Xalçaçılığa fəlsəfi naxışlar gətirən rəssam
Müsahibələr

Xalçaçılığa fəlsəfi naxışlar gətirən rəssam

Azərbaycan xalça sənəti tarixi köklərə, zəngin ənənələrə malikdir. Hər ilməsində gizli sirlər yatan semantik və estetik naxışlı xalçalarımız baxanı özünə heyran edir. XX əsrin ortalarından etibarən Lətif Kərimov məktəbinin yetirməsi olan onlarla ornamentalist, o cümlədən xalçaçı rəssamlar bu sahənin inkişafında əvəzsiz xidmətlər göstəriblər. Aydın Rəcəbov bu məktəbin yetirməsi kimi fərqli yaradıcılıq üslubu, özünəməxsus dəst-xətti ilə seçilir. Rəssam hər zaman yaratdığı kompozisiyanın dəqiqliklə həllinə xüsusi diqqət göstərir. Onun 2005-ci ildə təşkil olunan fərdi sərgisində nümayiş etdirilən xalça nümunələrində qədim ənənələrlə müasirlik vəhdət təşkil edir. Rəssam "Ağaclı", "Simurq", "Süvari-Dərviş", "Füzuli", "Dür at", "Qoç" kimi bir-birindən gözəl əsərlərin müəllifidir. Həmin xalçalarda hər mövzuya uyğun salınmış naxışlarda qədim türk - Oğuz nümunələri əsas meyar kimi xüsusi yer tutur. Aydın Rəcəbov özünəməxsus üslubu, fəlsəfi yanaşma tərzi ilə seçilən, Azərbaycan incəsənəti tarixində silinməz izi olan ustadların yolunu davam etdirən xalçaçı-rəssamdır. Xalq rəssamı Aydın Rəcəbovla müsahibəni təqdim edirik:

- Aydın müəllim, nə üçün məhz rəssamlığı seçmisiniz?

- Mən 2 yaşımdan etibarən gecə-gündüz bağçasında olmuşam. Orada əlimə nə vaxt kağız düşsə, tez cızma-qara edərdim. 80-ci illər idi, bir dəfə vaxtilə getdiyim bağça tərəfə yolum düşdü. Uşaqlıq illərim gözümün qarşısında canlandı və ora baş çəkmək qərarına gəldim. İçəri girəndə gördüm ki, iki rəsmim divarda asılıb. Bu məni çox təsirləndirdi, uşaqlıq arzum olan rəssamlıq hissi içimdə coşub-çağladı. Təsəvvür edin, əlimə kömür düşürdü onunla belə divara rəsmlər çəkirdim. Buna görə məni hər zaman danlayırdılar. Məktəb illərində rəssamlığa böyük həvəs göstərirdim. Çəkdiyim rəsmlər həmişə seçilirdi. Daha sonra rəssam olmağa qərar verdim. 1966-cı ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskvaya getdim. Bir müddət sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunda Lətif Kərimovdan dərs aldım. O, dərs zamanı tarixdən, dindən, memarlıqdan, musiqidən, muğamdan, bir sözlə, hər şeydən danışardı. Dərsin bitməsinə 5 dəqiqə qalmış əlinə təbaşir alıb yazı taxtasına bir ornament çəkər və bizə onu kompozisiya etməyi tapşırardı. Biz gözləyərdik ki, o, növbəti dərs zamanı mövzunu davam etdirsin.

- Geniş və dərin mütaliəniz var. Maraqlıdır, həyat və yaradıcılıq yolunda kimlərin sizə təsiri olub?

- Mən institutu bitirdikdən sonra çox düşündüm: sənət meydanına xalçaçılıqla çıxım, yoxsa rəssamlıqla? İlk dəfə rəngkarlıqla çıxdım, gördüm 50-60 nəfər rəssam var, mən də onların içində. İkinci sərgiyə xalça təqdim etdim. 1975-ci ildə bir sərgi oldu. Sərgi açıldı, işimi orada görmədim. O, iş mənim ilk işim idi, "At" adlandırmışdım. Yusif Hüseynova yaxınlaşıb dedim, mənim xalçamı asmayıblar. O mənə bildirdi ki, Moskvadan komissiya gəlib və mənim işimi bəyənərək dərhal Ümumittifaq sərgisinə aparıblar. Daha sonra rəssam Aqil Kərimovla bərabər Moskvaya sərgiyə getdik. Bu sərgidə də xalçamı tapmadım. Səhəri gün getdim SSRİ Rəssamlar İttifaqına, yaxınlaşıb soruşdum ki, xalçam haradadır? Onlar mənə bildirdilər ki, bir az gözləyin. Daha sonra xalçamın şəklini göstərib dedilər ki, biz bu işi Əlcəzairə sərgiyə göndərmişik. Həmin xalça iki il müxtəlif ölkələrdə sərgiləndi. Bu mənim ilk işim idi. İki ildən sonra Mədəniyyət Nazirliyi bu xalçanı fonda daxil etdi.

- Xaricdə sərgilənən xalçalarınız barədə nə deyə bilərsiniz?

- İsveçrədə bir hoteldə çox böyük sərgim təşkil olunub. Əvvəlcə mənə bir kitabxana göstərdilər, lakin mən razı olmadım. Daha sonra böyük bir zalda gözəl sərgi təşkil olundu. Mən dekorativ-tətbiqi sənət bölməsinin sədriyəm, Fransada da Azərbaycan dekorativ-tətbiqi sənət sərgisini keçirmişik. Ora apardığım 12 xalçam çox maraqla qarşılandı.

