Teatr və kinonun unudulmaz gülüş ustası
Mədəniyyət

Teatr və kinonun unudulmaz gülüş ustası

Səyavuş Aslan Azərbaycanın görkəmli teatr və kino aktyoru, Xalq artisti və milli sənət irsinin dəyərli nümayəndəsi idi. O, öz unikal aktyorluğu, müxtəlif obrazlar palitrası ilə tamaşaçılara dərin emosiyalar çatdırmağı bacarırdı.

Görkəmli sənətkar 5 sentyabr 1935-ci ildə Bakı şəhərində doğulub. Səyavuş Aslan gənc yaşlarından aktyorluğa maraq göstərib. O, Azərbaycan Dövlət Teatr İnstitutunda təhsil alıb. Aktyorluğa Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında başlayıb və burada uzun illər ərzində müxtəlif rollar ifa edib. Aktyorun çıxış etdiyi rollar çoxşaxəli və müxtəlif janrlarda olub. O, həm dramatik, həm də komik rollarda özünü sınayaraq hər dəfə tamaşaçıların qəlbinə yol tapıb. Gənc Səyavuş 1947-1953-cü illərdə Atamoğlan Rzayevin, Ağadadaş Qurbanovun, Qurban Musayevin, Ağasəlim Manaflının dram dərnəklərində çıxış edib. O, 1954-cü ildə bir müddət musiqili komediya estrada truppasında, 1958-ci ildə isə Quba Dövlət Dram Teatrında fəaliyyət göstərib. Səyavuş Aslan 1959-cu ildə Bakıya qayıdıb və Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yardımçı heyətində işə başlayıb. Ağası Məşədibəyovun "Toy kimindir?" tamaşasında Qoşun rolu ilə ifası uğurlu alınan sənətkar aktyor heyətinə keçirilir və uzun illər Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aparıcı aktyorlarından biri olur.

Səyavuş Aslan həyat yoldaşı Ofeliya Aslan ilə Quba Teatrında tanış olur. Ofeliya xanımın anası qızının aktyorla ailə qurmasına razı olmur. Lakin Səyavuşun "ya Ofeliya ilə evlənəcəm, ya da heç kimlə", - deyərək istədiyinə nail olur. Bu evlilikdən onların Çingiz və Eldar adlı iki oğlu dünyaya gəlir. Hər iki sənətkarın şöhrəti artdıqca söz-söhbətlər də çoxalmağa başlayır. Bütün bunlar Səyavuş Aslanla Ofeliya xanımın yollarının ayrılmasına səbəb olur.

Aktyor 1963-1969-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda musiqili komediya aktyorluğu ixtisası üzrə ali təhsil alır. 1959-1984-cü illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında, 1984-1994-cü illərdə isə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi çalışır. Səyavuş Aslan 1994-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edilir. 1996-cı ildə yenidən Akademik Milli Dram Teatrına qayıdan sənətkar ömrünün axırına qədər bu sənət məbədində işləyir. Səyavuş Aslan səhnədə və ekranda özünəməxsus ifa tərzi ilə fərqlənən sənətkarlardan idi. O, hər bir obrazına xüsusi incəliklər əlavə edərək onu teatrsevərlər və kinosevərlər üçün əsl zövq mənbəyinə çevirə bilib. Aktyorun səhnədəki hərəkətləri, səsi və jestləri, tamaşaçıları cəlb edirdi. Səyavuş Aslan, sadəcə olaraq rollarını oynamaqla kifayətlənmirdi, o, hər bir obrazı ilə dərin mənəvi dünyanı, xarakterin daxili konfliktlərini və insan təbiətinin müxtəlif yönlərini tamaşaçıya çatdırmağa çalışırdı. Teatr aktyorluğu sahəsində görkəmli sənətkar kimi tanınan Səyavuş Aslan, həmçinin Azərbaycan kinosunda da unudulmaz iz buraxmışdır. Onun kinoda yaratdığı obrazlar, sanki reallığın bir parçası kimi ekrana çıxır və tamaşaçılar üçün tanış hisslər oyadırdı. Hər bir rolunu dərindən dərk edərək, o, səmimiyyətlə, böyük ustalıqla öz personajlarını canlandırırdı. Bu səbəbdən, Səyavuş Aslanın həm teatr, həm də kino dünyasında yaratdığı əsərlər uzun müddət yaddaşlardan silinməyəcək və Azərbaycan mədəniyyətində mühüm yer tutacaq. "Hamlet", "Böyük Romul", "Ax, Paris, Paris", "Mənim sevimli dəlim", "Hicran", "Varlı qadın", "Sevgililərin cəhənnəmdə vüsalı", "Bizim qəribə taleyimiz" tamaşalarında, "Ulduz", "Bəyin oğurlanması", "Yol əhvalatı" filmlərində, "Qaynana əməliyyatı" və digər teletamaşalarda yaratdığı bir çox obrazlarla tamaşaçıların sevgisini qazanıb. Səyavuş Aslanın teatr və kinoya gətirdiyi yeniliklər, özünəməxsus ifa tərzi və hər bir obrazı canlandırma üsulu ona "Şərəf", "Şöhrət" ordenləri, "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" kimi müxtəlif mükafatlar və fəxri adlar qazandırıb. Səyavuş Aslan, həmçinin "Bir məhəlləli iki oğlan", "Qanun naminə", "Güllələnmiş heykəllər" kimi məşhur filmlərdə parlaq rollar ifa edib.

Səyavuş Aslan milli teatr və kino sənətinin inkişafına verdiyi dəyərli töhfələri ilə tarix yazıb. O, çoxsaylı tamaşalarda və bədii filmlərdə yaratdığı obrazları incə yumor və dərin psixoloji yozumla səciyyələndirib. Onun improvizə məharəti sayəsində hər bir rol həyatın özü qədər canlı və təbii təsir bağışlayırdı. Səyavuş Aslanın ifa etdiyi obrazlar sadəcə olaraq tamaşaçıya təqdim edilən personajlar deyil, eyni zamanda insan xarakterinin mürəkkəbliyini əks etdirən nümunələr idi. Onun incə yumor hissi, obrazlara əlavə etdiyi dərin psixoloji anlamlar və xarakterləri ustalıqla çatdırma bacarığı ona həm teatrda, həm də kinoda əvəzolunmaz zirvə qazandırdı. Hər bir rolunu fərqli və unikal şəkildə təqdim edən Səyavuş Aslan Azərbaycan sənətinin ən parlaq ulduzlarından biri olaraq tarixə düşüb. Səyavuş Aslanın yaratdığı obrazlar tamaşaçılar üçün yaddaqalan, düşündürücü və eyni zamanda ürəkaçan idi. 2013-cü il iyunun 27-də dünyasını dəyişən sənətkarımız Səyavuş Aslan yaratdığı müxtəlif obrazlar ilə daim tamaşaçıların qəlbində əbədi yaşayacaq.

Nurcan SÜLEYMANOVA,

"Respublika".