Tarixi, mədəni əlaqələrin yeni mərhələsi
Siyasət

Tarixi, mədəni əlaqələrin yeni mərhələsi

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra İslam ölkələri ilə əməkdaşlığın qurulması ən önəmli məsələlərdən biri olub. Son 20 ildə bu məsələ demək olar ki, dövlət başçısı İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edib. Dövlətimiz bununla vaxtilə mövcud olan əlaqələrin bərpası və inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır, dünyada əbədi sülhün bərqərar olmasına töhfələr verir. Bu mənada, Misirlə Azərbaycan arasında əlaqələr də böyük əhəmiyyət kəsb edir.

Ötən ilin yanvarında Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycanda səfərdə oldu. Xatırladaq ki, ötən 30 il müddətində Azərbaycana Misir dövlət başçısının ilk səfəri kimi yaddaşlarda qaldı. Ölkəmizə ilk səfəri zamanı bunu xüsusi qeyd edən Əbdülfəttah əs-Sisi Azərbaycana gəlişindən məmnunluq duyduğunu, ölkəmizin qazandığı uğurlara sevindiyini diqqətə çatdırdı.

Bu il iyunun 8-də isə Prezident İlham Əliyev Misir Ərəb Respublikasına səfər edib, Prezident Əbdülfəttah əs-Sisi ilə bir sıra görüşlər keçirib. Görüşdən sonra mətbuata bəyanatla çıxış edən dövlət başçısı İlham Əliyev deyib: "...Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur. Bütün beynəlxalq məsələlərdə bizim təklifimiz üst-üstə düşür. Əslində biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq... İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk. Bildiyiniz kimi, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur".

Azərbaycan və Misir arasında tarixən dostluq, qardaşlıq münasibətləri mövcud olub, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra əlaqələr genişləndirilib, ölkələrimiz bir-birinə daha da yaxınlaşır. Hər iki ölkə mövcud münasibətlərin dinamik şəkildə inkişaf etdirilməsinə səy göstərir. Misir Ərəb Respublikasının Prezidentinin ölkəmizə ilk səfəri zamanı ölkə başçımız deyib: "Əminəm ki, sizin səfəriniz Misir-Azərbaycan əlaqələrinin inkişafına töhfə verəcəkdir". Gələcək əməkdaşlıq haqqında vahid mövqenin zəruri olduğu, bunun üçün imkanlar yarandığı diqqətə çatdırılıb.

Azərbaycan çoxqütblü xarici siyasət yürütmək istiqamətində uğurla irəliləyir. Yaxın Şərqin, eləcə də ərəb dünyasının əsas dövlətlərindən biri olan Misirlə əlaqələrin inkişaf etdirilməsi müsbət xarakter daşıyır. İki ölkə prezidentinin qarşılıqlı səfərləri bir daha göstərir ki, Azərbaycanın Avropada və Şərqdə gedən proseslərdə rolu artır, nüfuzu güclənir. Həmişə müxtəlif beynəlxalq təşkilatlarda ölkəmizin mövqeyini müdafiə edən Misir bölgədəki vəziyyəti daha dərindən öyrənmək, Azərbaycanla ticari-iqtisadi əlaqələri yaxşılaşdırmaq istəyir. Bu isə təbiidir, çünki Avropanın Azərbaycana münasibətindəki iqtisadi və geosiyasi amillər bu bölgəni diqqət mərkəzinə çevirib. Misir dövləti də bu prosesdən faydalanmaq, Azərbaycan və Türkiyə ilə münasibətlərə yeni müstəvidən yanaşmaq istəyindədir.

Azərbaycanla Misir Ərəb Respublikası arasında diplomatik əlaqələrin qurulmasından artıq 33 il ötür. Qardaş ölkə Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb. 1994-cü ildə ümummilli lider Heydər Əliyev BMT-nin Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransında iştirak etmək üçün Qahirədə işgüzar səfərdə olub.

Misirin ovaxtkı prezidenti Hüsnü Mübarəklə görüşüb və iki ölkə arasında münasibətlər möhkəmləndirilib, əməkdaşlığın yeni perspektivləri müəyyən edilib.

2007-ci il mayın 6-8-də Misirə rəsmi səfəri çərçivəsində Prezident İlham Əliyev bir sıra görüşlər keçirib, bu görüşlərdə ölkələrimiz arasında iqtisadi əlaqələrin genişləndirilməsi, misirli iş adamlarının Azərbaycana sərmayə qoyulmasına cəlb edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Eyni zamanda Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında əməkdaşlığın vəziyyəti, əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Dövlət başçısı ƏDL-ə üzv ölkələrin səfirləri ilə də görüşüb. Azərbaycan Prezidentinin Misirə ilk rəsmi səfəri zamanı keçirilən görüşlərdə: "Misirin Afrika qitəsinə qapı rolu oynadığını nəzərə alaraq, ölkələrimiz arasında azad ticarət sahəsində imzalanmış sazişlərin vacib əhəmiyyət kəsb etdiyini vurğuladıq", - deyən Prezident Əbdülfəttah əs-Sisi həmçinin iki ölkə arasında hava əlaqəsinin genişləndirilməsinin vacibliyini, bunun iqtisadiyyat, ticarət sahələrində əməkdaşlığa töhfə verəcəyini vurğulayıb, Azərbaycanla Ərəb Dövlətləri Liqası arasında əlaqələri dəstəklədiklərini diqqətə çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyevin budəfəki səfəri çərçivəsində isə ölkə liderləri qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında müzakirələr aparıblar. Misir mədəniyyəti və qədim tarixi ilə bütün dünyanın diqqət mərkəzindədir. İnsanları valeh edən Misirin ikonoqrafiyası dünyanın mədəni inciləri sırasındadır. Coğrafi və tarixi xüsusiyyətlərinə görə Misir turizm baxımından da çox zəngin ölkədir. Misir həm də neft və qaz ölkəsidir. Dövlət büdcəsinə sabit gəlir axınının təmin edilməsi, iqtisadi artıma təkan verilməsində bu təbii sərvətlərin rolu böyükdür. Bu baxımdan, COP27-yə ev sahibliyi etməsi, konfransın böyük uğurlarla nəticələnməsi həm də bu ölkənin ekoloji problemlərin həlli məsələlərinə sadiqliyini nümayiş etdirir. İndi azərbaycanlı nümayəndələr Misirin bu sahədəki təcrübəsini öyrənmək üçün daim təmasdadırlar. Misir rəsmiləri Azərbaycanın bu beynəlxalq toplantıya uğurla ev sahibliyi edəcəyinə, müsbət nəticələr əldə olunacağına əminliklərini ifadə edirlər. Dost, qardaş ölkə regionun lider dövlətinə bu işdə dəstək göstərməkdə də maraqlıdır.

Zümrüd QURBANQIZI,

"Respublika".