Separatçıların Ermənistadakı fəaliyyətinə də birdəfəlik son qoyulmalıdır
Siyasət

Separatçıların Ermənistadakı fəaliyyətinə də birdəfəlik son qoyulmalıdır

"Qərbi Azərbaycan İcmasının Ermənistanın suverenliyini və ərazi bütövlüyünü təhdid etmədiyi halda, özünü "mühacirətdə olan hökumət" kimi qələmə verən qondarma rejimin tör-töküntülərinin, Ermənistanın sabiq xarici işlər nazirinin rəhbərlik etdiyi "repatriasiya komissiyası"nın Ermənistanda belə rahat fəaliyyət göstərməsi qəbuledilməzdir. Bəyan edirik ki, Ermənistan bu təhlükəli siyasətdən əl çəkməsə, onda biz Azərbaycanda mühacirətdə olan Qərbi Azərbaycan hökumətinin təsis edilməsi istiqamətində işlərə başlayacaq və bu xüsusda, ilk olaraq yeni seçilmiş parlamentdə "Qərbi Azərbaycana qayıdış" komissiyasının yaradılması məqsədilə Milli Məclisə müraciət ünvanlayacağıq".

Qarabağda keçirilən antiterror tədbirlərindən sonra ləğv olunan qondarma rejimin qalıqlarının yenidən aktivlik nümayiş etdirməsinə görə Qərbi Azərbaycan İcması belə bir bəyanat yayıb. Qurum bu bəyanatla separatçı rejimin təxribatçı addımlarına qarşı rəsmi Bakının qəti mövqe sərgiləyəcəyi mesajını verib. Amma görünən odur ki, qondarma respublikanın tör-töküntüləri bu xəbərdarlıqdan dərs çıxarmaq yerinə daha avantürist gedişlər edirlər. Belə ki, bir müddət əvvəl ləğv olunmuş revanşist rejimin sonuncu prezidenti Samvel Şahramanyan rəhbərlik etdiyi qurumun buraxılması haqqında imzaladığı sənədin konstitusiyaya zidd olduğunu bildirib. Üstəlik, tələb edib ki, Qarabağdan öz istəyi ilə gedən əhali beynəlxalq zəmanətlərlə geri qayıtmalıdır. Bundan əlavə, din xadimləri də mütəmadi olaraq erməni xalqını "ədalət"i bərpa etməyə səsləyir.

Bu günlərdə Ermənistan parlamentində Qarabağla bağlı yeni qalmaqal yaranıb. "Ermənistan" fraksiyasının üzvü Artsvik Minasyan iclasda Azərbaycana qarşı separatçı təklif irəli sürüb. O, "Ermənistan-artsax parlamentlərarası komissiyası"nın iclasının çağırılmasını məsləhət görüb. Parlamentin spikeri Alen Simonyan isə Minasyana xatırladıb ki, qondarma respublika özünü ləğv edib və hazırkı münasibətlər sistemi buna uyğun qurulur. Amma müxalif deputat onunla razılaşmayıb. İddia edib ki, heç kim belə bir qərar verə bilməz. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Parlamentdə yaranan bu xaos son dövrlər separatçıların aktivləşdiyinin bariz sübutudur. Bütün bunlar faktiki olaraq yeni müharibənin başlaması istiqamətində atılan təhrikedici addımlar hesab oluna bilər. Ermənistanda Azərbaycanla sülh müqaviləsinin imzalanmasını istəməyən daha çox xarici qüvvələrdir. Onlar hər vəchlə çalışırlar ki, Cənubi Qafqazda daimi sülh və sabitlik olmasın. Bu xüsusda "qoca qitə" sistemli şəkildə Qarabağdan könüllü gedən ermənilərin geri qayıdışı ilə bağlı qərəzli və həqiqəti əks etdirməyən bəyanatlar yayır.

Amma hazırda erməni separatçılarla bağlı məsələlərin gündəmə gətirilməsi baş nazir Nikol Paşinyan hökumətinin maraqlarına cavab vermir. Çünki rəsmi İrəvan düşünür ki, revanşistlər Ermənistandakı 5-ci kalonun tərkib hissəsidir. Qarabağdakı keçmiş rejimin elitası Rusiyanın maraqlarını qoruyur. Məhz bu səbəbdən, Paşinyan bu il separatçı soydaşlarına hazırda mövcud olmayan qondarma respublikanın ildönümü ilə bağlı təbrik ünvanlamayıb. Bu siyasətin davamı olaraq, Alen Simonyan da ötən gün parlamentin iclasındakı sərt açıqlamaları ilə separatçıların arxasındakı qüvvələrə mesaj verib. Çünki Azərbaycanla Ermənistan arasında da bu məsələyə qayıdılmamasına dair konkret razılıq var. Elə Paşinyanın özünün də bir müddət öncə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirməsi əslində, bu prosesin hazırkı hakimiyyət üçün bitdiyini deməyə əsas verir. Bununla belə, əgər erməni iqtidarı Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa və iddia etdiyi kimi, yekun sülh müqaviləsini imzalamağa hazırdırsa, onda ilk növbədə revanşistlərin İrəvandakı ofisini bağlamalıdır.

Jalə QASIMZADƏ,

"Respublika".