Siyasi və iqtisadi dividendlər reallığı
Siyasət

Siyasi və iqtisadi dividendlər reallığı

"Xalqlarımızın ənənəvi dəyərlərə sadiqliyi və eyni etnik köklərə malik olmaları ölkələrimizi sıx birləşdirir. XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır". Bu sözləri Prezident İlham Əliyev iyulun 6-da Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü zamanı söyləyib.

Azərbaycan Türk dünyasının birləşməsinə, eləcə də onun inkişafına töhfə vermək məqsədilə mühüm işlər görür. Bu baxımdan, ölkə başçısının irəli sürdüyü təşəbbüslər və atdığı addımlar təqdirəlayiq qiymətləndirilir. Azərbaycan üzv dövlətlərilə birgə təşkilatın nüfuzlu beynəlxalq quruma çevrilməsi üçün səy göstərir. Prezident İlham Əliyevin təşkilatla bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar TDT-nin gələcək inkişaf xəritəsinin müəyyənləşdirilməsində mühüm rol oynayır.

200 milyondan çox insanın yaşadığı geniş coğrafiyanı əhatə edən, böyük iqtisadi potensiala, enerji resurslarına və müasir hərbi imkanlara malik olan Türk Dövlətləri Təşkilatına üzv ölkələr qarşılıqlı milli maraqlar nəzərə alınmaqla bir-birinə dəstək nümayiş etdirirlər. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq getdikcə şaxələndirilir. Müasir dövrdə hərbi-siyasi birliklər və ittifaqlara kifayət qədər rast gəlmək mümkündür. Amma onların az hissəsinin uğur qazandığının şahidi oluruq. Ümumiyyətlə, müəyyən qurumu güclü edən könüllülük, ortaq dəyərlər, milli maraqlar, inteqrasiya və inkişafa açıq olmaqdır. Bunların da hamısı məhz Türk dövlətlərinə xas xüsusiyyətlərdir. Eyni zamanda zəngin və strateji əhəmiyyətli təbii qaynaqlar, nəhəng coğrafiya, əlverişli geosiyasi mövqe, logistika imkanları TDT-nin əhəmiyyətini bir daha göstərir.

Türk dövlətlərinin, eləcə də Türk Dövlətləri Təşkilatının nüfuzunun artması bir sıra xarici qüvvələri qıcıqlandırır. Müasir dövrdə yaşamağımıza baxmayaraq, hələ də dünyada türkofobiyanın ciddi şəkildə artdığını müşahidə edirik. Azərbaycan bu problemlə mübarizədə mühüm addımlar atır, quruma üzv ölkələr arasındakı əlaqələrin gücləndirilməsinə çalışır. Rəsmi Bakı qurumun təsisçi dövlətlərindən biri kimi daim təşkilat çərçivəsində əməkdaşlığın daha da inkişafı məqsədilə mühüm təşəbbüslərlə çıxış edir. Təşkilatın keçirdiyi iclaslar, həmçinin sammitlər bu nöqteyi-nəzərdən mühüm əhəmiyyətə malikdir. Bir neçə gün öncə Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinin Şuşada keçirilməsi də tarixi hadisə kimi qiymətləndirilməlidir. Çünki bu tədbir işğaldan azad olunmuş ərazilərdə keçirilən ilk beynəlxalq səviyyəli sammitdir. Bu günədək Şuşaya və işğaldan azad edilən digər bölgələrə müxtəlif ölkələrin liderləri səfərlər ediblər. Amma regional, iqtisadi, siyasi məsələlərin müzakirə edildiyi bu sammit, eləcə də Prezident İlham Əliyevin çıxışı zamanı verdiyi ismarışlar özünəməxsusluğu ilə yadda qaldı. Zirvə görüşü, həmçinin işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə təhlükəsiz həyatın təmin olunduğunu beynəlxalq səviyyədə nümayiş etdirdi. Bu xüsusda sammitin həmin ərazilərə istər siyasi, istərsə də iqtisadi dividendlər vəd etdyini söyləyə bilərik. Tədbirin Azərbaycanın və bütün türk dünyasının mühüm mərkəzlərindən biri olan Şuşada keçirilməsi güc nümayişi və həmrəylik əlamətidir. Şuşa sammiti bütün dünyaya Azərbaycanın öz ərazi bütövlüyünün bərpası üçün apardığı mübarizədə vahid qardaşlıq dəstəyini, dövlətimizin türk dövlətləri arasında mühüm əməkdaşlıq mərkəzi olduğunu bir daha göstərdi.

Nəzrin ELDARQIZI,

"Respublika".