Bu ilin noyabr ayında Bakıda keçirilməsi planlaşdırılan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində bütün aidiyyəti sahələrdə və səviyyələrdə həm ölkə daxilində, həm də xaricdə çoxsaylı tədbirlər planı hazırlanaraq həyata keçirilir. Bütün sahələri əhatə edəcək bu mötəbər tədbirin turizm sektoruna təsirini qeyd etməmək mümkün deyil. Tədbir çərçivəsində paytaxtımıza 70-80 min nəfər qonaq gələcək. COP29-a hazırlıq mərhələsi çərçivəsində turizm sektorundakı yenilikləri öyrənmək məqsədilə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Rəşad Əliyevlə həmsöhbət olduq. O dedi:
–COP29 kimi önəmli tədbirin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün texniki-təşkilati baxımdan turizm sənayesinin tam hazır vəziyyətə gətirilməsi üzrə işlər davam edir. Bu tədbir çərçivəsində ölkəmizə səfər edəcək qonaqların rahat şəkildə yerləşdirilməsi üçün mayın 23-dən etibarən rəsmi vahid onlayn rezervasiya platforması istifadəyə verilib. Qeyd edilən platforma üzrə rezervasiyaların qəbulu davam edir.
Platformada istənilən ulduz dərəcəsinə uyğun hotellər və yaşayış kompleksləri mövcuddur. Yerləşdirmə yerlərinin ümumi həcmi və növləri, logistika baxımından əlçatanlığı, təhlükəsizlik və qonaqlara xidmətlə bağlı digər sahələr beynəlxalq təcrübəyə və meyarlara əsasən götürülür.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində fəaliyyət göstərən 300-dən artıq yerləşmə vasitəsi audit olunub və bu günə qədər onlardan 207-si təsnifatdan keçirilərək ulduz dərəcəsi alıb. Ulduz təsnifatından keçməyən 40-a yaxın hotelə nöqsanları aradan qaldırmaq üçün müddət verilib və təkrar audit həyata keçiriləcək. Dövlət Turizm Agentliyi tərəfindən regionlarda fəaliyyət göstərən yerləşmə vasitələrinin monitorinqi aparılıb və ulduz dərəcələrinin təyin edilməsi ilə bağlı işlərin icrası planlaşdırılır.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə 300-ə yaxın yerləşmə vasitəsinin 2000-ə yaxın personalına xidmət keyfiyyətinin artırılması məqsədilə peşə təlimlərinin, eləcə də yerləşmə vasitələrində mətbəx idarəedilməsi ilə bağlı təlimlərin keçirilməsi üzrə hazırlıq işləri aparılır. Eyni zamanda Dövlət Turizm Agentliyi tərəfindən hotel və restoranlar üçün veqan və vegetarian menyular da hazırlanıb. Agentlik tərəfindən hotellərə qeyd edilən menyuların təqdimatı və qastronomiya təlimlərinin keçirilməsi də nəzərdə tutulur.
Bundan əlavə, 200 turizm bələdçisinə təlimlərin keçirilməsi və sertifikat verilməsi, həm də tədbir müddətində hotellərə dəstək olmaq üçün 1000-ə yaxın turizm könüllüsünə təlimlər keçirilərək müvafiq hotellərə təhkim olunması görüləcək işlərə daxildir.
Həmçinin milli park və qoruqların ərazisindəki təbiət və mədəniyyət abidələrində abadlıq işlərinin aparılması, infrastrukturun yenilənməsi, qeyd edilən ərazilərə tur proqramların hazırlanması fəaliyyətləri də davam etdirilir.
COP29 ölkəmizin tarixi, mədəniyyəti, maddi və mədəni milli irsinin tanıdılması ilə yanaşı, Azərbaycanın ekoturizm, aqroturizm, məsuliyyətli və dayanıqlı turizm kimi yeni bir sahədə də geniş potensiala malik olduğu haqqında məlumatların artırılmasına da töhfə verəcək.
Bütövlükdə Dövlət Turizm Agentliyi tərəfindən turizmdə dayanıqlılıq məsələlərinə xüsusi diqqət ayrılır. Belə ki, ötən ilin noyabr ayında Ümumdünya Səyahət və Turizm Şurasının Ruandanın Kiqali şəhərində "Dayanıqlı gələcəyə körpülərin qurulması" mövzusunda keçirilən Qlobal Sammitində Azərbaycan Dünya Səyahət və Turizm Şurasının rəsmi destinasiya tərəfdaşı seçilib. Tərəfdaş seçilməklə, həm də hotellər üçün nəzərdə tutulan 12 əsas fəaliyyət istiqamətini əhatə edən "Hotellər üçün Dayanıqlı Əsaslar" üzrə proqrama da üzv olub.
Həmçinin bu ilin aprel ayında İsveç Krallığının Stokholm şəhərində baş tutan "Dayanıqlı Turizm" konfransında Dövlət Turizm Agentliyi Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib, eləcə də Azərbaycan Turizm Bürosu və Qlobal Dayanıqlılıq Turizm Şurası arasında Anlaşma Memorandumu imzalanıb.
Bununla da dayanıqlı turizmin inkişafına dəstək göstərilməsi, qlobal dayanıqlı turizm standartlarının milli səviyyəyə uyğunlaşdırılması, eləcə də ölkəmizdə bu sahədə mövcud beynəlxalq meyarların tətbiqi nəzərdə tutulur.
Bütövlükdə belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi turizm imkanlarımızın təbliği və müsbət imicinin formalaşdırılması, biznes və işgüzar turizm potensialının tanıdılması üçün əlverişli imkandır. Qeyd olunmalıdır ki, COP29 kimi tədbirlər beynəlxalq standartlara uyğun xidmətin təşkili üzrə təcrübənin formalaşmasına, turizm sənayesi ilə əlaqəli olan kiçik və orta sahibkarlığın inkişafına mühüm töhfələr verir. Bu kimi tədbirlər xidmət keyfiyyətinin qaldırılması ilə yanaşı, göstərilən xidmətlərin sayında artıma və çeşidliliyə səbəb olaraq sənayenin inkişafına təkan verir. Ölkəmizin bir sıra irimiqyaslı beynəlxalq tədbirlərə, müsabiqələrə ev sahibliyi etmək təcrübəsi genişdir. Müvafiq infrastruktur, təşkilati və texniki bazanın mövcudluğu COP29 kimi beynəlxalq tədbirin ən yüksək səviyyədə təşkil olunmasında əhəmiyyətli məqamdır.
Aygün İBRAHİMOVA,
"Respublika".