Uzaqgörənliyin, müdrikliyin ifadəsi
Siyasət

Uzaqgörənliyin, müdrikliyin ifadəsi

Ümummilli Lider Heydər Əliyev 2003-cü il oktyabr ayının 1-də xalqa müraciət etmişdir

Müasir Azərbaycanın banisi, həm Sovet İttifaqının tərkibində olarkən, həm də müstəqillik dövründə respublikamızın dinamik inkişaf strategiyasının müəllifi olan ümummilli lider Heydər Əliyev xalqı, dövləti qarşısında misilsiz xidmətlər göstərmişdir. Ötən əsrin sonlarında ölkəmizin müstəqilliyinin çox böyük çətinliklə qorunub saxlanması, yeni inkişaf yoluna qədəm qoyması, xalqımızın milli dirçəlişi məhz dahi şəxsiyyət Heydər Əliyevin gərgin əməyi, titanik fəaliyyəti ilə bağlıdır. Ulu öndərin respublikamıza rəhbərliyinin hər iki mərhələsi dövlətimizin sürətli və hərtərəfli yüksəliş illəri olmaqla bərabər, həm də xalqımızın intibah, tərəqqi dövrü kimi xarakterizə olunur.

Dövlətini, millətini böyük məhəbbətlə sevən və bunu əməli fəaliyyətində daim sübuta yetirən ümummilli lider xalqın sahib olduğu milli gücü - böyük intellektual potensialı və təbii resursları birləşdirərək ölkənin tərəqqisinə, qüdrətlənməsinə, dünya miqyasında layiqli yer tutmasına yönəltmiş, Azərbaycanın regionda söz sahibinə çevrilməsi üçün bütün gücünü səfərbər etmişdir. Təsadüfi deyil ki, Azərbaycan tarixinin Heydər Əliyev dövrü dövlətçiliyimizin möhkəmlənməsi istiqamətində mühüm əhəmiyyət kəsb edən dəyişikliklər, o cümlədən yeniliklərlə müşayiət olunmuşdur. 1970-1980-ci illərdə respublikamıza rəhbərliyi dövründə ümummilli liderin dövlət idarəçiliyində yüksək bacarığı, siyasi təşəbbüskarlığı və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan keçmiş İttifaq məkanında geridə qalan aqrar respublikadan qabaqcıl, müasir sənaye ölkəsinə çevrilmişdir. Həmin illərdə iqtisadi, ictimai-mədəni və digər sahələrdə böyük uğurlar qazanılmış, yüzlərlə müəssisə işə salınmış, bütün vacib sahələr üzrə ixtisaslı mütəxəssislər ordusu yaradılmışdır ki, bu da Azərbaycanın gələcək müstəqilliyinə zəmin olmuşdur. Uzaqgörən, müdrik siyasətçi azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişinin, milli özünüdərkin, xalqın tarixi yaddaşının özünə qaytarılmasının, dövlətçilik ənənələrinin güclənməsinin, mənəvi dəyərlərin dirçəldilməsinin, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasının təməlini hələ 70-ci illərdəki fəaliyyəti dövründə qoymuş, ölkənin bütün sahələrində dinamik inkişaf üçün möhkəm özül yaratmağa müvəffəq olmuşdu.

1993-cü ilin 15 iyun tarixində Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilən Heydər Əliyev mürəkkəb və gərgin bir tarixi dönəmdə dövlətimizin müstəqilliyini qorumağı, möhkəmləndirməyi, inkişaf etdirməyi əsas vəzifə olaraq qarşısına məqsəd qoydu. Parlametin həmin il 24 iyun tarixli iclasında Prezident səlahiyyətlərinin Ali Sovetin Sədrinə verilməsi artıq bütün hadisələrin dövlətin nəzarəti altına götürülməsi, xalqın iradəsinə tabe edilməsi demək idi. Oktyabrın 3-də isə ulu öndər ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. O illərdə Azərbaycanın vəziyyəti son dərəcə mürəkkəb və ümidsiz idi. Müstəqilliyini yenicə bərpa edən və onu yetərincə möhkəmləndirə bilməyən Azərbaycan erməni faşizminin hücumuna məruz qalmış, nəticədə ölkə ərazisinin 20 faizdən çox hissəsi işğal olunmuşdu. Azərbaycanın daxilindəki gərgin və qeyri-stabil vəziyyətdən istifadə edən Ermənistan hücum əməliyyatlarını genişləndirir, daha çox ərazini zəbt etməyə çalışırdı. Nizami ordunun və vahid hərbi komandanlığın yoxluğu fonunda faşist xislətli ermənilərin hücumlarının qarşısını almaq mümkünsüz idi. Bu isə ölkədə mövcud vəziyyəti daha da gərginləşdirir, xalqla dövlət arasında uçurumun dərinləşməsinə səbəb olurdu.

Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan dahi liderin rəhbərliyilə respublika üzrə bütün sahələrdə islahatlara başlandı, ölkədə tüğyan edən böhranlı vəziyyət tədricən aradan qaldırıldı. Bu tarixi qayıdış daxili ictimai-siyasi sabitliyin bərqərar olmasına, müstəqil dövlət quruculuğuna, respublikamızda sosial-iqtisadi dirçəlişə, ölkəmizin müstəqil siyasət yürüdərək dünya birliyində mövqeyini gücləndirməsinə imkan verdi. Ulu öndər Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinə aparan təhlükəli proseslərin, vətəndaş qarşıdurmasının, xaos və anarxiyanın, cəmiyyətdə artan iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyin qarşısını aldı, xalqı və dövləti labüd fəlakətdən xilas etdi.

Öz taleyini ona etibar edən xalqının işıqlı gələcəyini qurmaq, ölkənin ümummilli mənafelərini müdafiə etmək, bütün sahələrdə inkişafa nail olmaq, xalqın, dövlətin təhlükəsizliyini təmin etmək üçün gecəsini-gündüzünə qatan, mənalı ömrünü bu amala həsr edən Heydər Əliyevin düşünülmüş siyasəti sayəsində müstəqil Azərbaycan dövlətinin beynəlxalq aləmdə yeri müəyyənləşdi, nüfuzlu təşkilatlarla əlaqələr yaradıldı və daha da genişləndirildi. Yenicə müstəqilliyini bərpa etmiş ölkəmizin iqtisadi zəifliyindən istifadə etməklə onu parçalamaq, ələ keçirmək istəyən qüvvələr arzularını həyata keçirə bilmədilər. İlk növbədə ötən əsrin 80-ci illərinin axırlarından başlanan erməni təcavüzünün qarşısının alınmasına, günahsız insanların qanının tökülməsinin, yeni ərazilərimizin itirilməsinin dayandırılmasına, nizamlı və güclü ordunun formalaşması üçün vaxt qazanılmasına, ölkənin iqtisadi qüdrətinin artırılmasına hesablanmış atəşkəsə nail olundu. 1994-cü ildə Azərbaycanla Ermənistan arasında əldə edilən atəşkəs müstəqil dövlətimizə yenidən toparlanmağa, öz resurslarını səfərbər etməyə, yeni, həlledici mübarizəyə daha yaxşı hazırlaşmağa imkan verdi. İqtisadi gücü, siyasi arenada nüfuzu olmayan Azərbaycanı qəbul etməyən, heç bir əməkdaşlıq əlaqələri qurmayan dövlətlər tədricən ölkəmizi tanıdı, ulu öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti sayəsində dünyanın böyük neft şirkətləri respublikaya investisiyalar yatırmağa başladılar. Dünya dövlətləri Azərbaycanla ikitərəfli, çoxtərəfli iqtisadi əlaqələr saxlamağa başladı, neçə-neçə beynəlxalq kontrakt, o cümlədən "Əsrin müqaviləsi" imzalandı. Respublikada bütün sahələr üzrə dinamik inkişaf ölkəmizin beynəlxalq nüfuzunu yüksəltdi. "Əsrin müqaviləsi"nin imzalanması, dünyanın aparıcı enerji şirkətlərinin Xəzər dənizinin Azərbaycan sektoruna cəlb edilməsi, ölkəyə investisiya axınının başlanması, nəhəng enerji layihələrinin icrası gələcək inkişaf üçün lazımi resursların əldə edilməsinə imkan yaratdı. Bununla da iqtisadi sahədə böhran aradan qaldırıldı, inkişaf mərhələsi başlandı. 1993-2003-cü illərdə Prezidentliyi dövründə Heydər Əliyev Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi, ölkəmizin dünya dövlətləri arasında nüfuzunu yüksəltdi, respublikamızın adını inkişaf etməkdə olan ölkələrinin sıralarına çıxardı.