- Əsərlərinizi bu qədər fərqli edən nədir?

- Ümumiyyətlə, xalçaların ornament kompozisiyası və texnologiyasını çox dərindən bilmək lazımdır. Mən elə süjet və motivlərdən istifadə edirəm ki, onlar nəinki harmonik olaraq memarlıq mühitinə daxil olur, eyni zamanda mühitin monumentallığını bir daha sübuta yetirir. Abşeron motivləri üzrə işlədiyim "Əncir ağacı" adlı xalçada ara sahə motivləri haşiyədəki qədim damğa təsvirləri ilə uyğunluq təşkil edir. Onların hər birində dərin və gizli mənalar yatır. O əsərdə müqəddəsliyi tərənnüm etsəm də, "Üzüm salxımları" əsərində təbiətin dörd ünsürünün və xeyir-bərəkət rəmzi hesab edilən üzümün yarpaqlı budaqlarının dekorativ stilizəli təsvirini verərək maraqlı və fərqli kompozisiya yaratmışam. Ümumən yaradıcılığımda Abşeron motivlərinə xüsusi önəm verirəm. Özüm də Abşeronda doğulub boya-başa çatmışam. "Süvari-Dərviş", "Faytonçu" və digər xalça nümunələrində stilizə edilmiş dekorativ forma hakimdir. Bundan başqa ornamental və mifoloji mövzularda da qeyri-adi kompozisiyalar yaratmışam. "Dür at" və ya "Peqas" adlı xalça nümunələri çox böyük maraq doğurub. Bundan başqa, "Günəşi gəzdirən ağ dəvə", "Qurbanlıq qoç", "Əkinçi qoca" əsərlərinin özünəməxsus dəst-xətti var.

- Fərdi kolleksiyalarınız sər

gilənirmi?

- Əlbəttə. Almaniyada, Türkiyədə, İtaliyada, İspaniyada, Fransada, Belçikada, Norveçdə, Rusiyada şəxsi kolleksiyalarım var. Hətta mənə bir gün xəbər gəldi ki, bir ispan mənim fərdi kolleksiyalarımı ölkəsinin muzeyinə hədiyyə edib. Ümumiyyətlə, xalçada çox gizli sirlər var. Məsələn, işarələr var ki, onu heç kim oxuya bilmir. Əvvəllər kahinlər xalça ilə informasiya ötürürdülər. Xalça sirli bir məkandır. Ritual xalçalar haqqında da danışmaq istəyirəm. Bu xalçaların ipi yağlı olur, çünki qoyun yunundan hazırlanır. Yerə sərəndə bütün əks enerjini və tozu yığaraq kristallaşdırır. Elə xalça var ki, evə müsbət enerji verir. Mən toxucularla hər zaman zarafat edir, onları güldürürəm ki, enerjilərini xalçaya ötürsünlər. Elə işarələr, elə rənglər var ki, onu ancaq biz bilirik.

- Sizcə, fotorəssamlıq bu sənətə marağı azaldıbmı?

- Əslində, gənclərin fotoaparata marağının olması çox yaxşıdır. Lakin mən istəyərdim ki, onlar özlərindən də nəsə qatsınlar, sənətə töhfə versinlər. Mən kompozisiya qurur və yaradıram.

Bizim XVIII-XIX əsr şedevr sənət nümunələrimizi mənimsəyib öz ölkələrində istehsal edirlər. Mən bunun əleyhinəyəm və hər zaman deyirəm ki, öz işinizi ortaya qoyun. Qafqaz xalçalarını ermənilər öz adlarına çıxırlar. Çünki müəllifi yoxdur. Mənim xalçamı götürüb deyirlər, erməni xalçasıdır, lakin mən bunu sübut edə bilmirəm. Yaxşı olardı ki, müxtəlif dillərdə xalçaçılığa aid kitablar çap olunsun. Çünki ermənilər bu günün özündə də bizim xalçaları mənimsəməyə çalışırlar. Biz bu mövzuda kitab çap edərək milli-mənəvi dəyərlərimizi qoruya bilərik. Məsələn, bir ekspert mənə müraciət edir ki, hansısa xarici ölkədə keçirilən sərgidə bizim xalçalarımız, əsasən də, Qarabağ xalçaları erməni xalçaları kimi sərgilənir. Lakin sual verilsə ki, bu elementə nə deyilir, cavab verə bilməyəcəklər.

- Sizin xalçaların sirrini açan olubmu?

- Xeyr, xalçalar hələ işlənməlidirlər. Məndə elə yazılar və elementlər var ki, onları heç kim oxuya bilmir. Bir dəfə Kübra Əliyeva bir elementə baxıb onu durnaya bənzətmişdi. Lakin mənə sübut edə bilmirdi ki, durna haradadır. Kompozisiya ümumi adlanır. Siz onları özünüz tapmalısınız. Adi nöqtənin belə dərin mənası var. Nöqtələrin birləşməsi xətt elementi əmələ gətirir, o xətt nədir, nə ifadə edir, onların hər biri bir məna kəsb edir.

- Qarabağ xalçaları nə ilə fərqlənir?

- Rəngi, ölçüsü, kompozisiya quruluşu ilə fərqlənir. Bizim xalçaların pisi yoxdur, hamısı gözəldir. Qarabağ xalçaları isə xüsusilə zövq oxşayır. Bu gözəlliyə sahib çıxmalıyıq.

Müsahibəni apardı:

Jalə QƏHRƏMANOVA,

"Respublika".