Tələbə adını qazanmış gənclərlə görüş
Bölgələr

Tələbə adını qazanmış gənclərlə görüş

Şəmkir

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev qəbul imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olan rayon gəncləri ilə görüş keçirib.

İcra başçısı əvvəlcə qazandıqları yüksək nəticələrə görə abituriyentləri təbrik edib, onların bu uğurlarında pay sahibi olan valideynlərinə və müəllimlərinə minnətdarlığını bildirib.

Ulu öndər Heydər Əliyevin ölkəmizdə təhsilə verdiyi önəmdən danışan Rəşad Tağıyev vurğulayıb ki, ümummilli liderin genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı hər zaman prioritet sahə kimi mühüm yer tuturdu. Onun uzaqgörənliklə söylədiyi konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir. Ümummilli lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş inkişaf strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla davam etdirilir.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Arslan Hacıyev də çıxışında ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan danışıb, rayonda təhsilin inkişafı üçün görülən işlər haqqında məlumat verib.

Ali məktəblərə yüksək bal toplayaraq tələbə adını qazanan məzunlar bundan sonra da daha fəal çalışaraq ölkəmizə layiqli vətəndaş kimi yetişəcəklərinə söz veriblər.

Sonda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev tələbə adını qazanan gənclərə Fəxri Fərman və hədiyyələr təqdim edib.

Qeyd etmək lazımdır ki, rayon üzrə 38 abituriyent 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunub.

Tərtər

Tərtər Rayon İcra Hakimiyyətində 2024-cü ildə ümumtəhsil məktəblərini bitirərək ali məktəbə daxil olub, tələbə adını qazanmış gənclərlə görüş keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Təhsil Sektorunun müdiri Oktay Sarıkişiyev, məktəb direktorları, tələbə adı qazanmış məzunlar və valideynlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, öncə tələbə adı qazanmış bütün məzunları ürəkdən təbrik edib, onlara gələcək təhsillərində uğurlar diləyib, onlara doğma vətənimiz müstəqil Azərbaycanın inkişafına və tərəqqisinə yüksək bilikli mütəxəssislər kimi öz töhfələrini verməyi arzu edib.

İcra başçısı qeyd edib ki, bu il rayonumuzun ümumtəhsil məktəblərini bitirən 756 nəfər məzundan 421 nəfəri ali məktəblərə sənəd vermişdir. Ali məktəblərə sənəd verən məzunlardan 285 nəfər müxtəlif ali təhsil müəssisələrinə, o cümlədən 5 nəfər Polis Akademiyasına, 7 nəfər Qarabağ Universitetinə 5 nəfər Cəmşid Naxçıvanski adına liseyə qəbul olub. Onlardan 9 nəfər 600-dən, 33 nəfər isə 500-600 arası bal toplayıblar. 600-dən yuxarı bal toplayanların sayı ötən illə müqayisədə 3, 500-600 arası bal toplayan məzunların sayı isə 12 nəfər artmışdır.

Bu il IX sinfi bitirən 954 nəfər şagirddən 120 nəfəri orta ixtisas məktəblərinə sənəd vermiş və 113 məzun orta ixtisas məktəbinə qəbul olub. Bu da ötən illə müqayisədə 67 nəfər çoxdur.

Çıxış edənlər də ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yekunlaşdırıb yüksək balla ali məktəbə qəbul olmuş tələbələrə rayon icra hakimiyyəti tərəfindən fəxri fərman hədiyyələr təqdim edilib.

Vəli VƏLİYEV,

Respublika.