Bu bir reallıqdır ki, hər bir xalqın tarixində onun müstəqil dövlətini qurmaq üçün taleyüklü vəzifəni öz üzərinə götürmüş liderlər olub. XX əsrin sonlarında istiqlalına qovuşduqdan sonra Azərbaycanın milli dövlətçiliyini bərpa edərək müstəqil dövlətini yaratmaq missiyasını məhz xalqımızın ümummilli lideri Heydər Əliyev şərəflə yerinə yetirdi. Xalqımıza, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət etməyi həyat amalına çevirən ulu öndər Heydər Əliyev doğma Azərbaycanını dünyanın ən qabaqcıl xalqları sırasına çıxarmaq, dünyada sivil, inkişaf etmiş ölkə kimi tanıtmaq üçün əzmlə, qətiyyətlə çalışdı. Vətəndaşların hüquq və azadlıqlarının yüksək səviyyədə qorunduğu demokratik cəmiyyət, hüquqi dövlət qurdu, müstəqil Azərbaycanın dünyaya inteqrasiyasını təmin etdi. Beynəlxalq səviyyəli irimiqyaslı layihələrin reallaşdırılması nəticəsində respublikamıza xarici investisiyaların axını ölkə iqtisadiyyatını dirçəltdi, valyuta ehtiyatları artdı. Azərbaycanda milli ordu formalaşdırıldı, dövlətin müdafiəsi gücləndirildi. 1993-2003-cü illərdə əldə olunan bu nailiyyətlər müstəqil Azərbaycanın gələcək inkişafına, dünyada layiqli yer tutmasına, Cənubi Qafqazda söz sahibi olmasına möhkəm, etibarlı zəmin yaratdı.

Gücünü xalqından alan ulu öndər onu tarixin ən çətin sınaqlarından məharətlə çıxardı. Zamanın ən mürəkkəb dönəmində xalqının ümidi, dayağı oldu. Azərbaycan xalqının yaddaşında müstəqil dövlətimizin siyasi, iqtisadi, hüquqi, sosial- mədəni, elmi əsaslarını yaradan, dövlətçiliyimizin qorunmasını təmin edən, milli inkişaf strategiyasının müəllifi kimi tarixləşən ümummilli lider Heydər Əliyevin xalqı qarşısında bitib-tükənməyən misilsiz xidmətləri, fədakarlıqları var. Azərbaycan xalqına əvəzsiz xidməti isə xalqımızın Zəfər tarixini yazan, özünün layiqli varisini, müdrik lider yetişdirməsidir.

Siyasi fəaliyyətinin 10 ilini müstəqil Azərbaycana xidmət edən ulu öndər 2003-cü il oktyabr ayının 1-də xalqa son müraciətində bu müddət ərzində həyata keçirilən daxili və xarici siyasətin yalnız və yalnız dövlətçiliyimizə, respublikamızın tərəqqisinə, xalqımızın mənafeyinə xidmət etdiyini bəyan etdi. Dahi lider bütün bunlarla bərabər, axıra çatdıra bilmədiyi işlərin, perspektivli planlarının olduğunu vurğuladı və bunu siyasi varisi, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevin məharətlə yerinə yetirəcəyinə əminliyini ifadə etdi: "…Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".

Müdrik, düşünülmüş siyasət yürüdərək 30 illik işğala 44 gün ərzində son qoyan, son 200 illik tarixində Azərbaycanı ilk dəfə qanlı müharibədən torpaq itirən deyil, ərazi bütövlüyünü təmin edən qalib ölkəyə çevirən Ali Baş Komandan İlham Əliyev ulu öndər Heydər Əliyevin etimadını doğrultdu. Bütün dünyada güclü, demokratik dövlətimizin nüfuzunu artıran, Ordumuzun müdafiə qabiliyyətini gücləndirən, müstəqilliyinin sarsılmazlığını təmin edən Prezident İlham Əliyev xalqın arzu və istəklərini reallaşdırmaqla yanaşı, eyni zamanda ata vəsiyyətini yerinə yetirdi. 2020-ci il noyabr ayının 8-də Azərbaycan Prezidenti xalqa müraciəti zamanı Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən demişdir: "Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".

Azərbaycan dövləti möhtəşəm xalq-ordu-Prezident birliyi, "Dəmir yumruq" əməliyyatı nəticəsində tarixi Qələbə qazanaraq 30 il düşmən tapdağı altında qalmış ərazilərini işğaldan azad etdi. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər və ərazi bütövlüyümüzün təmin olunması mahiyyət etibarilə ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi və inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsi oldu. Bu gün müstəqil, regionda söz sahibi olan Azərbaycan beynəlxalq aləmdə layiqli yer tutaraq gündən-günə daha da qüdrətlənir. Bu gün fəxarətlə, iftixarla deyirik ki, bütün həyatını dövlətimizə, dövlətçiliyimizə həsr edən, xalqının məsud, xoşbəxt yaşaması üçün bütün çətinliklərə sinə gərən ulu öndərin arzuları özü qədər inandığı siyasi varisi İlham Əliyevin sayəsində qazandığımız möhtəşəm Qarabağ Zəfərində yaşayır.

Mehparə ƏLİYEVA,

"Respublika".