Vətən müharibəsi şəhidlərinin xatirəsi Türkiyədə böyük ehtiramla anılıb
Diaspor

Vətən müharibəsi şəhidlərinin xatirəsi Türkiyədə böyük ehtiramla anılıb

Ankara

Azərbaycanın Türkiyədəki səfirliyinin təşəbbüsü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) təşkilati dəstəyi ilə Ankaradakı "Şuşa" Konqres Mərkəzində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Diplomatlar, şəhid ailələri, qazilər, kursantlar, iki ölkə ictimaiyyətinin nümayəndələri ölkəmizin bütövlüyü və birliyi uğrunda canlarından keçmiş Azərbaycan övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Türkiyənin Din İşləri Ali Şurasının mütəxəssisi Zafer Koç şəhidlərin ruhuna dualar oxuyub. Tədbir iştirakçıları 44 günlük Vətən müharibəsi hadisələri ilə bağlı xatirələrini bölüşüb, Türkiyə-Azərbaycan birliyinin əhəmiyyətini vurğulayıblar. Daha sonra Vətən torpaqlarının bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərdən, Azərbaycanın dövlət müstəqilliyi və bütövlüyü yolunda aparılan milli-azadlıq mübarizəsindən bəhs edən film nümayiş olunub.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı parlaq qələbədən danışan Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov çıxışında Ermənistanın təcavüzkarlıq tarixinə geniş yer ayırıb. Azərbaycan xalqının öz vətəninin bütövlüyü uğrunda həmişə mübariz olduğunu xatırladan səfir, tarixi zəfərimizdən və sonrakı proseslərdən bəhs edərək bildirib ki, təcavüzkar Ermənistanın revanşist cəhdlərinə baxmayaraq, qəhrəman Azərbaycan Ordusu öz torpağının, dövlət sərhədinin keşiyində mətinliklə dayanır.

TADİV-in rəhbəri, professor Aygün Attar Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfərin tarixi əhəmiyyətinə diqqət çəkib. O qeyd edib ki, Azərbaycan övladlarının şücaəti sayəsində tarixi ədalət bərpa olunub, işğala, separatizmə son qoyulub: "Azərbaycan Silahlı Qüvvələri Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə respublikanın tarixi torpaqlarının uzunmüddətli işğalına son qoydu".

Azərbaycanın Ankaradakı səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov şəhidlərin böyük ehtirama layiq olduğunu bildirərək qeyd edib ki, rəhbərlik etdiyi Mərkəzin təşəbbüsü ilə Türkiyənin Anadolu Simfonik orkestrinin dünya şöhrətli libretto yazarı Ayhan Özel Qarabağda qazanılan zəfər və torpaqların azadlığı uğrunda şəhid olanların əziz xatirəsinə ithaf edilən opera yazıb: "Sözügedən əsər Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi olaraq Azərbaycan və türk dillərində nəşr edilərək ictimaiyyətə təqdim olunacaq".

Şəhid mayor Aqşin İbadovun qardaşı, polkovnik-leytenant Məmmədhüseyn İbadov çıxışında 3 qardaşı ilə bərabər müharibənin başladığı ilk gündən döyüşdüklərini bildirib. O, qardaşı Aqşin İbadovun Füzuli, Zəngilan, Cəbrayıl, Xocavənd rayonlarında keçdiyi şərəfli döyüş yolundan bəhs edib və onun savaşın 23-cü günündə Xocavənddə qəhrəmanlıqla şəhid olduğunu deyib. M.İbadov bütün şəhidlərin qanının yerdə qalmadığını, Vətən torpaqları işğaldan azad edildiyi üçün onların ruhlarının şad olduğunu ifadə edib.

Anım mərasimində Azərbaycanda xidmət etmiş, ehtiyatda olan general-leytenant Ender Güner Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordunun qazandığı zəfər strategiyasından bəhs edib.

Tədbir çərçivəsində Azərbaycan şəhidlərinin xatirəsinə həsr olunmuş fotosərgi təşkil olunub.

"Şuşa" Konqres Mərkəzində daha sonra Azərbaycan şəhidlərinin xatirəsinə həsr olunmuş "Zəfərlə ruhlanan şeirlər" (Zafer Kokan Şiirler) kitabının təqdimatı olub. Nəşrin türkcə tərtibatçısı şairə Aida Eyvazlı Göktürkdür.

İstanbul

Kocaeli şəhərinin Gölcük rayonunda Vətən müharibəsi şəhidlərinin anım mərasimi keçirilib. Tədbirdə Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, Kocaeli Bələdiyyəsi sədrinin müavini Berna Abiş, Gölcük Bələdiyyəsinin sədri Ali Yıldırım Sezer, Gölçük rayonunun məhəllə muxtarları, yerli əhali, ictimaiyyət nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən baş konsul Nərminə Mustafayeva Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi tarixi Zəfərindən danışıb. O deyib ki, tarixə 44 günlük Vətən müharibəsi adı ilə yazılan İkinci Qarabağ müharibəsi zamanı canlarından keçən şəhidlərimizin xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq.

Anım mərasimində çıxış edənlər Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfəri bütün türk dünyasının bayramı kimi qiymətləndiriblər. Bildirilib ki, bütün dünya üçün nümunə olan Qarabağ Zəfəri Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, Ordumuzun peşəkarlığı və xalqımızın sarsılmaz birliyi sayəsində əldə olunub. Bu böyük Zəfər həm də xalq-dövlət-ordu birliyinin ən gözəl nümunəsi kimi tarixə qızıl hərflərlə yazılıb.

Əsrlərə söykənən Türkiyə-Azərbaycan qardaşlığını vurğulayan natiqlər bu birliyin iki ölkə Prezidentinin liderliyi ilə hər il daha da möhkəmlənərək əbədi olacağına əminliklərini ifadə ediblər.

Tədbir çərçivəsində Vətən müharibəsi şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Gölcükdə yaradılan meşəlik ərazidə ilk 50 ting əkilib. Təxminən 20 min kvadratmetrlik ərazidə salınan yaşıllıqda ümumilikdə mindən çox ağac əkiləcək.

Esmira Yazkan ASLANOVA,

''Respublika'' qəzetinin

Türkiyə üzrə müxbiri.