Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur
Ordu

Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur

Azərbaycanın şanlı hərbçiləri, qəhrəman övladları bu Vətəni sonsuz məhəbbətlə sevdiklərini dəfələrlə sübut ediblər. Onların bu qəhrəmanlıqları əbədi olaraq xalqımızın qəlbində yaşayacaq, gələcək nəsillərə bir örnək olacaqdır. Xalqımız bu oğullarımız ilə fəxr edir.

2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən igid oğullarımız qəhrəmancasına döyüşərək adlarını hərb tariximizə qızıl hərflərlə yazdırdılar. Bunlardan biri də Qazax rayonunun Kəmərli kəndindən olan baş leytenant Kazımov Yunis Qasım oğludur.

Yunis Kazımov 1993-cü il sentyabrın 24-də anadan olub. Qazax rayon Aslan Kəmərli adına Kəmərli kənd tam orta məktəbini bitirib. Ali təhsilli idi. 2011-2015-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində yol kadastrı ixtisasına yiyələnib. 2016-cı ildən Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edib, baş leytenant rütbəsi daşıyıb.

Yunis 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi zamanı Cəbrayıl, Qubadlı, Hadrut, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərin iştirakçısı olub. Noyabrın 4-də Şuşa istiqamətindəki mübarizədə sol ayağından qəlpə yarası alır. İlk tibbi yardım göstərildikdən sonra yenidən döyüşə qatılır, Şuşa azad olunduqdan sonra müalicə üçün Qazax Rayon Mərkəzi Xəstəxanasına göndərilir. Daha sonra Yunis Tovuz rayonunda hərbi hospitalda müalicə alaraq xidmət etdiyi hərbi hissəyə qayıdır.

Vətən müharibəsi bitdikdən sonra 2021-ci ildə ailə həyatı quran Yunis şəhid dostunun şərəfinə verdiyi Əli adında bir oğlu yadigar qalıb.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən "Azərbaycan Bayrağı" ordeni, "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

2022-ci ilin sentyabrın 12-dən 13-nə keçən gecə Yunis Kəlbəcərdə düşmən hücumunun qarşısını alarkən şəhid olmuşdur. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Yunis Kazımov ölkə Prezidenti tərəfindən III dərəcəli "Rəşadət" ordeni və "Vətən uğrunda" medalı ilə tətif edilib.

1995-ci il dekabrın 15-də Biləsuvar rayonunun Ağalıkənd kəndində dünyaya göz açan gizir Məhəmməd Məmmədov 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Şuşa istiqamətində gedən döyüşlərə qatılıb. Prezident İlham Əliyevin sərəncamlarına əsasən "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

2021-ci ilin dekabr ayından isə Azərbaycan ordusunun komando qüvvələrində gizir rütbəsində xidmət edib. Məhəmməd 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısını alan zaman şəhidlik zirvəsinə yüksəlib. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün III dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

Dostları Məhəmmədi belə xarakterizə edirlər: çox mehriban, gülərüz, ünsiyyətcil və yardımsevər biri idi. Uşaqlıqdan çox zəhmətkeş biri idi. Dostları, döyüş yoldaşları onun vətənpərvər, qorxmaz və cəsur olduğunu, vətəni və döyüş yoldaşları uğrunda dəfələrlə özünü ölümün qarşısına atdığını deyirdilər. Valideynləri onun böyük-kiçiyə diqqətlə yanaşdığını, onu tanıyan hər kəs arasında çox böyük hörmət qazandığını söyləyirlər.

Bu gün hər birimiz üçün şəhid məzarları and yerinə çevrilib. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur. Hamı kimi, onların da bütöv görmək istədiyi Qarabağda üçrəngli Azərbaycan bayrağı vüqarla dalğalanır.

M.CƏFƏROV,

"Respublika".