Tələbə adını qazanan şəhid övladı ilə görüş
Bölgələr

Tələbə adını qazanan şəhid övladı ilə görüş

Gəncə

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş polkovnik-leytenant Soltan Məmmədovun qızı Ləman Məmmədova Dövlət İmtahan Mərkəzi tərəfindən 2024/2025-ci tədris ili üçün abituriyentlərin ali təhsil müəssisələrinə qəbul imtahanının nəticəsinə görə, Xəzər Universitetinə qəbul olmuşdur.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev bu münasibətlə şəhidin ailə üzvləri ilə görüşmüşdür. Görüşdə Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elnarə Əzizova, Aparatın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Vasif İsayev, şəhidin həyat yoldaşı Tünzalə Məmmədova, şəhidin bacısı Tərifə Məmmədova və qızı Ləman Məmmədova iştirak etmişdir.

Şəhər rəhbəri şəhidin həyat yoldaşı Tünzalə Məmmədovanı övladının ali məktəbə qəbul olması münasibətilə ürəkdən təbrik edib. Eyni zamanda Ləman Məmmədovanı da tələbə adını qazanması münasibətilə təbrik edib, gələcək həyatında uğurlar arzulayıb. Qeyd edib ki, tələbə adı dəyərli, məsuliyyətli və qürurvericidir, o ad 11 illik əməyin, zəhmətin və iradənin bəhrəsidir. Eyni zamanda bildirib ki, şəhid ailələri, onların övladları dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunur, çünki şəhid övladları Vətənə əmanətdir.

Şəhidin həyat yoldaşı Tünzalə Məmmədova səmimi dəvətə görə təşəkkürünü bildirərək qeyd etmişdir ki, həyat yoldaşının arzusu övladlarının ali təhsil alması idi. Buna görə mən də onun ruhunun şad olması, arzularının reallaşması üçün var qüvvəmlə çalışacağam.

Sonra şəhid övladına xatirə hədiyyəsi təqdim edilmişdir. Şəhidin həyat yoldaşı Tünzalə Məmmədova və qızı Ləman Məmmədova dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqətə, qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

Qeyd edək ki, şəhid polkovnik-leytenant Soltan Məmmədov Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

Zabit XƏLİLOV,

"Respublika".