44 günlük haqq savaşımızda 30 ilə yaxın düşmən tapdağında qalan Azərbaycanın müqəddəs bir parçası, əzəli yurd yerimiz Qarabağı qanı bahasına işğaldan azad edərək xalqımıza Qələbə sevinci yaşadan Vətənin qeyrətli övladları milyonların ürəyində özlərinə əbədi məkan qurublar. İgidliyi, mərdliyi dillərdə dastana dönən Cəlilabad rayonunun Cəfərxanlı kəndində boya-başa çatmış Səyadulla Rasim oğlu Əhmədov da müharibənin ilk günlərində gözünü qırpmadan özünü od-alovun içinə atıb. Düşmənlə son nəfəsə qədər döyüşüb, torpağa axıtdığı qanı ilə yeni tarix yazıb. 22 yaşında şəhidlik zirvəsinə ucalan Səyadulla təkcə doğmalarının deyil, bütün Azərbaycanın iftixar mənbəyinə çevrilib.
Səyadulla ailənin ilk övladı olub. Həyatı dərk edən gündən yurduna ürəkdən bağlanıb. Tərbiyə aldığı ailədə gördükləri yalnız yaxşılıq, xeyirxahlıq olub. Sadəliyi, təvazökarlığı, yurd təəssübkeşliyi də onu el-oba gözündə ucaldıb. 2017-ci ildə ləyaqətli, vicdanlı oğul kimi Vətənin keşiyinə yollanıb. Naxçıvanda xidməti zamanı ən nümunəvi əsgərlər arasında adı çəkilib. Vətənə məhəbbəti, cəsurluğu, düşmənə nifrət hissi Səyadullaya bütün təlimlərdə uğur qazandırıb. Düşmənlə döyüşə getməyə həmişə hazır olub.
Qəlbi doğma Azərbaycana sevdalı gənc Vətənə, dövlətə ləyaqətlə xidmət edib, üzüağ ordu sıralarından tərxis olunub. Həmişə Qarabağımızın işğalına qarşı barışmaz mövqedə duran Səyadulla 2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi təxribatdan sonra könüllü olaraq ordu sıralarına gedib. Vətən müharibəsinə bir həftə qalmış təlimlərə qatılıb. Düşməndən layiqli qisas alacağına and içən igid əsgər deyib: "Şəhid qanı axmayan torpaqdan Vətən olmaz".
44 günlük haqq savaşımızda Səyadullanın döyüş yolu taqım komandiri kimi ən qaynar bölgə olan cənub istiqamətindən başlanıb. Sərrast atıcı öndə getməklə qatıldığı ağır döyüşlərdə böyük rəşadətlə vuruşub. Yağının kabusuna çevrilib, neçə-neçə hərbi texnikanı məhv edib, onlarla dığanın axırına çıxıb. Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda döyüşlərdə xüsusilə fərqlənib. Torpaq uğrunda can qoyan, mərdlik göstərən qəhrəman 2 oktyabrda yağı gülləsinə tuş gəlib. Torpağa axıtdığı al-qırmızı qan Azərbaycanın üçrəngli qələbə bayrağına dönüb. Müharibə meydanında göstərdiyi rəşadəti ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", Füzulinin və Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.
Zəfər ORUCOĞLU.