Ümummilli lider Heydər Əliyev "Təhsil millətin gələcəyidir" ifadəsi ilə Azərbaycanın inkişafında təhsilin önəmini xüsusi vurğulamışdır. Ulu öndərin həyata keçirdiyi strategiyada təhsil hər zaman prioritet olub. Dahi şəxsiyyət qeyd edirdi ki, cəmiyyət yalnız yüksək keyfiyyətli təhsil vasitəsilə davamlı inkişaf edə bilər. Təhsil hər bir dövlətin və ölkənin sosial, iqtisadi və mədəni inkişafının təməl daşıdır. Bu səbəbdən, Heydər Əliyevin təhsil siyasəti Azərbaycan xalqının potensialını reallaşdırmaq və gənc nəsli müasir dünyaya uyğun şəkildə hazırlamaq məqsədi daşıyırdı.
Heydər Əliyev təhsilin hərtərəfli inkişafı üçün mühüm islahatlar həyata keçirərək ölkədə keyfiyyətli və əlçatan təhsil sisteminin qurulmasına nail oldu. Həmin dövrdə təhsil müəssisələri inkişaf etdirildi, müasir təhsil proqramları hazırlandı və gənclərin xarici ölkələrdə təhsil alması üçün imkanlar yaradıldı. Bu addımlar Azərbaycanın elmi, mədəni və texnoloji tərəqqisinin əsasını təşkil etmişdir.
Prezident İlham Əliyev bu gün ümummilli lider irsinə sadiq qalaraq bütün sahələrdə olduğu kimi, Azərbaycan təhsilinin inkişafına diqqət və qayğı göstərir. 20 illik dövrdə ali təhsilin inkişafı strateji prioritetlərdən biri olmuşdur. Dövlət başçısı təhsili ölkənin davamlı və dayanıqlı inkişafının əsası hesab edərək insan kapitalını dövlət siyasətinin önəmli istiqamətlərindən biri kimi müəyyənləşdirmişdir. Prezident İlham Əliyev ali təhsil müəssisələrinin modernləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırılması və təhsilin keyfiyyətinin artırılması üçün genişmiqyaslı islahatlar həyata keçirmişdir.
Azərbaycanda ali təhsil sahəsində aparılan islahatlar nəticəsində bir sıra nüfuzlu təhsil ocaqları yaradılmışdır ki, bunlar müasir tələblərə cavab verməklə yanaşı, həm ölkədə, həm də beynəlxalq səviyyədə tanınır. Bu təhsil ocaqlarından biri ADA Universitetidir. ADA Universiteti qlobal miqyasda rəqabətədavamlı, ali təhsil müəssisəsidir və ölkəmizdə elmi-texnoloji tərəqqinin mühüm mərkəzlərindən birinə çevrilmişdir. Bakı Ali Neft Məktəbi də mühüm təhsil mərkəzlərindən biri olaraq neft və qaz sənayesində ixtisaslı mütəxəssislərin hazırlanmasında mühüm rol oynayır.
Bundan əlavə, dünyanın ən qabaqcıl və nüfuzlu ali təhsil müəssisələrindən olan M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filiallarının yaradılması, Azərbaycan vətəndaşlarına xaricə getmədən dünya səviyyəsində tanınmış təhsil müəssisələrində oxumaq imkanı vermişdir. Bu addımlar təhsilin keyfiyyətini artıraraq gənclərimizin qlobal əmək bazarında rəqabətədavamlı olmasına şərait yaradır. Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ilə ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universiteti (CVU) arasında yaradılmış ikili diplom proqramı, Azərbaycan təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması istiqamətində atılmış mühüm addımlardandır. Bu proqram 31 yanvar 2020-ci ildə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində imzalanmış müqavilə əsasında həyata keçirilir.
