Xankəndi – dirçəlişin yeni ünvanı
Sosial həyat

Xankəndi – dirçəlişin yeni ünvanı

Yayın qızmar nəfəsi hər tərəfi qarsalayır, bürkü insanı təntidir, rahat və geniş yol bizi Qarabağa aparır, bir udum sərin hava ümidi ilə işğaldan azad edilmiş ərazilərə daxil oluruq. Ağdamı keçəndən sonra Xocalıda isti bir qədər azaldı, qədim Əsgəran qalasının nəhəng divarları arasından keçib Xankəndiyə çatanda gün günorta olmuşdu.

Yolboyu bizi qovuran isti burada sərin mehə çevrildi, bu qədim yurd yerinin havası üz-gözümüzə sığal çəkdi, əzəmətli dağların əhatəsində olan Xankəndidən keçən sərin hava dəhlizləri yayın istisini yaxına buraxmırdı. Axşamüstü hava daha da soyudu, küçələrdə, parklarda gəzişən insanlar bürüncək hayına düşdülər. Xankəndinin aurası tamamilə dəyişib, burada aparılan bərpa-quruculuq, insanların 30 illik həsrətdən sonra Xankəndiyə səfər etmələri, bəzi küçələrdə samovarların tüstülənməsi, yorğunluğu bir anda candan çıxaran pürrəngi çay, uşaqların səs-küyü, yaşlıların şükranlıq duaları, qürurla addımlayan adamların sevinci və nəhayət, sözün əsl mənasında, ürəklərdən süzülüb gələn, hər dildə, dodaqda dolaşan minnətdarlıq Qalib Ali Baş Komandan İlham Əliyevə, qəhrəman ordumuza ünvanlanıb. Şəhidlərə rəhmət oxunur, qazilərə cansağlığı arzu edilir. İşğaldan azad olunan torpaqlarda, xüsusilə Şuşada və Xankəndidə gəzmək insanı bir boy ucaldır, duyğulara qol-qanad verir.

İstər-istəməz düşünürsən ki, hər bir xalq və millət tarixə hörmətlə yanaşmalıdır. Tarixdə yanlışlıq gələcəkdə hər hansı bir millətin və xalqın müqəddəratında arzuolunmaz hadisələrə, kiçik münaqişələrdən tutmuş böyük savaşlara səbəb ola bilər. Bu gün on minlərlə, yüz minlərlə insanın həyatına son qoyan müharibələrin səbəblərindən biri də tarixi təhrif edərək torpaq iddiası ilə yaşayanların məkr və cinayət dolu əməlləridir. Məhz keçmiş Qarabağ münaqişəsinin kökündə də erməni millətçilərinin tarixi təhrif etmək cəhdi və Azərbaycan torpaqlarına sahib olmaq iddiası dururdu. Amma bir məsələ də var ki, həqiqəti sevən, gerçəklik və reallıqları öz səhifələrinə yazan tarix heç vaxt ləkə götürmür və yaxud onu saxtalaşdırmağa cəhd edənlərin aqibəti "dəmir yumruq" olur. Xankəndidə yaddaşın intibahı baş verir, hərbi-diplomatik zəfərin möhtəşəmliyini daha yaxından hiss edirsən. Keçmiş sovetlər birliyinin "Dağlıq Qarabağ Muxtar Vilayəti"ni yaratdığı gün (7 iyul 1923-cü il) həmin ərazilərdə 88 ildən sonra eyni ayın eyni günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradıldı. Müzəffər Prezidentimiz tarixin və zamanın haqsızlığını qətiyyət və cəsarətlə aradan qaldırdı. İndi hər iki bölgədə misli görünməyən quruculuq və bərpa işləri aparılır, Böyük Qayıdış uğurla davam edir. Ötən il oktyabrın 15-də Qalib Ali Baş Komandan Xankəndi şəhərində, Ağdərədə, Əsgəranda, Xocalıda, Xocavənddə Zəfər bayrağımızı ucaltdı və Xankəndinin mərkəzində çıxış etdi. Tarix yazan Liderimizin həmin çıxışı müasir Azərbaycanın qəhrəmanlıq tarixi kimi dərsliklərə salınmalı, indiki və gələcək nəsillər bu şərəfli dönüşü öyrənməlidirlər.

