Ustad sənətkar
Mədəniyyət

Ustad sənətkar

El sənətkarları

Sənət dünyamızın ən çox tanınmışlarından biri də söz xiridarı aşıq İmran Həsənov olub. Dövrünün ziyalıları Aşıq İmran şəxsiyyətinə, sənətinə, sədaqət və vətənpərvərliyinə yaxından bələd olmuşlar. Onun professionallığını, mahir saz ifa etməsini, gözəl şair və bəstəkar olmasını aşıqsevərlər yaxşı bilirlər.

Aşıq İmran Həsənov ömrünün 60 ildən çoxunu Azərbaycanın folklorunun, aşıq musiqisinin təbliğinə həsr edib.

İmran Mehralı oğlu Həsənov 1928-ci ildə saz-söz diyarı olan qədim Göyçə mahalının Ağbulaq kəndində dünyaya göz açıb. Beşiyinin başında ana laylasıyla birgə atası Mehralının həzin zümzümələri də səslənib. Əmisi aşıq Dünyamalının telli sazının sehrinə düşən balaca İmran sazı-sözü öyrənməyə başlayır. Onun zil və məlahətli səsi, fitri istedadı, dərin yaddaşı çoxlarını heyrətləndirir. 15-ə yaxın saz havasını çalıb-oxuyan balaca İmranın səsi, sədası hər yerə yayılır.

Günlərin birində Gədəbəy rayonunun Şınıx kəndində məclisdə oxuyarkən ustad el aşıqlarından olan Aşıq Hüseyn Quliyevin nəzərini cəlb edir. Aşıq Hüseyn dostu Dünyamalının qardaşı oğlu İmranı şəyirdliyə götürür. Az bir zamanda o, ümumi havaların çoxunu çalıb-çağırır. İki il ustad yanında şəyirdlik etdikdən sonra İmran aşıq Hüseynlə halallaşıb doğma kəndi Ağbulağa qayıdır. İki il aşıq Məhərrəm Hacıyevə şəyirdlik etdikdən sonra Tovuz rayonuna köçərək ailəlikcə orada məskunlaşır. Burada aşıq Hüseyn Dəmirçiyə şəyirdlik edir. Az bir zamanda İmran Həsənovun sədası ustadı ilə birgə Tovuz, Qazax, Gəncə, Göyçə, Borçalı, Gədəbəy, Şəmkir, Naxçıvan, Qarabağ, Şirvan və keçmiş SSRİ-nin bütün regionlarından gəlir.

Aşıq İmran hələ cavanlığında çox şöhrətlənərək dövrünün ən böyük ustad aşıqları ilə sənət yoldaşlığına başlayır. Bu baxımdan, İmran xoşbəxt sənətkardır ki, aşıq Əsəd, aşıq Mirzə, Qaraçıoğlu İbrahim, Telli Məhəmməd, aşıq Məhəmməd Rzayev, aşıq Yusif Yusifov, aşıq Mikayıl Azaflı, aşıq Talıb Ələsgəroğlu, aşıq Şəmşir, aşıq Nəcəf Əlimərdanlı, aşıq Ədalət Nəsibov, aşıq Əmrah Gülməmmədov, aşıq Müseyib Cilli, aşıq İsfəndiyar, aşıq Mahmud, aşıq Əkbər, aşıq Cəfərovla yoldaşlıq edib, külli miqdarda toy-düyün keçirib, konsert salonlarında birgə çıxışlar edib.

Aşıq İmran Həsənov uzun müddət Tovuz rayon aşıqlarının bədii rəhbəri olub. Onun səyi və bacarığı sayəsində Tovuz aşıqları respublika və keçmiş SSRİ miqyaslı yarışların bütün tur və müsabiqələrində böyük professionallıqla çıxışlar etmiş, Gəncə, Bakı, Moskva və digər keçmiş İttifaq regionlarında laureat, medal, fəxri fərman və diplomlara layiq görülmüşlər.

