Ölkəmizdə İtaliya səfirliyi 2003-cü ildən fəaliyyət göstərir və dostluq münasibətləri davam edir. Məhz hər iki ölkənin strateji tərəfdaşlıq əlaqələri ölkə başçılarının uğurlu siyasətindən irəli gəlir. Prezident İlham Əliyev və Sercio Mattarella arasında aparılan rəsmi danışıqlar bunun bariz nümunəsidir. Belə ki, 2018-ci ilin 18-19 iyul tarixlərində İtaliya Prezidenti Sercio Mattarella Azərbaycana rəsmi səfər etmişdir. Bu, İtaliya Prezidentinin Azərbaycana ilk rəsmi səfəri olmuşdur. Bu səfərdən sonra "Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə İtaliya Respublikasının Təhsil, Universitetlər və Tədqiqat Nazirliyi arasında ali təhsil üzrə əməkdaşlıq barədə Birgə Bəyannamə", "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə İtaliya Respublikasının Səhiyyə Nazirliyi arasında baytarlıq təbabəti üzrə Texniki Anlaşma", "Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumu", "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə İtaliya Dövlət Dəmir Yolları arasında Anlaşma Memorandumu" imzalanmışdır. Səfər zamanı İtaliya prezidenti həm də ADA Universitetində "Azərbaycan və İtaliya: inkişaf edən dostluğun dərin kökləri və əməkdaşlığımızın gələcəyi" mövzusunda çıxış etmişdir.
İki ölkə arasında ticarət əlaqələri xüsusilə neft sektorunda inkişaf edir. Belə ki, Azərbaycanın 2014-cü il ərzində xam neft ixracının 23 faizi İtaliyanın payına düşmüşdür. İdxalda maşınqayırma məhsulları, xüsusi təyinatlı mexaniki qurğular və maşınlar, dəzgahlar, ehtiyat hissələri, həmçinin dərman vasitələri, transformatorlar, inşaat materialları, mebel, ərzaq, trikotaj məmulatları xüsusi yer tutmuşdur. Bakı-Tbilisi-Ceyhan neft boru kəməri konsorsiumunda 5 faiz paya sahib olan İtaliyanın "ENİ" qrupu Azərbaycanın enerji sektoruna 1995-ci ildən etibarən cəlb olunmuşdur. Azərbaycanın İtaliyanın enerji sahəsinə verdiyi töhfələr bunlarla bitmir, 2016-cı ildə TAP kəmərinin tikintisi ilə bağlı Yunanıstanın Saloniki şəhərində təməlqoyma mərasimi keçirilmiş və bundan sonra İtaliyanın "Enel" və "Hera" şirkətləri tərəfindən Azərbaycan təbii qazının alınmasına başlanılmışdır. Həmçinin Azərbaycanın Dövlət Neft Şirkəti və onun nəzarətində olan şirkətlərlə İtaliyanın mühəndislik, tikinti və texnologiyalar sahəsində bəzi şirkətləri arasında irihəcmli müqavilələr də imzalanmışdır. Eyni zamanda ölkələr arasında neft-kimya sahəsində müəssisələrin tikilməsi, yenidənqurulması, layihələndirilməsi, mühəndislik və tikinti işləri həyata keçirilmişdir.
Azərbaycanın və İtaliyanın tərəfdaşlıq əlaqələri son zamanlar xüsusilə inkişaf edir. Sentyabrın 5-də ölkə başçısının İtaliyaya işgüzar səfəri çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib. İtaliyanın Avropada ölkəmizin əsas ticarət tərəfdaşı olması çoxşaxəli əməkdaşlığın nəticəsidir. Azərbaycan-İtaliya Universitetinin yaradılması da dostluq əlaqələri üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, ölkə gəncləri arasında inteqrasiya mədəni əlaqələrin parlaq gələcəyinə töhfə verəcək. İtaliyanın ölkə başçısı COP29-un Azərbaycan üçün xüsusi əhəmiyyətindən bəhs edərkən iqlim dəyişmələri üzrə nümayəndələrinin tədbirlərdə iştirak edəcəyini qeyd etmişdi.
Bütün bunlar deməyə əsas verir ki, iki ölkə arasında olan əlaqələr daha da inkişaf edəcək. Belə ki, İtaliyanın bəzi şirkətləri işğaldan azad olunmuş bir sıra ərazilərimizi - Ağdam, Füzuli, Kəlbəcər və Qubadlını elektrik avadanlıqları ilə təchiz edir.
Ləman TƏHMƏZ,
"Respublika".