbüsə qoşulur.
Plastik tullantıların təbiətdə yox olması yüz illərlə vaxt tələb edir. Plastiklərin təbiətə təsirini azaltmaq və təkrar emalı dəstəkləmək üçün tərəfdaşlarımız ilə birgə yeni layihəyə başlamdır. Paytaxtda əhalinin sıx məskunlaşdığı dörd ünvanda plastik tullantılar üçün təkrar emal qutuları yerləşdirilib. Toplanan plastiklər mütəmadi olaraq təkrar emal müəssisələrinə yönləndirilir və beləliklə təbiət mühafizə olunur.
Qeyd edək ki, Coca-Cola özünün “Tullantısız Dünya” proqramı çərçivəsində 2030-cu ilə qədər bazara çıxardığı bütün qablaşdırmaları toplayıb təkrar emal etməyi hədəfləyir. Bu istiqamətdə Azərbaycanda bu günə qədər “Təmiz Ölkəm”, “Sıfır tullantı”, “HORECA Collection”, “Xəzəri Qoruyaq” kimi layihələrə dəstək olub.
Bəybala BƏYBALAYEV,
“Respublika”.