Ümidləri gerçəyə çevirən xilaskar
Siyasət

Ümidləri gerçəyə çevirən xilaskar

1993-cü il iyunun 9-da Ulu Öndər Naxçıvandan Bakıya gəldi

Milli ideologiyanı, azərbaycançılıq məfkurəsini hər şeydən üstün tutan və bütün fəaliyyətində məhz bu meyara əsaslanan ulu öndər Heydər Əliyevin dövlətçiliyimiz, xalqımız qarşısında xidmətləri əvəzsizdir. Dahi lider hələ Sovet İttifaqının tərkibində olarkən geridə qalmış respublikanın yeni inkişaf mərhələsini müəyyən etmişdisə, müstəqillik yolunda kövrək addımlarını atan dövlətimizi dövrün, zamanın sınağından qətiyyətlə çıxardı. XX əsrin sonlarında sovet rejimindən qurtulub müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan həmin dövrdə dağılmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Həm daxili, həm də xarici qüvvələrin birgə səyi nəticəsində ölkədə özbaşınalıq, anarxiya baş alıb gedirdi. Respublikamızın təbii sərvətlərini öz məqsədləri naminə istifadə etməkdən ötrü hakimiyyəti ələ almaq istəyən daxili qüvvələr mənfur niyyətlərini həyata keçirmək üçün xarici dövlətlərin kəşfiyyat orqanları ilə birləşərək vəziyyəti gərginləşdirir və bundan sui-istifadə edirdilər. Bütün bunlar xalqın güzəranını ağırlaşdırmaqla bərabər, həm də torpaqlarımızın işğalı, soydaşlarımızın ata-baba yurdundan didərgin düşməsi ilə nəticələndi.

Həmin dövrdə ulu öndər Heydər Əliyev Naxçıvanda yaşayırdı. Belə ki, 1990-cı il yanvar ayının 21-də Moskvada Azərbaycan nümayəndəliyinə gələrək Bakıda törədilən Qanlı Yanvar faciəsinə görə məhz keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçovu günahlandıran dahi şəxsiyyət sovet rejiminə qarşı sərt çıxışından sonra ciddi təqiblərə, təhdidlərə məruz qaldığından doğma Vətəninə dönmüşdü. Həmin vaxtlar Naxçıvanın ağır günləri idi, muxtar respublikanın taleyi zamanın hökmünə buraxılmışdı. Sərhədyanı kəndlər ermənilər tərəfindən işğal olunur, paytaxtla bütün əlaqələr kəsilmişdi. Bakıda hakimiyyət davası edən respublika rəhbərliyi isə Ermənistanın blokadasında yaşayan Naxçıvan barədə qətiyyən düşünmürdü. 1990-cı il iyul ayının 22-də dahi liderin öz doğma yurduna gəlişi sözün əsl mənasında xalq bayramına çevrildi. Sonralar Heydər Əliyev bu barədə deyirdi: "Mən Naxçıvana gələndə Naxçıvan ayağa qalxdı, Naxçıvan məni qucaqladı, bağrına basdı. Son illərdə çəkdiyim bütün əzab-əziyyəti unutdum".

O ağır, kəşməkeşli illərdə ümummilli lider Naxçıvan camaatına arxa-dayaq oldu. Xalq da öz dahi oğluna güvəndi, ona etimad göstərdi. Naxçıvan camaatı yekdilliklə ulu öndəri Azərbaycan və Naxçıvan MR Ali Sovetinə deputat seçdi və bununla da muxtar respublikanın ictimai-siyasi həyatında inkişaf dövrü başlandı. 1991-ci il sentyabrın 3-də isə Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinə Sədr seçilməsi böyük tarixi hadisə oldu. Doğma vətənində yenidən siyasi fəaliyyətə başlayan ümummilli lider ona ümid yeri kimi baxan, qayıdışında nicat tapan xalqını yağı düşmənin aramsız basqınlarından, sərhəd bölgəsində törətdiyi təxribatlardan qorumağı, erməni təcavüzündən müdafiə etməyi ən vacib məsələ olaraq qarşısına qoydu. Eyni zamanda blokada vəziyyətində yaşayan Naxçıvanın qonşu dövlətlərlə - İran və Türkiyə ilə əlaqələri genişləndirildi. Ulu öndərin sayəsində ərzaq qıtlığı, elektrik enerjisi və təbii qazla təminatda mövcud problemlər aradan qaldırıldı. Naxçıvanlıların həyat şəraiti tədricən yaxşılaşmağa başladı. Ali Məclisin Sədri kimi ulu öndərin həyata keçirdiyi bütün siyasi, mədəni-iqtisadi tədbirlər, baş verən hadisələrin beynəlxalq ictimaiyyətə çatdırılması, qonşu ölkələrin və dünyanın aparıcı dövlətlərinin başçıları, səfirləri ilə apardığı danışıqlar, keçirdiyi görüşlər Naxçıvanı ermənilərin labüd işğalından xilas etdi.