Proqram çərçivəsində ADPU-nun "Menecment (təhsilin təşkili və idarəolunması)" ixtisası üzrə magistratura pilləsini bitirən tələbələr həm ADPU-nun, həm də CVU-nun diplomunu əldə etmək imkanı qazanırlar. Bu, onların beynəlxalq səviyyədə tanınan təhsil və insan inkişafı sahəsində yüksəkixtisaslı kadrlar kimi yetişməsini təmin edir. Eyni zamanda Corc Vaşinqton Universiteti "Təhsil və insan inkişafı: Təhsil siyasəti və liderlik" magistr ixtisası üzrə bilik və bacarıqları əldə etmək, Azərbaycan təhsilinə yeni yanaşmalar və qlobal standartlar gətirmək üçün geniş imkanlar yaradır. Bu cür proqramlar Azərbaycan təhsilinin dünya standartlarına uyğunlaşdırılmasında mühüm rol oynayır və gənc mütəxəssislərin daha geniş perspektivlərə sahib olmasına şərait yaradır.
Azərbaycan son illər təhsil sistemi yüksək olan ölkələrlə ortaq universitetlər təsis edərək xarici ölkələrin uğurlu təhsil startegiyasını tədbiq edir. Həmin təhsil müəssələrindən biri də İtaliya-Azərbaycan Universitetidir. Universitetdə təsis olunacaq akademik proqramlar iqtisadiyyatın strateji sektorlarını əhatə edəcək və yüksəkixtisaslı mütəxəssislər yetişdirəcək. Kənd təsərrüfatı və qida sənayesi, mühəndislik, elektrik və elektronika, nəqliyyat və infrastruktur mühəndisliyi, memarlıq, şəhərsalma və landşaft memarlığı, dizayn, interyer dizaynı və digər istiqamətlər üzrə təcrübə, nou-hau, texnologiya və innovasiyaların tətbiq olunacağı elm və bilik ocağı olacaq. Təməli qoyulan universitet Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılıb. İtaliya-Azərbaycan Universitetinin yaradılması barədə razılıq Prezident İlham Əliyevin 2020-ci ildə İtaliya Respublikasına dövlət səfəri zamanı əldə olunub. Universitet ADA Universitetinin bazasında fəaliyyət göstərəcək. İtaliya-Azərbaycan Universitetinin təsis edilməsinə İtaliyanın beş aparıcı ali təhsil ocağı Luiss, Bolonya, Milan Politexnik, Turin Politexnik və Romanın Sapienza universitetləri cəlb olunub. Bu xüsusda, keçən il ADA Universiteti ilə İtaliyanın adıçəkilən universitetləri arasında İtaliya-Azərbaycan Universitetinin yaradılması və bu istiqamətdə akademik əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, İtaliya təhsil sistemi dünyanın ən qabaqcıl təhsil sistemlərindən biri hesab olunur və keyfiyyətli təhsili ilə tanınan Avropa ölkələri arasında özünəməxsus yer tutur. İtaliya zəngin tarixi ənənələri ilə yanaşı, müasir innovativ yanaşmalarla da təhsil sisteminə uğurla inteqrasiya edib. Azərbaycan və İtaliya arasında təhsil sahəsində əməkdaşlıq hər iki ölkənin strateji tərəfdaşlığı çərçivəsində yüksək səviyyəyə çatıb. Bu əməkdaşlıq çərçivəsində universitetlərarası birbaşa əlaqələr, elmi tədqiqatçıların və akademiklərin mübadiləsi, birgə tədris proqramlarının tətbiqi və müasir tədris metodlarının mübadiləsi həyata keçirilmişdir. İki ölkə arasında uzunmüddətli və səmərəli əməkdaşlıq, elm və təhsil sahələrində dərinləşmiş və təhsil müəssisələri arasında yeni imkanlar açmışdır.
Azərbaycan universitetləri ilə İtaliyanın nüfuzlu ali məktəbləri arasında əməkdaşlıq müxtəlif kafedraların açılması, tələbə və müəllim mübadiləsi, ortaq elmi layihələrin həyata keçirilməsi kimi çoxşaxəli fəaliyyətlərə səbəb olmuşdur. Bu əlaqələr elmi biliklərin və innovasiyaların mübadiləsi ilə yanaşı, iki ölkə arasında mədəniyyətlərarası dialoqu da gücləndirmişdir.
Musa BAĞIRLI,
"Respublika".