Xankəndi XVIII əsrin axırlarında Qarabağ xanlarının istirahət etmələri üçün salınan yaşayış məskəni olub. Xanlığın paytaxtı Şuşa şəhərindən 10 kilometr aralıda, dağların ətəyində, meşələrin əhatəsində, dağ çaylarının keçdiyi səfalı ərazidə salınan yurd yeri əvvəlcə Xanın kəndi adlandırılıb. İlk illərdə yaşayış məskənində xan ailəsi və onların yaxınları yaşayıb. Təbiətinə və havasına görə Xankəndi başqa yerlərdən fərqlənir. Qeyd edək ki, Xankəndi Qarqar çayının sahilində, Qarabağ dağ silsiləsinin şərq ətəyində, Bakıdan 385 km aralıda yerləşir. İnzibati bölgüyə görə Xankəndi şəhərinə Kərkicahan qəsəbəsi də daxil olub. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin mərkəzi olub. Sahəsi 8,8 kvadratkilometrdir. Xankəndi şəhəri erməni silahlı qüvvələri tərəfindən 1991-ci il dekabrın 28-də işğal olunub. Şəhər şimaldan Kəlbəcər, Tərtər, Ağdərə, Ağdam, cənubdan Şuşa, şərqdən Xocavənd, qərbdən Laçın, mərkəzdən isə Xocalı və Əsgəran rayonları ilə əhatə olunub. Qədim yurd yerimiz Xankəndi yenidən milli ruha və ovqata köklənir. Otuz ildən artıq dünyanı öz uydurma və yalanlarına inandırmağa çalışan erməni separatçılarının Xankəndidəki "mərkəzi qərargahı", separatizm yuvası rolunu oynamış "hökumət binası"nda indi Azərbaycan bayrağı dalğalanır. Füsunkar təbiəti, tarixi-mədəni abidələri ilə tanınan Xankəndidə geniş və ecazkar turizm potensialı var. Regionun rəqabətqabiliyyətli turizm məkanına çevrilməsi üçün hərtərəfli tədbirlər görülür.

İyulun 5-də Prezident İlham Əliyevin iştirakı ilə Xankəndidə açılışı olan "Qarabağ" və "Palace" hotelləri də turizmin inkişafında böyük rol oynayacaq. "Qarabağ" hoteli ötən əsrin ortalarında istifadəyə verilib. 2023-cü ildə 24 saatlıq antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün tam bərpasından sonra Prezident İlham Əliyevin tapşırığına əsasən hoteldə təmir-bərpa və yenidənqurma həyata keçirilib. Yenidənqurmadan sonra bina ilkin görkəminə qaytarılıb. Hotelin keçmiş adı da bərpa edilib və "Qarabağ" adı ilə fəaliyyət göstərir. Müasir səviyyəyə çatdırılan hoteldə Xankəndi şəhərinə səfər edən qonaqların rahatlığı üçün hər cür şərait yaradılıb. Burada müxtəlif kateqoriyalı otaqlar var, restoran fəaliyyət göstərir. Hoteldə işgüzar görüşlər və tədbirlər keçirmək də mümkün olacaq.

Əsaslı təmir və bərpadan sonra açılışı olan "Palace" hotelində də qonaqların istirahəti və rahatlığı üçün bütün şərait yaradılıb. Müxtəlif tipli 54 otağın olduğu hoteldə ən müasir iaşə məkanları xidmət göstərir. Açıq və qapalı terras zonalarından ibarət restoranda 300 qonağı qəbul etmək imkanı olacaq. Bundan başqa, burada səhər yeməyi restoranı, "Şirin Coffee & Bakery", "Cafe Park-Fast Food" və "Dəfnə" restoranlar, hotelin əyləncə və istirahət zonalarında SPA, sauna və qapalı hovuz, idman zalı yaradılıb. Xankəndinin mərkəzində yerləşən "Palace" hotelindən açılan gözəl mənzərə qonaqların zövqünü oxşayır.

