Sosial rifahın yaxşılaşdırılması diqqət mərkəzindədir
Sosial həyat

Sosial rifahın yaxşılaşdırılması diqqət mərkəzindədir

1989-cu ildə BMT nəzdində fəaliyyət göstərən əhali fondu – YUNFPA tərəfindən 11 iyul Əhali Günü kimi təsis edilib. Həmin gün BMT-nin əhali problemlərinin həllinə yardım göstərən Əhali Fondu təsis edildiyinə görə məhz bu tarix dünyada əhali günü kimi qeyd edilir. Ümumdünya Əhali Günü 1990-cı il iyulun 11-də ilk dəfə 90 ölkədə qeyd olunub. Hər il BMT-nin baş katibi bu münasibətlə müxtəlif tədbirlər keçirir, Ümumdünya Əhali Günü ilə bağlı bütün dünyaya müraciətlər edir. 1994-cü ildə Qahirə şəhərində "Əhali və inkşaf problemləri üzrə" BMT-nin ilk qlobal konfransı keçirilib. Ümumiyyətlə, keçirilən konfranslarında insan amili əsas yer tuturdu. Yoxsulluğun aradan qaldırılması, əhalinin yaşayış tərzinin yaxşılaşdırılması, demoqrafik problemlər, gender bərabərliyi, ailə və qadın problemləri, reproduktiv sağlamlıq, ana və körpə ölümü, təhsil və sağlamlıq kimi prioritet məsələlər əsas amil kimi diqqət mərkəzində dayanıb.

Hər bir ölkənin yürütdüyü siyasətin əsas məqsədlərindən biri də demoqrafik proseslərdə yaranmış mənfi meyilləri aradan qaldırmaqla ölkənin inkişaf strategiyasına uyğun olaraq əhalinin kəmiyyət, keyfiyyət artımını təmin etməkdir. Ümumdünya əhali günü 2005-ci ildən başlayaraq Azərbaycanda da qeyd olunur. Ölkəmizdə demoqrafiya, əhalinin sosial rifahının yaxşılaşdırılması məsələləri daim diqqət mərkəzindədir. MDB məkanında ilk dəfə elmi əsaslarla işlənmiş, demoqrafiya sahəsində dövlət strategiyasını müəyyən edən “Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası” təsdiq edilib.

Müasir dövrümüzdə insan inkişafının demoqrafik aspektləri bir sıra amilləri özündə cəmləşdirir. Ölkəmizdə ölüm səviyyəsinin azaldılması, əhalinin sağlamlığının və həyatının yaxşılaşdırılması hesabına uzunömürlülük, nikah və boşanma proseslərinin, bütünlükdə, cəmiyyətin və ayrılıqda hər bir ailənin mənafeyinə uyğun tərzdə nizamlanması, miqrasiya proseslərinin tənzimlənməsi və digər amillər demoqrafiyanın inkişafına ciddi təsir göstərib. Demoqrafiya sahəsində dövlət siyasətinin əsas prinsipləri kimi, ekoloji cəhətdən təhlükəsiz və sabit iqtisadi inkişafın təmin edilməsi də qeyd olunan amillərdən biridir.

Demoqrafiya və əhali sakinliyi sahəsində dövlət siyasəti Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 1999-cu il 9 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Demoqrafik İnkişaf Konsepsiyası" ilə müəyyən olunur. Demoqrafiya sahəsində dövlət siyasətinin əsas məqsədi neqativ meylləri aradan qaldırmaqla ölkənin inkişaf strategiyasına uyğun əhalinin artımını təmin etməkdir.

Demoqrafiyanın yüksək səviyyədə inkişafı istiqamətində ölkənin sosial-iqtisadi, siyasi və demoqrafik mənafelərini rəhbər tutaraq dövlət ərazisində, o cümlədən sərhəd rayonlarında əhalinin məskunlaşmasının yaxşılaşdırılıb və demoqrafik potensialının artırılması üçün hər cür şərait yaradılıb, ailə institutunun mənəvi-əxlaqi dəyərlərinin təbliği və müdafiəsi, sağlam həyat tərzinin formalaşdırılması normalara uyğun tənzimlənib.

Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində dövlət siyasətinin prioritetləri qeyd etdiyimiz məqsədə və əsas vəzifələrə əsaslanaraq əhalinin, xüsusilə ana və uşaqların ölüm səviyyəsinin azaldılması yolu ilə cinslər və yaşlar üzrə ömür müddətinin uzadılmasından, ana və uşaqların sosial müdafiəsinin və mühafizəsinin gücləndirilməsindən, əhalinin sağlamlığının yaxşılaşdırılmasından, qida məhsullarının keyfiyyətinin yüksəldilməsindən, suyun və havanın çirklənməsinin azaldılmasından, ətraf mühitin sağlamlaşdırılmasından, ailə planlaşdırılması xidmətinin inkişafından, məhsuldar və sağlam həyat tərzini təmin etmək məqsədilə təhsil və məşğulluq sisteminin təkmilləşdirilməsindən ibarətdir.

Prezident İlham Əliyevin 2003-cü il 23 iyun tarixli Sərəncamına uyğun olaraq hazırlanmış "Azərbaycan Respublikasında demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı" ölkədə mövcud demoqrafik proseslərin təhlili əsasında bu sahənin gələcək inkişaf istiqamətlərini və həyata keçirilməli olan zəruri tədbirləri özündə əks etdirir. Proqramın əsas məqsədi əhalinin optimal təkrar istehsalına nail olmaq, ölüm səviyyəsini azaltmaq, orta ömür uzunluğunu artırmaq, ana və uşaqların müdafiəsini gücləndirmək, ailələrin inkişafı üçün əlverişli sosial-iqtisadi zəmin yaratmaq və miqrasiya proseslərinin tənzimlənməsi yollarını müəyyən etməkdən ibarətdir.

Dövlət Proqramı ölkədə demoqrafiya və əhali sakinliyi inkişafının orta-müddətli strategiyasını müəyyənləşdirməklə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına dair qəbul edilmiş digər dövlət proqramları ilə əlaqəli şəkildə həyata keçirilir.

Proqramda nəzərdə tutulmuş tədbirlər müvafiq dövlət orqanlarının daxili maliyyə imkanları hesabına həyata keçirilir. Bu işin yerinə yetirilməsində, eyni zamanda, donor təşkilatların, BMT-nin müvafiq strukturlarının, o cümlədən Əhali Sakinliyi Fondunun iştirakı da nəzərdə tutulub.

Ümummilli liderimiz Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin düzgün siyasəti nəticəsində ölkədə demoqrafiq vəziyyət daha da yaxşılaşıb. Bunu 1999-2009-cu illərdə ölkədə aparılmış əhalinin siyahıya alınması prosesinin nəticələri də sübut edir.

2023-cü il mayın 1-də əhalinin son siyahıyaalınmasının nəticəsinə görə 10 milyon 143 min 521 (Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazisindəki əhali istisna olmaqla) nəfər təşkil edib. Əhalinin 54,6 faizi şəhər, 45,4 faizi kənd sakinlərindən, 49,8 faizi kişilər, 50,2 faizi isə qadınlardan ibarət olub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə ilk dörd ay ərzində Azərbaycanda 37 min 159 körpə doğulub. Əhalinin hər 1000 nəfərinə doğulanların sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,1-dən 11,1-ə enib. Doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2, qız uşaqlarının xüsusi çəkisi isə 46,8 faiz olub. Körpələrin 1122-si əkiz, 63-ü isə üçəm olub. Yanvar-aprel ayları ərzində ölkədə 21 min 205 ölüm halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə həmin göstərici 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 7,2-dən 6,4-ə qədər azalıb.

2024-cü il fevralın 1-də isə ölkə əhalisinin sayı ilin əvvəlindən 2891 nəfər artaraq 10183661 nəfər təşkil edib.

Əhalinin ümumi sayının 54,5 faizini şəhər, 45,5 faizini kənd sakinləri, 49,8 faizini kişilər, 50,2 faizini isə qadınlar təşkil edir.

Bayram SALMANOV,

"Respublika".