1956-cı ildə Azərbaycanda keçirilən xalq yaradıcılığı festivalındakı çıxışına görə aşıq İmran və rəhbərlik etdiyi aşıqlar birinci dərəcəli medal və diploma layiq görülüb.

1957-ci ildə Moskvada keçirilən keçmiş Ümumittifaq festivalında yenə də medal və diplomla mükafatlandırılmış, xidmətlərinə görə Ali Sovetin fəxri fərmanı ilə təltif olunub. 1958-ci ildə Moskvada əmək qabaqcıllarının toplantısında Aşıq İmrana medal və diplom verilib.

İstedadlı el aşığı 1967-ci ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülüb. Hələ 1957-ci ildə öz ansamblı ilə Moskvada keçirilən 6-cı ümumdünya festivalındakı çıxışlarına görə aldığı qızıl medal və laureat titulu, birinci dərəcəli diploma layiq görülməsi onun təkrarsız el aşığı olduğunu sübuta yetirib. 1959-cu ildə sənətdə və xidmətlərindəki nailiyyətlərinə görə ona "Şərəf nişanı" ordeni verilib.

Aşıq İmranın ədəbi ictimaiyyətin tanınmış nümayəndələrindən Səməd Vurğun, Osman Sarıvəlli, Bülbül, Mirzə İbrahimov, Süleyman Ələsgərov, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Qənbər Hüseynli kimi sənətkarlarla da dostluq əlaqələri olub.

Aşıq İmran "Cəngi", "Misri" və digər havalarla Berlində, Varşavada, Bolqarıstanda, İranda, Drezdendə və digər ölkələrin konsert salonlarında sazı və ecazkar səsi ilə çıxışlar etmiş, musiqisevərləri heyrətə salmışdır.

Aşığın sazında 140-dan çox klassik və müasir saz havalarını dilləndirir, həssas və dəqiq ifasına görə seçilirdi. O, 125-dən çox irili-xırdalı dastan, rəvayət, qaravəlli bilir, N.Gəncəvinin və ustad ozanların yaradıcılığının bilicisi kimi tanınırdı. Ustadın sinəsində ən dəqiq və düzgün formada yığcamlaşmış dastanlardan "Aşıq Ələsgərin Türkiyə səfəri", "Hüseyn Bozalqanlının Aşıq Ələsgərlə olan dastanı", "Aqil Qönçə" və digər dastanların adlarını çəkmək olar.

Aşıq İmran yaradıcılığı çoxşaxəlidir. O, qoşma, gəraylı, təcnis, cığalı təcnis, müstəzad, dodaqdəyməz, ustadnamə, müxəmməs, divani kimi bir çox janrlarda qələmini məharətlə sınayıb.

III-IV Azərbaycan Aşıqlar Qurultayına nümayəndə və rəyasət heyətinə üzv seçilən Aşıq İmran Azərbaycan Aşıqlar Birliyinin üzvü idi.

Neçə-neçə saz-söz korifeyi Aşıq İmran Həsənova dəyərli şeirlər ithaf edib. Sonda onlardan birini oxuculara təqdim edirik:

İzi qaldı Göyçə, Tovuz elində,

Yüz otuz dastanı əzbər dilində,

Koroğlular haray saldı dilində

Dünya gəzən adı-sanı İmrandı.

***

Saz sinəndə cilalaşdı, dil açdı,

Ürəklərə sevinc saçdı, nur saçdı.

Gör neçəsi oynayaraq qol açdı

Məclislərin yaraşığı İmrandı.

Aşıq İmran Həsənov Azərbaycan aşıq ifaçılıq sənətinə şöhrət gətirən, ulu sazımızın qüdrətini yaxın-uzaq məmləkətlərdə tanıdan, özündən sonra sazımıza-sözümüzə nüfuz qoyub gedən sənətkarlardan biri olub.

Aşıq İmranın ifasında "Ruhani", "Kərəmi" aşıq havaları çox gözəl səslənirdi. Bəzən el şənliklərində Aşıq İmran deyərdi: "Kərəmi"də Kərəm yandı", "Ruhani" ruha dərmandı...

Qədir ASLAN,

"Respublika".