Bakıda isə vəziyyət gündən-günə ağırlaşır, siyasi hakimiyyətsizlik nəticəsində ölkə uçuruma sürüklənirdi. Xarici müdaxilələr, təzyiqlər iki il əvvəl müstəqilliyini bərpa edən respublikanın xəritədən silinməsinə, dövlətçiliyin süqutuna hesablanmışdı. Respublikada hökumət qurumları demək olar ki, yox dərəcəsində idi. Silah gücünə hakimiyyətə gələn cəbhəçilər ölkə ərazisində darğalıq edir, silahlı quldur dəstələri bölgələri ələ keçirməklə "xanlıqlar", "bəyliklər"yaratmaq istəyirdilər. Gəncədə, Lənkəranda, Qusarda silahlı birləşmələr separatçı iddialarla çıxış edərək mərkəzi hakimiyyətə tabe olmurdular. AXC-Müsavat cütlüyünün birillik hakimiyyəti dövründə respublika viran qoyulmuş, daxili sabitlik pozulmuş, istisadi böhran dərinləşmişdi. Təhsil, səhiyyə, mədəniyyət sahələri iflic vəziyyətinə düşmüş, kənd təsərrüfatı və sənaye sektoru tənəzzülə uğramışdı. İnsanlar qıtlıq, ərzaq çatışmazlığı, çörək növbələri ilə imtahana çəkilirdilər. Xaricdən dəstək alan qüvvələrin satqınlığı, xainliyi ilə baş verən bu proseslər nəticəsində dövlətimizi, xalqımızı ikinci dəfə müstəqilliyini itirmək kimi faciəli günlər gözləyirdi. Quldur dəstələrinin meydan suladıqları respublika bütün bu ziddiyyətli, mürəkkəb mərhələni yalnız möcüzə nəticəsində geridə qoya bilərdi. Bu möcüzə məhz 1993-cü il iyun ayının 9-da ulu öndərin Bakıya gəlişi ilə baş verdi. Ölkənin təbii ehtiyatlarını, yeraltı-yerüstü sərvətlərini talayan səriştəsiz iqtidarın sonu çatdı. Belə bir tarixi əhəmiyyət daşıyan zaman kəsiyində ulu öndər Heydər Əliyevin xalqın təkidli, israrlı çağırışlarına səs verərək Bakıya qayıdışı xalqımızı böyük müsibətlərdən xilas etdi. Hakimiyyətdə hökm sürən təcrübəsizliyə, səriştəsizliyə, qorxaqlığa və qətiyyətsizliyə birdəfəlik son qoyuldu. Şəxsi istəklərini xalqın marağından üstün tutan xəyanətkarların hakimiyyəti iflasa uğradı. Xalqın həyatında çox acınacaqlı bir dövr olan o illər haqqında ulu öndər Heydər Əliyev deyirdi: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı və ovaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi və qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək və Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən ovaxtkı iqtidar, belə bir zamanda, əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri və ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

1993-cü il iyunun 4-də Gəncədə başlayan qanlı hadisələr xalqı təxminən bir əsrə yaxın mücadilə apararaq ikinci dəfə əldə etdiyi müstəqilliyini itirməyin bir addımlığına gətirmişdi. Ozamankı iqtidar isə baş verənlərin qarşısında aciz idi. Tarix boyu kəşməkeşlərdən keçən, istilalara, torpaq itkisinə, deportasiyalara məruz qalan xalq artıq mətinləşmiş, hadisələrin nə ilə nəticələnəciyini, baş verənlərin necə sonlanacağını görə bilmək, düzgün qərar vermək, öz liderini özü təyin etmək səviyyəsinə çatmışdı. Həmin dönəmdə 91 nəfərdən ibarət ziyalı xalqın müqəddəratını həll etmək missiyasını yerinə yetirmək üçün dahi Heydər Əliyevə "Möhtərəm Heydər Əliyev! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə insan Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübənizə əsaslanaraq, Siz, qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz" məzmunlu müraciət ünvanladılar. Yalnız xalqın ziyalı təbəqəsi deyil, sadə camaat, yaşından, tutduğu vəzifəsindən aslı olmayaraq hər kəs - Ali Sovetin deputatları, hökumət üzvləri, hətta o dövrdəki prezident başda olmaqla bütün dövlət adamları ulu öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdilər. Müasir tariximizin bu çətin dövründə ümummilli lider xalqın yanında oldu, xalq tarixin ağır sınaq günlərində, ölkənin çətin anında ümummilli lider Heydər Əliyevin ətrafında sıx birləşdi. Bütün ömrünü xalqına həsr edən müdrik siyasətçi dərin zəkası, uzaqgörən siyasəti sayəsində yenicə müstəqilliyini bərpa etmiş dövlətimizi bu fəlakətdən xilas etdi, xalqın ümidlərini gerçəyə çevirdi.

Mehparə ƏLİYEVA,

"Respublika".