30 AĞUSTOS ZAFER BAYRAMI KUTLU OLSUN
Bu gün Türkiyə tarixinin ən önəmli günlərindən biri - Zəfər bayramıdır. Düz 102 il bundan öncə ulu öndər Mustafa Kamal Atatürkün komandanlığı ilə 1922-ci il iyulun 26-da başlayan və böyük qələbə ilə başa çatan Böyük Hücum və Baş Komandan Meydan döyüşündə türk ordusu dünya tarixinin ən böyük qəhrəmanlıq dastanlarından birini yazdı.
Bu bayram şanlı türk ordusunun və xalqının qanı ilə yazdığı şərəf dastanıdır. Türk milləti tarix boyu özünün azadlığı və istiqlaliyyəti uğrunda qətiyyətli mübarizə aparıb. Sülhsevər, humanist bəşəri dəyərləri həmişə özünə ideal seçib və onların uğrunda ölüm-dirim savaşına qalxıb. Bu savaşların gedişində 13 mindən artıq şəhid vermiş türk milləti hər dəfə öz tarixinə yeni qəhrəmanlıq səhifələri yazıb.
30 avqust 1922-ci ildə sonu qələbə ilə bitən Dumlupınar savaşını türk millətinin yenidən dirçəlişi günü hesab etmək olar. Bu savaş Anadolu torpaqlarının "Türk Vətəni" olduğunu bir daha düşmənlərə sübut etdi. Türkiyəni 30 avqust zəfərinə və Cümhuriyyətə aparan yol çox çətin və mürəkkəb olub. Birinci Dünya müharibəsi zamanı türklərin doğma yurdları uğrunda apardıqları ölüm-dirim müharibəsi sonda qurtuluş hərəkatına gətirib çıxarıb. İngilis və fransız orduları Çanaqqalaya hücum edən zaman əmin idilər ki, özlərinin üstün müasir silahları, təlimi qarşısında Balkan müharibəsindən çıxmış yorğun türk əsgəri mübarizə apara bilməyəcək. Hətta türklərlə müttəfiqlik edən alman zabitləri də eyni düşüncədə idilər. Lakin Ənvər Paşanın sərt intizamı ilə bir il yarım ərzində hazırlanan ordunun, yetkin və fədakar zabitlərin komandası ilə türklər düşməni işğal etdikləri torpaqlardan qovdular. Onların ruhlarını zəfərə inam bürümüşdü. 1922-ci ilin yayında Mustafa Kamal Paşa deyirdi: "Türkiyənin bugünkü mübarizəsi yalnız özünün azadlığı naminə olsaydı, bəlkə, daha qısa və daha az qanlı olar və tez də qurtarardı. Türkiyə qəti və ciddi səylər sərf edir. Çünki apardığı mübarizə məzlum millətlərin, bütün Şərqin mübarizəsidir".
1922-ci il avqustun 26-da müzəffər türk ordusunun topçu birliklərinin atəşləri altında geniş hücum əməliyyatı başlanıb. Düşmən mövqeləri bir-birinin ardınca ələ keçirilib. Bu qanlı döyüşlər iki gün davam edib. Avqustun 27-də türk qoşunları Sincanlı və Afyon düzənliklərinə enərək Afyonu azad ediblər.
Darmadağın olmuş yunan birlikləri Sincanlı düzənliyindəki təpələrdə təkrar müdafiəyə keçməyə cəhd göstərsələr də, buna nail ola bilməyilər. Dumlupınar-Uşak istiqamətində canlarını qurtarmaq üçün qaçan yunanların böyük bir qismi cənubdan 1-ci, şimaldan 2-ci ordu birliklərinin təzyiqi nəticəsində Aslihanlar bölgəsində sıxışdırılıb. Avqustun 28-29-da düşmənin arxa cəbhəsinə keçən türk birlikləri onların İzmirə doğru qaçış yollarını kəsib. Bu əməliyyatın nəticəsi olaraq düşmənin beş diviziyalıq qüvvəsi Dumlupınar bölgəsində mühasirəyə alınıb. Beləliklə, türk əsgər və zabitləri böyük rəşadət və qəhrəmanlıq nümunələri göstəriblər.
Avqustun 30-da səhər tezdən geri sıxışdırılan düşmən birlikləri ilə türk birlikləri arasında bu bölgədə Meydan savaşı başlanıb. Baş Komandan Qazi Mustafa Kamalın məharətlə idarə etdiyi, yönəltdiyi bu savaş türk tarixşünaslığında haqlı olaraq "Baş Komandanın Meydan müharibəsi" adını alıb. Kamal Paşanın hərbi dühası sayəsində bu savaşda bir gün içində yunan ordusunun çoxlu sayda canlı qüvvəsi məhv edilib və əsir alınıb. Artıq Mustafa Kamal Paşa tarixi əmrini vermişdi: "Ordular! İlk hədəfiniz Ağ dənizdir. İrəli!".
Bu əmri alan qəhrəman türk ordusu böyük bir qələbə həyəcanı ilə irəli atılıb. Türk süvariləri, xüsusilə çevik hərəkətləri ilə uğurlar qazanıblar. Yunan ordusunun darmadağın edilməsi xəbəri Egeydə olan digər yunan birliklərində çaşqınlıq və təlaş yaradıb, onlar qaçmağa başlayıblar. Yunanlar qaçarkən türk birlikləri də işğal edilən ərazilərə daxil olublar. Beləliklə, 1922-ci il sentyabrın 18-də Qərbi Anadolu işğalçı yunan birliklərindən tamamilə təmizlənib. Bununla da türk yurdunun bütövlüyü təmin edilib və Türkiyə Cümhuriyyətinin yaranmasına aparan yol açılıb.
30 avqust zəfəri türk xalqının və Türkiyənin tarixində yeni bir səhifə açdı. Rəsmi olaraq bu bayram 1936-cı ilin may ayında elan olunub. Zəfər bayramı günü bütün ölkədə təntənəli mərasimlər keçirilir. Dövlət rəsmiləri və vətəndaşlar Ankarada Anıtqəbiri, digər vilayət və şəhidlikləri ziyarət edib, Mustafa Kamal Atatürkə, silahdaşlarına, bütün əsgərlərin ruhuna dualar oxuyurlar. Bütün şəhərlərdə hərbi birliklər nümayiş keçirir, bundan başqa, səfirliklərdə mərasimlər təşkil olunur. 30 avqust Türkiyədə rəsmi tətildir, hər il Quru Qoşunları Hərb Məktəbində məzun buraxılışı olur, zabit rütbələri məhz bu gün verilir. Bu bayram, eyni zamanda Türkiyə Cümhuriyyətinin və Şimali Kipr Türk Cümhuriyyətinin də milli bayramı hesab olunur.
Onu da qeyd edək ki, bu gün İstanbulda Zəfər bayramı ilə bağlı İstanbulkart tariflərinin inteqrasiyasına daxil olan avtobus, tramvay, metro kimi ictimai nəqliyyat vasitələri 24 saat pulsuz xidmət göstərir.
Esmira Yazkan ASLANOVA,
''Respublika'' qəzetinin
Türkiyə üzrə müxbiri.