Türkiyənin Zəfər Bayramı
Tarix

Türkiyənin Zəfər Bayramı

30 avqust Türkiyə Cümhuriyyətində Zəfər Bayramı, həmçinin Silahlı Qüvvələr Günü olaraq qeyd edilir və bu, ölkənin hərb tarixində çox önəmli bir gündür.

1919-cu ildə Anadolunun işğalı türk xalqı üçün böyük bir sınaq idi. Birinci Dünya müharibəsindən sonra Osmanlı imperiyasının çöküşü, müttəfiq qüvvələrin Anadolunu bölüşdürmə planları və yunan ordusunun İzmirə çıxması bölgədə vəziyəti daha da gərginləşdirmişdi. İstanbulun düşmən donanması tərəfindən zəbt edilməsi və müttəfiq ordularının müxtəlif bölgələrdə yerləşməsi türk millətinin üzləşdiyi çətinliklərin böyüklüyünü göstərirdi.

Bu ağır şəraitə baxmayaraq, türk xalqı öz mübarizə ruhunu və azadlıq istəyini itirmədi. Yunan qoşunlarının İzmirə çıxması ilə başlayan işğal prosesi türk xalqını daha da birləşdirdi və mübarizəyə sövq etdi. Mustafa Kamal Paşanın öndərliyi ilə başlayan Qurtuluş mücadiləsi, xalqın iradəsini və qətiyyətini əks etdirirdi.

30 avqust 1922-ci ildə qazanılan Dumlupınar zəfəri türk millətinin müstəqillik uğrunda apardığı mübarizənin ən parlaq və mühüm mərhələlərindən biridir. Bu zəfər Anadolu torpaqlarının türk millətinə məxsus olduğunu bir daha təsdiqləyərək düşmənlərin işğalçı planlarını alt-üst etdi və Türkiyə Cümhuriyyətinin yaranmasına gedən yolu açdı. Baş Komandan Mustafa Kamal Atatürkün rəhbərliyi ilə həyata keçirilən bu hücum türk ordusunun iradəsini, qətiyyətini və xalqın azadlıq əzmini nümayiş etdirdi. Dumlupınar döyüşü Qurtuluş savaşının son və həlledici mərhələsi olaraq qələbə ilə nəticələndi. Bu tarixi qələbə həm də türk millətinin dirçəlişi və gələcək nəsillərə ilham verən zəfər olaraq dəyərləndirilir.

1923-cü ildən etibarən Zəfər Bayramı kimi qeyd olunan bu mühüm hadisə 1926-cı ildən rəsmi bayram elan edilərək hər il böyük təntənə ilə keçirilir. Zəfər Bayramı həm Türkiyə Cümhuriyyətinin, həm də Şimali Kipr Türk Cümhuriyyətinin milli bayramı olaraq türk millətinin azadlıq, müstəqillik və dövlətçilik şüurunun ən önəmli simvollarından biri kimi qəbul olunur. Bu bayram türk xalqının birlik və bərabərlik içində və hər il ölkədə və dünyada yaşayan türk xalqı tərəfindən coşqu ilə qeyd olunur.

Çanaqqala zəfəri və sonrakı Qurtuluş savaşı, türk millətinin azadlıq və müstəqillik uğrunda apardığı ölüm-dirim mübarizəsinin ən parlaq nümunələrindən biri kimi tarixin səhifələrinə şərəflə yazılıb.

Müttəfiq dövlətlər, o cümlədən İngiltərə və Fransa üstün texniki təchizata və yaxşı təlim görmüş ordularına güvənərək Çanaqqalaya hücum edərkən türk ordusunun zəif və yorğun olduğunu düşünürdülər. Hətta türklərin müttəfiqi olan alman zabitləri də bu savaşın nəticələri barədə pessimist fikirlər səsləndirirdilər. Lakin Ənvər Paşanın rəhbərliyi ilə sərt intizam və ciddi hazırlıq dövrü keçmiş türk ordusu təcrübəli və fədakar zabitlərin rəhbərliyi ilə düşmən qüvvələrini geriyə oturda bildi. Türk əsgərlərinin ruhunu zəfərə inam və Vətəni qorumaq əzmi bürümüşdü, bu da onların savaş meydanında üstünlük qazanmasına şərait yaratdı.

1922-ci ilin yayında Mustafa Kamal Paşanın dediyi kimi, Türkiyənin mübarizəsi təkcə öz azadlığı uğrunda deyil, həm də bütün məzlum millətlərin və Şərqin mübarizəsi idi. O, türk xalqının mücadiləsinin daha geniş bir məqsədə xidmət etdiyini vurğulayaraq, bu savaşın digər millətlərə də ilham verəcək bir dirçəliş mübarizəsi olduğunu bildirdi. Bu düşüncə Qurtuluş Hərəkatının motivasiyası və mənəvi gücünün əsasını təşkil etdi və nəticədə türk xalqı düşmənləri öz doğma torpaqlarından qovaraq müstəqil bir dövlət qurmağı bacardı. Bu zəfərlər türk xalqının əzmi və inamının simvolu olaraq bu gün də qürurla yad edilir.

1922-ci il avqustun 26-da başlayan və türk tarixində "Baş Komandanın Meydan Müharibəsi" adı ilə tanınan bu əməliyyat türk millətinin azadlıq və müstəqillik uğrunda apardığı mübarizəsinin zirvəsidir. Gecəyarısı başlayan həlledici hücum əməliyyatı, Mustafa Kamal Paşanın məharətli və qətiyyətli komandanlığı ilə aparılmış, türk ordusunun fədakarlığı və qəhrəmanlığı tarixə qızıl hərflərlə yazılmışdır.

Türk ordusunun artilleriya atəşləri ilə başladığı bu genişmiqyaslı hücum yunan ordusunun müdafiə xəttini darmadağın etdi və düşmən birlikləri böyük çaşqınlıq içində geri çəkilməyə məcbur oldular. Bu döyüşlər türk əsgərinin yüksək mənəvi gücünü, strateji üstünlüyünü və vətənə olan sevgisini bir daha sübut etdi. İki gün ərzində Sincanlı və Afyon bölgələrinin azad edilməsi türk ordusunun böyük qələbəsinə aparan yolu açdı. Düşmənin geri çəkilmə cəhdlərinin qarşısı türk ordusu tərəfindən alındı və onların qaçış yolları kəsilərək böyük bir qüvvə Dumlupınar bölgəsində mühasirəyə düşdü.

Avqustun 30-da başlayan böyük meydan savaşı, türk ordusunun əzmi və Mustafa Kamal Paşanın hərbi dühası sayəsində qəti qələbə ilə nəticələndi. Bu döyüşdə yunan ordusunun çoxlu sayda əsgəri məhv edildi və əsir alındı. Mustafa Kamal Paşanın əmrini alan türk ordusu "İlk hədəfiniz Ağ dənizdir. İrəli!" sözləri ilə coşqu və qətiyyətlə irəli atıldı. Türk süvariləri çevik hərəkətləri və döyüş qabiliyyətləri ilə düşmən ordusunu darmadağın etdilər, bu da Egeydəki digər yunan birliklərində panika və çaşqınlıq yaratdı. Sentyabrın 18-də isə Qərbi Anadolu tamamilə düşməndən təmizləndi. Bu zəfər türk millətinin azadlıq və müstəqillik uğrunda apardığı mücadilənin şərəfli nəticəsi oldu.

Musa BAĞIRLI,

"Respublika".