Xankəndiyə qayıdışla bağlı bütün infrastruktur yenilənir və bərpa edilir. Regional Su Meliorasiya Xidmətinin Qarabağ Regional Sukanal İdarəsi peşəkar işçi heyəti ilə bütün Qarabağ üzrə su və kanalizasiya xidmətinin təşkili və idarəolunmasını təmin edir. Həm də Qarabağa qayıdışla bağlı yerli sakinlər işlə təmin olunurlar. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xankəndi şəhəri işğaldan azad olunandan sonra düşmənin viran qoyduğu sukanal sahələrində bərpa işləri aparılıb. Xankəndidə iki Sutəmizləyici Qurğular Kompleksi fəaliyyət göstərir. Birinci kompleksin içməli su mənbəyini Xəlfəli çayı, ikincinin isə su təchizatını Cəmilli və Ballıca kəndlərindən keçən çaylar təşkil edir. Şəhərdə 10 ədəd subartezian quyusu mövcuddur. Sutəmizləyici qurğular vasitəsilə suyun təmizlənərək şəhər şəbəkəsinə nəqli həyata keçirilir. Şəhər ərazisində su təsərrüfatı sahəsində təmir-bərpa işlərini sukanal sahəsinin peşəkar mühəndisləri və ustaları icra edirlər. Xankəndi əhalisinin su təminatı sakinlərin rifahının yaxşılaşdırılmasına göstərilən yüksək xidmətin əsas tərkib hissəsidir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi Xankəndi şəhərindəki təbii qaz təchizatı infrastrukturunda bərpa və quruculuq həyata keçirir. Qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan bütün ərazilərdə əsaslı quruculuq davam edir. Qarabağ Regional Qaz İstismarı İdarəsinin Xankəndi xidmət sahəsi üzrə rəis müavini Vasif Məsimov bildirib ki, ümumilikdə 41 min metr yeraltı qaz kəmərləri təsbit edilib. Quruculuq və abadlıq ilə əlaqədar olaraq binaların təbii qazla təchiz edilməsi və qaz kəmərlərinin kipliyə sınaq işləri davam etdirilir. Antiterror tədbirləri zamanı qaz kəmərlərinin zədələnmiş hissələri qaynaq vasitəsilə bağlanıb. Qədim yurd yerinə qayıdan insanların məşğulluğunun təmin edilməsi üçün dövlət tərəfindən layihələr həyata keçirilir. Hazırda Xankəndi şəhərində ümumi investisiya dəyəri 6 milyon ABŞ dolları olan toxuculuq fabriki inşa edilir. Özbəkistanla birgə həyata keçirilən layihənin ilkin mərhələsində 400 nəfər işlə təmin olunacaq. Tikinti işlərini həyata keçirən "BUSINESS TEX JV" şirkətinin direktoru Əfqan Müslümov bildirib ki, ərazisi 1,5 hektar olan fabrikin tikintialtı sahəsi 4 min kvadratmetrdir. Fabrikin birinci mərtəbəsi kəsim, ikinci və üçüncü mərtəbələri toxuculuq müəssisəsi kimi fəaliyyət göstərəcək. Zirzəmi hissə isə depo olacaq. Hazırda yüngül sənaye müəssisəsində birinci mərhələdə işlərin 70 faizi icra edilib. Bu ilin sonunadək birinci mərhələnin yekunlaşması nəzərdə tutulur. Fabrik tam fəaliyyətə 2025-ci ilin sonunda başlayacaq və burada 800-1000 nəfər işlə təmin olunacaq. Fabrikə Özbəkistandan da mütəxəssislər cəlb ediləcək, dəzgahlar Türkiyədən, tikiş üçün xammal isə Özbəkistandan gətiriləcək. Burada əsasən qısaqol köynəklərin istehsalı nəzərdə tutulsa da mərhələli şəkildə müxtəlif geyimlərin istehsalı da həyata keçiriləcək. Məhsullar yerli bazarla yanaşı, xaricə də ixrac olunacaq. Artıq dünyanın tanınmış geyim firmaları ilə danışıqlar aparılır.

Qeyd edək ki, Azərbaycan Prezidentinin avqustun 22-23-də Özbəkistana dövlət səfəri çərçivəsində keçirilən görüşlərdə iki ölkə arasında investisiya proqramları müəyyən olunub. Burada sənaye, kənd təsərrüfatı, turizm və mehmanxana biznesi əsas yer tutur. Daşkənddə prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyevin hər iki ölkənin işgüzar dairələrinin nümayəndələri ilə görüşündə yeni Özbəkistan-Azərbaycan birgə layihələri təsdiq edilib və işə başlanılıb. Ümumi dəyəri 520 milyon ABŞ dolları olan 7 layihə həyata keçiriləcək ki, Xankəndi şəhərində Özbəkistanın inşa etdiyi toxuculuq fabriki də onlardan biridir. Qürurla deyirik ki, Xankəndi azaddır, əcdadlarımızın ruhu dinclik tapdı, şəhidlərimizin qisası alındı, şər, şeytan yuvası əbədilik dağıdıldı. Dünyanın cənnət guşələri çoxdur, ancaq Xankəndi elə cənnətin özüdür...

Salman ALIOĞLU,

"Respublika".